Əsas Səhifə > Siyasət, Manşet > SURƏT HÜSEYNOV PREZİDENT OLMAQ İSTƏYİR

SURƏT HÜSEYNOV PREZİDENT OLMAQ İSTƏYİR


3-12-2011, 14:05
SURƏT HÜSEYNOV PREZİDENT OLMAQ İSTƏYİR

KEÇMİŞ BAŞ NAZİR YENİ PARTİYA YARADIR

DİA.AZ: - Daha bir sabiq baş nazir siyasətə qayıtmaq niyyətindədir. Bu barədə redaksiyamıza çox ilginc məlumatlar ötürülüb. Belə ki, mötəbər qaynaqların bildirdiyinə görə, zamanında azərbaycanda çox populyar isimlərdən olmuş və hətta baş nazir postuna qədər yüksəlmiş, sonradan qolları qandallanan və prezident İlham Əliyev tərəfindən əfv olunan Surət Hüseynov deyəsən, yenidən siyasətə dönmək fikrindədir.

Gəncədəki qaynaqların bildirdiklərindən belə aydın olur ki, bu günlərdə Surət Hüseynov öz tərəfdarları ilə Gəncədə böyük bir məclis təşkil edib: «Həmin məclisdə həm Gəncənin və həm də digər şəhərlərin xeyli nüfuzlu adamları iştirak edirdi. Məclisdə çox ciddi müzakirələr aparılmaqla yanaşı, Surət Hüseynov tərəfindən hamını şoka salan bir qərar da elan olunub. Surət Hüseynov məclis iştirakçılarına bildirib ki, təkrar siyasi fəaliyyətini bərpa edir və hətta prezidentliyə belə iddialıdır».

Onu da bildirək ki, günü bu gün də Gəncədə və eləcə də Gəncəbasar bölgəsində böyük nüfuza sahib olan Surət Hüseynovun Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğu söylənilir. Elə 1993-cü ilin məlum olayları zamanı keçmiş korpus komandirinin o zamankı qanuni hökumətə qarşı qiyam etməsinin sifarişinin də Kremldən gəldiyi məlumdur.

Məlumatlı mənbələr bildirir ki, son zamanlar keçmiş prezident Ayaz Mütəllibovun gəlişinə şəraitin yaradıldığı bir məqamda Azərbaycanın iç siyasətində yenidən möhkəmlənmə fürsəti əldə edən Rusiya dairələri buna paralel olaraq bir sıra addımları da atmağı düşünürlər ki, burada köhnə qüvvələrin toparlanması da nəzərdə tutulur. Ona görə də Surət Hüseynovun fəallaşmasının arxasında da Rusiyanın xüsusi xidmət orqanlarının dayanma ehtimalları yüksəkdir.

Məlumatlı mənbələrin «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) ötürdüyü xəbərə görə, Surət Hüseynov Rusiyada olarkən dəfələrlə Ayaz Mütəllibovla görüşüb və onunla çox səmimi münasibətləri mövcuddur. Hətta keçmiş prezidentin övladının dəfninə Surət Hüseynovun adından qara əklilin göndərildiyi və çox ciddi məbləğdə yardımın ayrıldığı da bildirilir.

Gəncədəki qaynaqlar isə iddia edirlər ki, Surət Hüseynov bir neçə gün əvvəl baş tutan məclisdə (Surət Hüseynovun şəxsən bu məclisi Böyük Dönüş Toplantısı adlandırdığı bildirilir -red.) siyasətə qayıtması xəbəri ilə yanaşı, toplantı iştirakçılarına yeni partiyanın yaradılmasının vacibliyindən də danışıb: «Surət Hüseynov bildirib ki, hzırki müxalifət Amerikaya nökərçilik edir. Hakimiyyət isə xalqa qənim kəsilib. Bu qüvvələrin hər ikisi Azərbaycana, Azərbaycan xalqına düşmənçilik etdiyindən onlardan can qurtarmaq lazımdır. Daha sonra Surət Hüseynov bəyan edib ki, o, bir dəfə Azərbaycanın şəklini dəyişib və nəticədə bugünkü hakimiyyət qüvvələri peyda olublar».

Mənbə bildirir ki, YAP-ın iqtidara gəlməsində böyük rol oynadığını iddia edən Surət Hüseynov YAP-ı ancaq özünün iqtidardan sala biləcəyini də məclisdə söyləyib: «İsa Qəmbərin, Əli Kərimlinin bu hakimiyyəti yıxa bilməyəcəyini bildirən keçmiş baş nazir deyib ki, YAP-ın dilini ancaq o bilir».

Bu məqsədlə yeni siyasi partiyaya htiyac olduğunu söyləyən Surə Hüseynova məclis iştirakçılarının da dəstək verdiyini bildirən mənbəmiz yaxın günlərdə həm yeni partiyanın elan olunacağını və həm də quruculuq işlərinə start veriləcəyini gözləməyinə dəydiyini də qeyd etdi.

Onu da qeyd edək ki, gələn məlumatlarda Surət Hüseynovun Ayaz Mütəllibovun gəlişinə tədarük gördüyü də bildirilir və vurğulanır ki, keçmiş baş nazirlə keçmiş prezidentin eyni siyasi təşkilatda birləşməsi də mümkündür. Bu barədə Surət Hüseynovun işarə və yhamlarla danışdığını bildirən mənbəmiz onu da bildirdi ki, keçmiş baş nazir Ayaz Mütəllibova böyük ehtiramının olduğunu gizlətməyib və bildirib ki, o, əslində ilk əvvəl Ayaz Mütəllibovu gətirmək istəyirmiş: «Surət Hüseynov deyib ki, o, Əbülfəz Elçibəydən və onun hakimiyyətindən Mütəllibovun qisasını alıb».


Geri qayıt