Əsas Səhifə > Şou-biznes > “BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"

“BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"


3-12-2011, 15:45
“BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"

“ONDA HƏR ŞEY BAŞQA CÜR İDİ”

Əvvəllər sənətə, istedada qiymət verilirdi. İndi sənətə gələnlərin əksəriyyəti istedadlı yox, yalnız maddi cəhətdən imkanlıdırlar. Bu gün şou-biznes aləminə gəlib ucuz populyarlıq qazanmaq çox asandır. Elə istedadlar var ki, maddi imkansızlıq ucbatından ortaya çıxa bilmirlər.

Müğənni Arzu Rzayev "Ekspress"ə verdiyi müsahibəsində belə hesab edir və gənc müğənnilərin ifası onu qane etməsə də, hamısına gələcəkdə "yaxşı sənətçi" olmağı arzulayır.

- Gənc müğənnilər sizi qane edirmi, onların gələcəyini necə görürsünüz?

- İndiki zamanda hər şey maddi imkanlara bağlıdır. İndi sənətə, şou-biznes aləminə gəlmək çox rahatdır. Pul olan yerdə hər şey etmək mümkündür. Amma necə deyərlər, hər oxuyan Molla Pənah olmaz. İndi sənətə gələnlərin bəziləri sənətə qazanc mənbəyi kimi baxırlar.

Düzdür, biz peşəkar sənətçilər də sənətə qazanc mənbəyi kimi baxırıq. Ancaq bizim üçün ilk növbədə sənətdir, sonra qazanc. Çünki biz artıq sənət məktəbini keçmişik. Bizim də sənətdə çətinliklərimiz olub. Mən ötən əsrin 80-ci illərində sənətə gəlmişəm. Onda hər şey başqa cür idi. Bir telekanal, bir də radio var idi. Hər şey də pulsuz idi.

İndi eşidirəm, görürəm ki, bəzi verilişlər, yığıncaqlar var ki, sənətçi oradan bir şey almaq əvəzinə, sənətçidən pul istəyirlər. Yəni "bu qədər ver, sonra gəl, mahnı oxu". Altdan-altdan xəlvəti işlər görürlər. Amma mənim üçün bir şey maraqlıdır, öz sənətçilərindən pul alıb mahnılarını verirlər, bəs görəsən, xarici müğənnilərin mahnılarını da pul alıb verirlər?

Sualın cavabına gəldikdə isə, hər oxuyan Molla Pənah olmaz. Bu, kompüter proqramı deyil, hər kəsin öz dünyagörüşü var. Bir mahnını əlli adam oxuya bilər, həmin mahnı əlli cür alınar. Bilirsiniz, hər kəs nəyi necə qavrayırsa, elə də üzə çıxarır. Mən istəyirəm ki, bizim gənclərimiz kəmiyyətlə deyil, keyfiyyətlə fərqlənsinlər. Məsələn, bizim görkəmli sənətkarımız Rəşid Behbudov öz sənətində əvəzolunmaz idi. Lakin bilmirdi ki, ulduzluq nə olan şeydir. Ondan yaxşı insan da ola bilər, pis insan da, ancaq onu əvəz edə bilən insan heç vaxt ola bilməz.

Hər musiqinin isə öz dinləyicisi var. Güman edirəm ki, bir neçə il keçəndən sonra indiki gənclərimizdən, özləri dedikləri kimi, "ulduz" olacaq. İndi özlərini "ulduz adlandırırlar, qoy adlandırsınlar. Təki gələcəkdə sənətlərini qavrayıb yaxşı, tanınmış, kamil sənətçilər olsunlar. Nizami demişkən, kamil palançılıq yarımçıq papaqçılıqdan yaxşıdır. Bu misralar bizim gənclərimizə aiddir. Gərək yaxşı-yaxşı öyrənib sonra üzə çıxsınlar. Bir də, insan nə qədər yaşayırsa, bir o qədər öyrənməlidir. Yəni 100 il yaşa, 100 il öyrən.

- Qeyd etdiniz ki, sənətə 80-ci illərdə gəlmisiniz. O zaman imkanlar necəydi?

- Onda hər şey istedada bağlı idi, pula bağlı deyildi. Bir telekanal var idi, hər adamı da ora buraxmırdılar. Orada pul təklif edən adamı elə qovardılar ki, efir üzünə həsrət qalardı. Həmin vaxtlar bədii şura var idi. Özbaşınalıq hökm sürmürdü. Kim ki, sənətə gəlmək istəyirdi, bədii şurada ona qulaq asırdılar. Əgər bəyənilsəydi, mahnı qəbul olunurdu. Bəyənilməsəydi, daha o adamdan müğənni olmazdı.

Mənim dövrümdə Flora xanım, Mübariz Tağıyev, Tofiq Quliyev bədii şuranın üzvləri idilər. Onlar həqiqətən istedadlı sənətkardırlar. İndi də elə bir şura olsaydı, pis olmazdı. Müğənninin elə bir mahnısı qəbul olunmalıdır ki, o, "Qızıl fond"da saxlanılsın.

Mənim "Qızıl fond"da 50-yə yaxın mahnım var. Siz jurnalistlərin borcudur ki, bizə suallar verəsiniz, biz də lazım olan məsələlərə aydınlıq gətirək. Yoxsa indiki gənclər bilmirlər ki, "Qızıl fond" nədir. Elə bilirlər ki, qızıldan nə isə bir şeydir. Radionun, televiziyanın "Qızıl fond"u olur. Respublikanın yaxşı sənətçilərinin mahnıları həmin fondda saxlanılır. Aradan 50-100 il keçəndən sonra həmin mahnılar səsləndirilir və ömür boyu insanların yaddaşında qalırsan. Çox adam bunları bilmir.

Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, hər bir zonanın öz ləhcəsi var. Sənətə gəlmək istəyən adam çalışmalıdır ki, mahnı oxuyanda ləhcəsini az müddətə də olsa, yaddan çıxartsın. Gənclərimiz çalışmalıdırlar ki, mahnını ədəbi dildə oxusunlar. Meyxananı ədəbi dildə oxusan, gülməli alınar. Amma mahnılar ədəbi dildə oxunmalıdır. Ola bilər ki, kimsə mənim fikrimlə razılaşmasın.

- Neçə illərdir sənətdəsiniz. Nə qazandırıb bu sənət sizə?

- Bu sual həmişə məni maraqlandırır - sənət mənə nə qazandırıb? İstədiyimiz yerə gedə bilirik. Yəni bütün qapılar üzümüzə açıqdır. Məni tanıyırlar. Mənim pərəstişkarlarım hər yerdə var. Mən bütün pərəstişkarlarıma minnətdarlıq edirəm. Çünki onlar məni sevirlər. Bir də, mənim elə bir xasiyyətim var ki, gedib qapı döyməyi xoşlamıram. Əgər qapı açıqdırsa, girirəm içəri, bağlıdırsa, aralıdan ötüb keçirəm. Amma elə sənətçilərimiz var ki, qapıdan qovursan, pəncərədən girirlər.

- Bu gün sənətdən, musiqidən həzz ala bilirsinizmi?

- Muğamlardan həzz ala bilirəm, ələlxüsus da Ağaxan müəllimin ifasında.

Estradaya gəldikdə isə, mənə elə gəlir ki, bu gün Azərbaycanda estrada yoxdur. Bugünkü gənclərimizin oxuduqlarını estrada adlandırmazdım. Çünki hər şeyin sərhədi var. 80-ci illərdə biz toyu konsert kimi oxuyurduq. Artıq hərəkətlər etmək olmazdı. Əvvəllər toylarda utandığımızdan oxumadıqlarımızı indikilər bir az ora-burasını düzəldib efirdə oxuyurlar. Hərdən fikirləşirəm ki, adam gedə mahnının orijinalını ala, qoymaya kimsə oxuya.

- Toylara gedirsiniz?

- Əlbəttə. Professional sənətçinin əsas qazanc mənbəyi toylardır.

- Bir dinləyici kimi özünüzü kənardan müşahidə edəndə sənətinizdən razı qalırsınızmı?

- İstər sənətçi, istərsə də kim olursa-olsun, özündən razı qaldısa, elə həmin gün sənəti atsın. Çünki daha artım olmayacaq. Mən özümdən də, sənətimdən də razı deyiləm. Hələ nə etmişəm ki?!

- Həyatda addımbaşı rast gəldiyiniz dəyişikliklərə münasibətiniz necədir?

- Sözsüz, həyatda hər şey dəyişir. Həyat su kimi axıb gedir. Məsələn, insan var ki, bu gün sənə qardaş deyir, sabah salam vermir. Deyirlər, hər şey zamanla bağlıdır. Yox, bu belə deyil. Mən bu fikirlərlə razılaşmıram. Hər şey insanın əhatəsindən asılıdır. İnsan necə mühitə düşürsə, o cür davranış qaydasına malik olur. Ətrafında baş verən hadisələr, uğursuzluqlar insanı sarsıtmamalıdır. İnsan həmişə hamıya qarşı diqqətli, mehriban olmalıdır. Baş verən hadisələrə mənfi reaksiya verən insanlar aciz insanlardır.

- Taleyin sizə verdiyi ömür payından razısınız?

- Deyirlər, ümid sonda ölür. İnsan ümidlə yaşayır. İnsan desə ki, "mən artıq bütün problemlərimi həll etmişəm, hər şeyə çatmışam", artıq həmin adamın yaşamağının mənası yoxdur. Əlbəttə ki, mən elə fikirləşmirəm. Mənim hələ çox işlərim qalıb.

Bizim sənətlə bağlı olan insanlar hərdəmxəyal olurlar. Bu, həqiqətən də belədir. Hava günlü olmayanda, yəni Günəş görünməyəndə ürəyim darıxır. Bir də görürsən, sabah yaxşı bir planla yuxudan ayılırsan, amma iş elə gətirir ki, bütün planların boşa çıxır. Heç nə edə bilmirsən. "Şanslı insan" deyilən bir söz var. Bu həqiqətən də doğrudur. Elə adam var, özünü dağa-daşa çırpır ki, nə isə edə bilsin. Mən də həmişə çalışıram ki, nə isə qazanım. Taleyin verdiyi ömür payından razıyam da, razı deyiləm də...

- Geriyə boylananda ömrünüzün ötən illəri üçün təəssüflənirsinizmi?

- Keçən illər üçün təəssüflənirəm. Bilirsiniz, hansı illər üçün? Haradasa 20 il bundan əvvəl üçün. Nələr vardı o günlərdə! İndi isə hər şey adiləşib, mənasızlaşıb. Axı insan indi hər şeyi əldə edə bilir.

Nə bilim, vallah, oturub fikirləşəndə insanın ürəyi darıxır. O günlərə qayıtmaq istəyirsən. 20 il bundan əvvəl fikirləşirdim ki, görəsən, mən yaşa dolandan sonra necə olacağam? Bu gün-sabah 50 yaşım olacaq, ömrüm həmişə işləməklə, musiqi ilə, mahnıların içində keçib. Gərək insan ömrünü mənalı keçirsin...


Geri qayıt