Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!

MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!


12-04-2013, 09:29
MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!
Xəbər verildiyi kimi, İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. 58 ölkədən 450-yə yaxın rəsmi şəxsin qatıldığı və həftənin sonunadək davam edəcək bu möhtəşəm tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. AzərTAc-ın məlumatına görə, toplantının bölmə iclaslarının birində çıxış edən nazir Misir Mərdanov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən danışıb...
Bəh-bəh! Axır ki, bunu da gördük! Vallah, utanmasan oynamağa nə var?! Amma neyləyək, oynayırlar, özü də lap şıdırğısından! Budur, adam indi də gedib İstanbulda keçirilən beynəlxalq toplantıda heç bir mənəvi diskomfort keçirmədən Azərbaycan təhsilindən danışır, təhsilindən də yox, onun nailiyyətlərindən! Yəni bağ belə, bostan elə, badımcan şələ-şələ... İndi yazıq toplantı iştirakçıları bu adama nə desinlər?! Desinlər ki, bəsdir, 15 il Azərbaycan xalqına söylədiyin bu içiboş moizələri indi də gəlib burada bizə sırıyırsan?! Yaxud dünya təhsilinin öncüllərindən olan Sinqapurun, Yaponiyanın, Finlandiyanın təhsil nazirlərindən biri durub desin ki, cənab Mərdanov, siz hər dəfə beynəlxalq təhsil qiymətləndirmələrinə görə siyahının sonunda yer almısınızsa və bu, nailiyyətdirsə, onda siyahının əvvəlindəki bizim yerimizin adı nədir? – Müvəffəqiyyətsizlik?! Bəlkə sizin nazirlikdə təhsil qiymətləndirmələri zamanı siyahıya tərsinə – aşağıdan yuxarı baxırlar?!
Doğrudan da, görəsən, Misir Mərdanov “nailiyyət” deyəndə nə başa düşür, yaxud nəyi nəzərdə tutur? Məsələn, elə bu günlərdə Milli Məclisin deputatı Asim Mollazadə “Azadlıq” radiosunun efirindən bütün dünyaya elan elədi ki, “Azərbaycanın təhsil sistemində islahatlar həyata keçirilmir, bu sistem rüşvətlə idarə olunan və diplom satan universitetlərə çevrilib”. Özü də bu sözləri hansısa “qərəzli” bir təhsil eksperti yox, millət vəkili dedi! Cənab Mərdanov, bəyəm rüşvət yığmaq, diplom, attestat satmaq təhsilimizin nailiyyətidir?
Ötən il ümumtəhsil məktəblərini bitirən məzunların böyük bir hissəsi qəbul imtahanlarında görünməmiş savadsızlıq nümayiş etdirdiklərinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məcbur olub bəzi qruplarda müsabiqə ballarını 250-dən 150-yə endirdi ki, universitetlərin auditoriyaları boş, müəllimllərsə iş-gücsüz qalmasın. Bəlkə nailiyyətiniz bu savadsız abituriyentlər ordusudur?
Üç gün öncə ölkə başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Çox mühüm, yerində və zamanında verilmiş sərəncamdır. Çünki Təhsil Nazirliyinin bəh-bəhlə müsabiqə qalibi elan edib külli miqdarda dövlət vəsaiti hesabına nəşr etdirdiyi bir neçə “Azərbaycan dili” dərsliyi TQDK tərəfindən çıxdaş edilib. Şübhə etmirəm ki, bu sərəncamın vəziyyətdən çıxmağa böyük köməyi dəyəcək. Belə çıxır, nazirlik neçə illərdir Azərbaycan dilinin anasını ağlatmaqla məşğul imiş? Bəlkə Mərdanov “nailiyyət” deyəndə, xarici dillər bir yana qalsın, öz ana dilində yazıb-oxumağı bacarmayan bisavad Novruzəlilər dəstəsini gözünün önünə gətirir?!
Dünyanın aparıcı universitetlərinin diplomları başqa ölkələrdə, xüsusən də, inkişaf etmiş ölkələrdə tanınır və həmin diplomların sahibləri tərəddüdsüz işə götürülür. Çünki bu diplomların arxasında əsl təhsil, əsl bilik və bacarıq dayanır. Amma bizim diplomların 99 faizi nəinki inkişaf etmiş ölkələrdə, heç Şərqdə də tanınmır. Niyə də tanınsın?! Bizim özümüzün dövlət orqanlarında, yumşaq desək, bu diplomların sahiblərinə çox vaxt qapını o biri tərəfdən bağlamağı “tövsiyə” edirlərsə, digər ölkələr niyə bunu etməsin?
Yəqin Mərdanov bir-iki günə geri dönəcək. Çox ehtimal ki, o, yan-yörəsində çalışanları toplayıb beynəlxalq tədbirdəki görüşləri barədə ağızdolusu danışacaq, yenə də həmin sözlər və həmin frazalar: bağ belə, bostan elə, badımcan şələ-şələ... Amma sayın Mərdanovdan bircə ricam var: Zirvə Toplantısında “Azərbaycan təhsilinin nailiyyəti” deyəndə nəyi nəzərdə tutduğunu açıqlasın ki, biz də eşidib feyziyab olaq...

Nadir İSRAFİLOV, təhsil eksperti

Geri qayıt