Əsas Səhifə > Güney Press, Araşdırma > BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR9-04-2013, 09:24 |
PARKLAR BU GÜN ZİBİLXANAYA ÇEVRİLİB Son günlər havalar xoş keçdiyindən Bakının park və bağlarında gəzintiyə çıxanların sayı artır. Buna paralel olaraq, paytaxtdakı park və bağlarda abadlıq işləri, yaşıllıqlara qulluq sahəsində də canlanma müşahidə olunur. Başqa sözlə, yay mövsümünün başlanması ilə Bakının park və bağlarında, yolqırağı ərazilərdəki yaşıllıq zolaqlarına diqqət xeyli artıb. Görəsən, bu canlanma Bakının bütün park və bağlarında müşahidə olunurmu? Son bir neçə ildə paytaxtda yenicə salınmış və tikintisinə böyük məbləğdə dövlət vəsaitlərinin xərcləndiyi istirahət parkları yay mövsümünə hazırdırmı? Bu sahədəki gerçək vəziyyəti öyrənmək üçün Bakının mərkəzi ərazilərində yerləşən bir neçə istirahət parkına baş çəkdik. Nəsimi rayonundakı «Koroğlu parkı»nda bir fəhlə heykəli su ilə yuyaraq təmizəyir, digəri ətrafdakı yaşıl çəmənliyi suvarırdı. Parkda gəzintiyə gələnlərin sayı az idi. Həmsöhbət olduğumuz ziyarətçilər deyirlər ki, əvvəllər bu parkda ətrafa kölgəlik salan hündür və qollu-budaqlı ağaclar vardı. Amma ötən il burada xalq qəhrəmanı Koroğlunun Qırat üzərində heykəli qoyulan zaman ağacların bir hissəsi kökündən çıxarılıb. Oturacaqlar Günəş şüalarının düşdüyü yerlərdə qurulub. Ona görə də bu parkda ya səhərlər, ya da axşam Günəş batdıqdan sonra istirahət etmək mümkündür. Parkda suvarılma işləri aparan Bakı Şəhər Yaşıllaşdırma Departamentinin fəhlələri də ziyarətçilərin iradlarını qəbul edirlər. Onlar problemin hələ bir neçə il davamlana biləcəyini vurğulayırlar. Çünki «Koroğlu parkı»nda əkilmiş körpə tinglərin boy atıb şaxələnməsi, kölgəlik salması yalnız bir neçə ilə başa gələcək. «Məmmədyar bağı»nın adı var, özü yox… Elə həmin ərazi ilə həmsərhəd olan «Məmmədyar bağı»nda doğranmış ağaclara, ətrafa atılmış daş-çınqıla, yolunmuş yaşıl otlara və digər tullantılara rast gəldik. Baxımsızlıqdan ərazidəki ağaclardan bəziləri tamam qurumuş, bir qisminin isə qol-budağı kortəbii doğranaraq ətrafa atılmışdı. Oradakı bəzi ağaclar və otlar kortəbii böyümüşdü. Burada bir neçə il öncəyə qədər fəaliyyət göstərmiş məşhur «Vışka» kinoteatrının binasının kirəmit hissələri yararsız hala düşüb. Onun divarlarındakı suvaqlar və mərmər üzlük daşlar uçub-dağılıb. Vaxtilə kinoteatr binasının kassa və administratorun kabinetlərinə açılan pəncərələrin çərçivələri də sökülüb. Ətrafı işıqlandırmaq üçün binanın hər tərəfinə düzülmüş elektrik fənərləri sındırılıb, onların elektrik xətləri isə kəsilərək doğranıb. «Vışka»nın girişindəki daş və mərmər pilləkənin sütunlarının üzlük daşları da tamam dağılıb. Bağdakı oturacaqlardan bəziləri sındırılıb, bəziləri isə yağış, qar və küləyin təsirindən yararsız hala düşüb. Bağdakı «Timsah-ilan» abidəsinin ətrafında salınmış fəvvarədə vaxtilə fəaliyyət göstərən fontan kompleksindən yalnız biri salamat qalıb. Lakin həmin qurğu işləmədiyindən pas atıb. Bu, azmış kimi, yaxınlıqdakı su kəmərinə birləşdirilmiş plastik borudan fəvvarənin hovuzuna su axır. Hovuzun içərisi isə natəmizdir, burada hətta məişət tullantılarına da rast gəlmək olur. Fəvvarəni əhatələyən beton sədlərin bir neçə yerindəki üzlük daşları da dağılıb. Burada qara mərməri dağıdıldığından istismara yararsız süni çeşməyə də rast gəldik. Çeşmənin arxa tərəfində kortəbii inkişaf edən çəmənlik, oraya qoyulmuş zibildaşıyan maşın və ekskavator, kənardan daşınaraq gətirilmiş torpaq topası da vardı. “Yuyunmağa su tapmırıq” «Məmmədyar bağı»nda gəzintiyə çıxmış ağsaqqallarla həmsöhbət olduq. Arif Məmmədov adlı sakin deyir ki, asudə vaxtını səmərəli keçirmək üçün bu istirahət parkındakı çayxanaya tez-tez gəlir. Amma buradakı antisanitariya, zibillik, «Timsah-ilan» fəvvarəsinin üfunət qoxuyan mənzərəsi onun əhvalını xeyli korlayır: “Yaşlı adamam, uzaqdakı parklara gedə bilmirəm. Yaxınlıqdakı binada yaşayan və mənim kimi yaşlı adamların əksəriyyəti buraya gəlir. Gərək aidiyyəti qurumlar bu barədə ciddi düşünsünlər, mənim kimi ağsaqqalların xoş istirahətlərinin qeydinə qalsınlar». Zəngilan rayonundan məcburi köçkün Mustafa dayı isə asudə vaxtını səmərəli keçirmək üçün Bakının nisbətən abad parklarına gedir: «Bu günədək demək olar ki, paytaxtın bütün istirahət mərkəzlərində olmuşam. Amma hələ də özümə münasib bir park və bağ tapmamışam ki, istirahətimi xoş keçirmək üçün daim ora gedim. Məni ən çox narahat edən odur ki, yayın qızmar günlərində park və bağlarda əl-üzümüzü yumağa su tapmırıq. Süni bulaqlar, yaxud çeşmələr yoxdur. Olanları da ya işləmir. Buradakı süni bulaq da dağılıb». Baxımsız qalan bağlar Bakı Şəhər Yaşıllaşdırma Departamentinin Rəşxan adlı ağsaqqal əməkdaşı isə qeyd edir ki, bir müddət əvvəl «Məmmədyar bağı»nın əsaslı təmiri nəzərdə tutulmuşdu. Amma «Koroğlu parkı» plana salındığından əsaslı təmir təxirə salınıb. Sakinlərin iradlarını səmimi qəbul edən həmsöhbətimiz nəzarətsizlik və baxımsızlıq üzündən təkcə «Məmmədyar bağı»nın deyil, bəzi park və bağların da xaraba qaldığını deyir: «Son zamanlar həmin istirahət mərkəzləri bizim departamentin balansına verilib. Amma baxımsız qalan parların əsaslı təmiri üçün kifayət qədər maliyyə vəsaiti lazımdır». Parklarda bulaqların olmamasına gəlincə, Rəşxan dayı bu məsələdə günahı park və bağların yenidənqurulması ilə məşğul olan təşkilatları qınayır. Onun sözlərinə görə, bəzi istirahət mərkəzlərinin layihəsində bu məsələyə yer ayrılmır. Hətta bəzi yerlərdə belə çeşmə və bulaqlar olsa da, fəaliyyət göstərmir. «Elmlər Akademiyası bağı»nda da yabanı otlar və ağacların qol-budaqları kortəbii boy atıb. Amma son günlər bura da da yabanı otların biçilməsinə, yaşıllıqların suvarılmasına, ağaclara qulluq göstərməyə başlayıblar. Bakı Şəhər Yaşıllaşdırma Departamentinin aqronomu Vaqif Abutalıbov «Elmlər Akademiyası bağı»nda mövsümə hazırlıq tədbirlərinə hələ ötən ayın əvvəlindən başlandığını deyir: «Kənardan baxanlar elə bilirlər ki, abadlaşdırma və yaşıllaşdırılma işlərinin icrası gecikib. Amma hər şey qrafik üzrə gedir. Bağdakı fəvvarə də işlək vəziyyətə gətirilib. Burada təzə lalələr və süsənlər əkilib. Yaxın zamanlarda «Elmlər Akademiyası bağı» öz simasını tamamilə dəyişəcək». Təbriz Vəfalı Geri qayıt |