Əsas Səhifə > Hadisə, Manşet > ERMƏNİLƏRİN MÜHARİBƏ QORXUSU

ERMƏNİLƏRİN MÜHARİBƏ QORXUSU


3-12-2011, 15:27
ERMƏNİLƏRİN MÜHARİBƏ QORXUSU

“JAMANAK” QƏZETİ: “AZƏRBAYCAN SÜRƏTLƏ SİLAHLANIR, BƏS BİZ?”

DİA.AZ: - Ermənilər Azərbaycanın Qarabağda yenidən hərbi əməliyyatları bərpa edə biləcəyindən çox ciddi şəkildə ehtiyat edirlər. Bunu onların gündəlik mətbuatlarındakı mövzu işləmələrindən də açıq-aydın duymaq olur. Əsasən, Azərbaycana qarşı aqressiya dolu məlumatlara yer verən düşmən ölkə mediasında bir məsələ xüsusi olaraq müzakirə olunmaqdadır: «Azərbaycan müharibəyə başlayarsa, Ermənistan hansı yolla müdafiə olunacaq».

Bu məsələni müzakirə edən Ermənistanın «Jamanak» qəzetində yer alan yazıda vurğulanır ki, Azərbaycan son illərdə sürətli şəkildə silahlanır: «Doğrudur, Ermənistanın da silahlanması prosesində yubanma müşahidə olunmur. Amma maddi imkanlar baxımından Azərbaycan daha şanslı mövqedə dayandığından Ermənistan silahlanmada daha çox Rusiyanın bazarlarına üz tutur».

Yazıda bildirilir ki, Rusiya Ermənistana həm qiymət endirimində, həm də silahlanma seçimində əsas dəstəyi verən tərəfdir: «Bu gün təsadüfi deyil ki, Türkiyədən və İsraildən gəlmiş zabitlərin hazırladığı Azərbaycan ordusunun qarşısına çıxarılacaq Ermənistan ordusu məhz rusiyalı mütəxəsislərin nəzarəti altındadır. Bu gün Ermənistanın əsas hərbi kadr bazası Rusiyanın hərbi məktəblərinin hesabına formalaşır».

Daha sonra müaribənin başlayacağı təqdirdə Azərbaycanın hansı addımları ata biləcəyini və Ermənistanın hansı formada müdafiə olunacağını müzakirə edir və bu məqsədlə erməni hərbi ekspertlərini də danışdırır. Yazıda bildirilir ki, Azərbaycanla Ermənistan ordusunun silahlanma baxımından inkişaf templəri yaxın olsa da, dəst-xətt və üslub məsələsində xeyli dərəcədə fərq var: «Ermənistan hələ də köhnə sovet, yəni rus sistemi ilə ordu quruculuğu fəaliyyəti ilə məşğuldur, Azərbaycan isə NATO sisteminə tam olaraq keçib. Doğrudur, bu gün Ermənistan NATO ilə əməkdaşlığını davam etdirir və Ermənistanın hərbi birləşmələri NATO-nun nəzarətində olan bir sıra münaqişə zonalarında yerləşdirilib. Amma bir-iki taqım hesabına başdan-başa NATO sistemini uyğulayan bir ordu ilə üz-üzə gəlmək heç də asan olmaya bilər».

Daha sonra Azərbaycan və Ermənistan tərəflərinin malik olduğu silahları müqayisə edən və xüsusi olaraq Azərbaycanın özünün hərbi sənaye yaratma yolundakı addımlarını müzakirə edən erməni qəzetində vurğulanır ki, bu istiqamətdə Ermənistan Azərbaycandan xeyli geri qalıb: «Doğrudur, birinci Qarabağ savaşı ermənilərin xeyrinə bitib. Amma növbəti savaşda ermənilərin eyni qələbəni əldə edə bilməsi imkansız görünür».

Erməni mətbuatı etiraf edir ki, bu əgər bir tərəfdən orduların silahla təminatı məsələsində özünü göstərirsə, digər yandan Milli ruhla bağlı olan məqama da xüsusi önəm verilir: «Ermənilərlə müqayisədə daha imkanlı şəraitdə yaşayan azərbaycanlılardan ibarət ordunun hərb meydanında nailiyyət qazanması psixoloji baxımdan da real görünür». Qəzet yazır ki, son illər ərzində maddi rifah halı baxımından Ermənistan çox geridə qalıb. Azərbaycan paytaxtı və Azərbaycanın digər şəhərləri sürətlə inkişaf edir. Ermənistan isə Sovetlər Birliyindən qalma görüntüsünü sanki bir tarixi abidə olaraq qoruyub saxlamaqdadır: «Bütün bunlar ümumi psixologiyaya təsir edən məsələlərdir. Bu gün Azərbaycanda müşahidə olunan sürətli inkişafın yarada biləcəyi təəssüratı hətta 20 illik Azərbaycan diktaturası da dağıda bilməz. Çünki artıq azərbaycanlılar fərqli atmosferdə tərbiyə alırlar və onların qısa müddət içində Qarabağ uğrunda savaşa köklənmələri ani bir təbliğatın işidir».

Erməni qəzeti etiraf edir ki, amma İrəvanda mövcud olan siyasi rejim son illərdə yalnız ermənilərin Ermənistandan qaçaq düşməsinə nədən olub: «Bu gün Ermənistanda yalnız 2 milyon əhali qalıb. Azərbaycanda isə hazırda 6 milyonya yaxın insan yaşayır. Bunun özü də müharibədə qələbənin əldə olunması üçün vacib şərtlərdən biridir. Azərbaycanda saxlanılan ordu da Ermənistandakı hərbi və yarımhərbi birləşmələrdən qat-qat üstündür. Həm silahla təchizat və həm də say baxımından. Azərbaycanda Milli ordu, sərhəd qoşunları, daxili qoşunlar, çevik polis alayı, mühafizə birlikləri, fövqəladə hallar qoşunları və digər adlar altında böyük bir ordu müharibə gününü gözləməkdədir».

«Jamanak» qəzetində yer alan materialdan ermənilərin rəsmi Bakının «müharibə variantına əl ata bilərik» çağırışlarının da ciddiyə alınması erməni hakimiyyəti üçün tövsiyyə olunur: «Ola bilsin ki, bu gün rəsmi Bakı bleflə məşğuldur və yaxud da sırf olaraq ictimai rəyi hesablayaraq bu cür açıqlamalar verir. Amma sabah bunun belə qalacağına kimsə təminat verə bilməz. Artıq azərbaycanlıların danışıqlar masasındakı yorğun davranışlarını kənardan da sezmək mümkündür».


Geri qayıt