Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYITDA MUSİQİLİ ANARXİYA

SUMQAYITDA MUSİQİLİ ANARXİYA


11-04-2013, 09:00
SUMQAYITDA MUSİQİLİ ANARXİYA
HƏLƏLİK KOLLEC RƏHBƏRLİYİ QORUNA BİLİR

DİA.AZ: - Mətbuatda Sumqayıt Musiqi Kollecində yer almış çoxsaylı neqativ hallara dair bir neçə tənqidi material dərc olunmuşdu. Kollecdə olan mənbələr tərəfindən DİA.AZ-a təqdim olunan məlumatlarda bu musiqi təhsili müəssisəsində yaranmış vəziyyət olduqca qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Hazırda kollecdə fortepiano, nəfəs alətləri, simli alətlər, zərb alətləri, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndə və vokal şöbələri fəaliyyət göstərir. Başqa texnikumlarda, kolleclərdə il ərzində 400-500 nəfər qəbul olursa, Sumqayıt Musiqi Kollecində il ərzində 80-100 nəfər qəbul olur. Bu səbəbdən də kollecdə cərəyan edən hadisələr hamının gözü qarşısında baş verir.

DİA.AZ-a daxil olan məlumatlarda da kollecin direktoru Rasim Quliyevin törətdiyi özbaşnalıqlar, işində yol verdiyi ciddi nöqsan və qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmışdır. Xüsusilə kollecə qeyri-qanuni tələbə qəbulu, semestr imtahanlarında həyata keçirilən icbari pul yığımları narahatlıq doğuran əsas amillər kimi qeyd olunur. Lakin bu əməllər də yol verilən pozuntuların yalnız bir hissəsidr. Təsadüfi deyildir ki, Təhsil Nazirliyinin Akkreditasiya Şurası da Sumqayıt Musiqi Kollecində dəfələrlə apardığı araşdırmaların nəticəsini qeyri-kafi olaraq qiymətləndirib. Kollecdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və burada çalışan pedaqoji heyətin ixtisas səviyyəsi də məqbul hesab olunmayıb. Məhz bu səbəblərə görə də kollecin akkreditasiya məsələsi barədə bir neçə dəfə mənfi rəy verilib.

Aşkar vurğulanıb ki, Sumqayıt Musiqi Kollecinin fəaliyyəti hələ də ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara cavab verə bilmir. Əlbəttə, kollecin direktorunun başı sürəkli pul yığımlarına qarışıq olduqca bu təhsil müəssisəsində hansı meyarlara üstünlük veriləcəyini də təxmin etmək çətin olmayacaq. Aldığımız məlumatlarda da bildirilir ki, ölkədə korrupsya və rüşvətxorluğa qarşı mübarizənin şiddətləndiyi dövrdə Rasim Quliyev öz fəaliyyətində yeganə bir dəyişiklik etmişdir. Bu dəyişiklik də ondan ibarətdir ki, indi artıq kollecdə pul yığımlarını bilavasitə həyata keçurən şəxs direktorun özü yox, onun müavini Yaşar Məmmədovdur. Bu dəyişiklik isə düşünürük ki, Akkreditasiya Şurasının müsbət rəyini almağa kifayət etməz. Amma Təhsil Nazirliyinin bu tədris müəssisəsində daha dərin araşdırmalar aparması üçün bu gün kifayət qədər əsas mövcuddur.

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin xüsusi komissiyası bu təhsil müəssisəsində yoxlama keçirmişdi. Kollecdə olan mənbənin verdiyi məlumata görə təftiş zamanı müəssisənin fəaliyyətində bir sıra maliyyə maxinasiyalarının, büdcə vəsaitlərinin mənimsənilməsi hallarının yer aldığı müəyyən olunmuşdur. Təbii ki, bu təftişin nəticələri Rasim Quliyevin özbaşınalıqlarına son qoymaq üçün yetərli əsas ola bilərdi. Lakin “təcrübəli pedaqoq” bu dəfə də yaxasını onu gözləyən cəzadan qurtara bilib. Ona yaxın olan mənbələr isə bildirirlər ki, bu dəfəki “yaxa qurtarma” əməliyyatı kollec direktoruna kifayət qədər böyük məbləğə başa gəlib.

Mövzu ilə bağlı digər yazılarımızda da qeyd olunmuşdu ki, milli musiqimizin təbliği, tədqiqi və inkişafı baxımından musiqi məktəblərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza təqdim olunan məlumatlarla tanışlıqdan da belə qənaətə gəlmək olur ki, bəzi müəssisə rəhbərləri bu vacib işin məsuliyyətini hələ də kifayət qədər qiymətləndirə bilmirlər. Bu səbəbdən gələcəyin ustad sənətkarlarının yetişdirilməsi baxımından fəaliyyəti zəruri sayılan musiqi məktəblərinin bir çoxunda bu gün yolverilməz özbaşınalıqlar müşahidə olunmaqdadır.

Geri qayıt