Əsas Səhifə > Gündəm, Manşet > OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB

OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB


6-04-2013, 10:41
OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB
ARİF QARAŞOVDAN FHN ŞEFİNƏ KEÇƏN BAZAR YERİ İNDİ NN-NƏ AİDDİR

DİA.AZ: - Hələ sovet dövründə Bakıda məşhur olan və bir neçə il əvvəl sökülmüş “Şüşəli bazar”ın yerində yeni ticarət mərkəzi tikilir. Yasamal rayonu ərazisində, H.Cavid prospektində yerləşən bu məşhur ticarət obyekti vaxtilə yüzlərlə insanın çalışdığı bazar olub. 2005-ci ildən fəaliyyətini dayandırdıqdan sonra burada çalışan ticarətçilər paytaxtın digər bazarlarına üz tutdu. 2010-cu ildə isə obyekt hasara alındıqdan təxminən bir il sonra, 2012-ci ilin aprelində tamamilə dağıdıldı.

Bildirək ki, hazırda keçmiş bazarın sahəsində tikinti işləri aparılır. Yeni obyekt isə ticarət mərkəzi olacaq. Obyektin mühafizəçisi bizimlə söhbətində bildirib ki, “Şüşəli bazar” xeyli müddətdir ki, sökülüb və onun yerində ticarət mərkəzi tikiləcək. Artıq ticarət mərkəzinin bir neçə mərtəbəsi tam olmasa da qaldırılıb. İşlər davam etdirilir. Ticarət mərkəzinin birinci mərtəbəsi avtomobil dayanacağı olacaq. Yəni mərkəzə gələn müştərilər avtomobillərini obyektin dayanacağında saxlaya və rahat şəkildə alış-veriş edə biləcəklər.

Ətrafdakı sakinlərlə söhbətimizdən məlum olub ki, bazar ətrafında uzun müddət söz-söhbətlər dolaşıb. Hüseyn Cavid prospektində yerləşən həmin köhnə bazarın sökülməsinin söhbəti hələ 2004-cü ildən aparılıb. Sakinlər bildiriblər ki, əvvəllər sözügedən bazarda meyvə-tərəvəzdən tutmuş, ət və ət məhsullarına qədər hər şey satılırdı. Bu isə onların işini asanlaşdırırdı. Bazar söküldüyündən bir neçə ildir ətraf ərazilərdə yaşayan sakinlər tələbatlarını ödəmək üçün nisbətən uzaq bazarlara üz tutmaq məcburiyyətində qalıblar.

Yasamal Rayon İcra Hakimiyyətindən “Şüşəli bazar”ın fəaliyyətini çoxdan dayandırdığını təsdiqləyiblər. Bildirilib ki, bazar dövlət mülkiyyəti olmayıb və çoxdan özəlləşdirilib. Onun yerində isə başqa obyekt tikiləcək.

Bazarın yerində hansı obyektin tikildiyi və onun kimə məxsus olduğu barədə rəsmi mövqe öyrənməyə çalışdıq. Ancaq nə tikinti icraçıları, nə də aidiyyəti qurumlar bu barədə məlumat verməyiblər. Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov deyib ki, “Şüşəli bazar”ın yerində nəyin tikildiyi və onun kimə məxsus olduğu barədə dəqiq məlumata malik deyil: “Tikinti işi ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi məşğul olur. Ora müraciət edin. Rayon ərazisində çox şeylər olur, ancaq bu iş onlara aiddir”.

Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsindən isə nəsə əldə etmək mümkün olmayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin ictimai əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov isə bildirib ki, bu məsələ ilə müvafiq rayon icra hakimiyyəti məşğul olur. Çünki hər hansı obyektin layihə-smetasını, eskizini icra hakimiyyəti təsdiqləyir.

Əmlakın kimə məxsus olduğuna gəlincə, Qulu Xəlilov bildirib ki, bu barədə məlumatı yoxdur. Ancaq rəsmi müraciət olunarsa, məlumat verilə bilər.

Qeyd edək ki, araşdırmalarımız nəticəsində o da məlum olub ki, ticarət mərkəzinin layihəsi ARGON MMC-yə məxsusdur. Mərkəzin tikintisini isə GLASS Plaza MMC sifariş verib.

O da məlum olub ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, ZQAN Holdinqin inzibati binasının, “Delfin” otelinin, “Kəhrəba” restoranının və “Baghlan Group” FZCO-nun ofisinin layihəsi də yaşayış və ictimai binaların tikintisi və layihələndirilməsi ilə məşğul olan ARGON MMC-yə məxsusdur.

DİA.AZ bildirir ki, əslində elə buradan məsələnin nə yerdə olduğunu müəyyən etmək o qədər də çətin deyil. Yəni “Şüşəli bazar”ın yeni sahibinin əslində NN şefi Ziya Məmmədova yaxın şəxslər olduğu şübhəsizdir. Amma buna qədər bazar tamam fərqli əllərdə olub və elə bu səbədəndir ki, bazarın yerində nəyin tikiləcəyi uzun müddətə qaranlıq qalıb.

«Şüşəli bazar»ın sahibinin kim olması haqda DİA.AZ-a danışan mənbə maraqlı faktları açıqladı. Bu haqda bizi bilgiləndirən mənbə qeyd edir ki, həmin bazar vaxtilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsus imiş. O da, zamanında bazarı öz adına özəlləşdirməklə sənədləşdiribmiş. Elə ki, A.Qaraşov daşıdığı vəzifədən uzaqlaşdırılır, ona qarşı xüsusi bir hücum kampaniyasına start verilir. Və çox keçmədən A.Qaraşova məxsus obyektlərdən bir çoxu əlindən alınır. «Şüşəli bazar» da bu sırada olan obyektlərdən biri olur.

Əldə etdiyimiz digər məlumatlarda o da bildirilir ki, sonradan ərazi Fövqəladə Hallar Nazirliyinin şefi Kəmaləddin Heydərovun nəzarətinə kerçir. Və nazir ərazidə «Gilan» adlı yeni ticarət mərkəzini tikdirəcəyini planlaşdırır. Amma bu baş tutmur. Və məlum olur ki, artıq əraziyə nəzarət Ziya Məmmədovun əlindədir.

OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB
OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB
OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB
OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB
OLİQARXLARIN “ŞÜŞƏLİ BAZAR” SAVAŞI BİTİB
Geri qayıt