Əsas Səhifə > Cəmiyyət > GORANBOYUN İCRA BAŞÇISININ OĞLU ÖLKƏDƏN QAÇDI

GORANBOYUN İCRA BAŞÇISININ OĞLU ÖLKƏDƏN QAÇDI


8-04-2013, 13:19
GORANBOYUN İCRA BAŞÇISININ OĞLU ÖLKƏDƏN QAÇDI
RAYONA BUNUNLA BAĞLI KOMİSSİYA GÖNDƏRİLİB

DİA.AZ: - Xəbər verdiyimiz kimi, hələ bir müddət əvvəl tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub. İmişli və Goranboy rayonlarında yenidənqurma və təmir işlərini həyata keçirən şirkətin rəhbərinin həbsinin sifarişçisi qismində isə Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin adı çəkilir.

Qeyd edək ki, elə Müqayis Verdiyev Prezident İlham Əliyevə etdiyi müraciətində də bu məsələni vurğulayıb. O bildirmişdi ki, Goranboy rayonunda həyata keçirilən təmir-tikinti işləri ilə bağlı tenderin icrasının bir hissəsi ona həvalə olunub. Belə ki, məlum tenderi «Fəqan-Xidmət» firması udub və onun ümumi dəyəri 1,3 milyon manat olub. Verdiyev müraciətində vurğulayırdı ki, bu firma Nizaməddin Quliyevin oğluna məxsusdur və icra başçısı da oğlunun daha çox pul qazanmasını təmin etmək üçün tenderdə onu qalib elan etdirib.

Lakin «Fəqan-Xidmət»in rəhbəri tenderin pullarını mənimsəyərək, atası üçün ikinci bir problem yaradıb. Daha doğrusu, icra başçısının oğlu Mingəçevirdə bir dəfə «qəhrəmanlıq» edib. Belə ki, o, Kapital Bankın Mingəçevir şəhər filialına rəhbərlik etdiyi vaxtlarda, üst-üstə 500 min manat pulu xalq artistlərindən birinə xərcləyib. Həmin xalq artisti ilə birlikdə xaricdə gəzib-dolanan sözügedən şəxs sonradan borca düşüb və vəziyyət Kapital Bankın rəhbərliyinə çatdıqdan sonra isə işdən çıxarılıb. Bu vaxtı da atası işə qarışaraq, oğlunu 500 minlik borcdan xilas edib.

Amma baş verənlərdən nəticə çıxarmayan oğul Quliyev tenderin də pullarını mənimsəyərək, atasını yenidən çətin vəziyyətə salıb. Sahibkar bununla da bağlı qeyd edir ki, Nizaməddin Quliyev oğlunu oyundan çıxarmaq üçün «günahkar» axtarışına başlayıb. Və çox keçmədən 1,3 milyon manatlıq tenderin cəmi 256 min manatlıq hissəsi üzrə təmir işləri aparan Müqayis Verdiyev qurban seçilir.

Sonradan məlum olur ki, Goranboy rayonunda ona qarşı kampaniya təşkil olunur və bu prosesə bilavasitə rayon icra başçısının müavini Baxşeyiş Abdullayev rəhbərlik edib. İcra başçısı Nizaməddin Quliyevin göstərişi əsasında bir qrup fəhləni İcra Hakimiyyətinin binası qarşısına toplatdırıb, onları Müqayis Verdiyevə qarşı qaldıran Abdullayev sahibkarın həbsi üçün hazırlanmış planı icra etməyə start verir. Beləliklə, sözügedən iş adamı həbs olunur və günahsız yerə hələ hə həbsdə yatır.

Qeyd edək ki, Müqayis Verdiyevlə Nizaməddin Quliyev arasında yaranmış problemin əsas səbəblərindən biri də sahibkarın gördüyü işlərin müqabilində nəzərdə tutulan pula istəməsi olub. Belə ki, işləri görən Müqayis Verdiyev bunun müqabilində 100 min manat alıb. Yerdə qalan 156 min manatı tələb etdikdə isə həbs etdirilir. Lakin sonradan məlum olur ki, aksiyaya dəvət edilmiş fəhlələri aldadıblar. Onlar özləri də yazılı şəkildə müraciət edərək, Müqayisə Verdiyevlə problemləri olmadıqlarını, əmək haqlarını vaxtında aldıqlarını bildiriblər. Qeyd ediblər ki, onların əmək haqqı borcları «Fəqan-Xidmət»in işlərinə görə yaranıb.

Aldığımız son məlumatlara görə, Müqayis Verdiyev Prezidentə müraciət etdikdən sonra vəziyyət dəyişib. Belə ki, rəsmi qurumlardan Goranboya yoxlama komissiyası göndərilib. Onlar «Fəqan Xidmət» firmasının fəaliyyətini araşdırdıqdan sonra qərar verəcəklər. Bu isə icra başçısı Nizaməddin Quliyevin oğlunun həbsinə belə gətirib çıxara bilər.

Elə bu səbəbdəndir ki, icra başçısı oğlunu həbsdən xilas etdirmək üçün onu ölkədən qaçırmalı olub. Rayondan aldığımız məlumata görə, Nizaməddin Quliyevin oğlunun tez bir zamanda ölkədən çıxarılması üçün atası qəfil qərar verib. Bunun ardından isə oğlunun işlərini yoluna qoymaq məqsədi ilə icra başçısının yuxarı dairələrlə danışıqlar apardığı vurğulanır.

DİA.AZ olaraq məsələni araşdırmaq üçün «Fəqan Xidmət» firmasının rəhbəri ilə əlaqə saxlamaq istədik. Lakin onun telefonu bağlı olduğundan məsələyə münasibətini öyrənə bilmədik.

Geri qayıt