Əsas Səhifə > Sosial, Manşet > “ZAMİNBANK”IN GÖYÇAY FİLİALINDA ÖZBAŞINALIQ

“ZAMİNBANK”IN GÖYÇAY FİLİALINDA ÖZBAŞINALIQ


15-04-2013, 11:18
“ZAMİNBANK”IN GÖYÇAY FİLİALINDA ÖZBAŞINALIQ
RAYON SAKİNİ GÖYÇAYIN BİR ÇOX MƏMURUNA QARŞI İTTİHAM SƏSLƏNDİRDİ

DİA.AZ: - Göyçay rayon Kürdəmiş kənd sakini Səidə Babayevə mətbuata üzləşdiyi haqsızlıqlarla bağlı müraciət edib. Müraciətin DİA.AZ-a daxil olan surətində deyilir:

“Yaşadığım Göyçay rayonunda “Zamin Bank”ın Göyçay filialının müdiri Fərzəliyev İlqar Fərzəli oğlu və “KredoAqro” QSC-nin əməkdaşı Şıxəliyev Tural Sərdar oğlu tərəfindən aldanılaraq evim ipoteka müqaviləsi ilə girova qoyulmuşdur və həmin ev ucuz qiymətə satılmışdır. Bundan əlavə mən Turalın əvəzinə banka həm də 5500 (beş min beş yüz) manat pul ödəmişəm. Həm pulum, həm də evim əlimdən çıxıb.

Bank Müdiri Ilqar Fərzəliyev məni hədələməklə evi 20 000 (iyirmi min) manata öz işçisinin adına alıb. Mənə isə 12 500 (on iki min beş yüz) manat pul verib. Hansı ki, evin dəyəri 40 000 (qırx min) manat civarında olub. Mən evi ipoteka qoymasam da İlqar Fərzəliyev iddia edib ki, mən könüllü evi ipotekaya qoymuşam. Mənə məxsus mənzil hərrac yolu ilə deyil şantaj yolu ilə məndən alınaraq satılıb.

Bu barədə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm, cinayətin işinin başlanması rədd edilib. Sonra Göyçay rayon məhkəməsinə müraciət etdikdən sonra məhkəmə cinayət işinin başlanması ilə bağlı qərar qəbul edib. Təkrar olaraq Göyçay RPŞ cinayət işinin başlanmasını rədd edib. Təkrar olaraq Göyçay RPŞ işə yenidən baxılması ilə bağlı şikayəti təmin etsə də, bu dəfə də eyni qərar qəbul olunmuşdur.

Daha sonra Göyçay rayon prokurorluğuna rəsmi şikayət etdikdən sonra 27 mart 2013-cü il tarixdə yenidən Göyçay RPŞ-yə cinayət işinin başlanması ilə bağlı tapşırıq verilib. Nəzərinizə çatdırım ki, bütün işləri 4 dəfə eyni şəxs Təhqiqat Bölməsinin baş təhqiqatçısı Sadiqov İlqar Məmmədəli oğlu araşdırmış və eyni məzmunlu qərarlar qəbul etmişdir. Bütün bunların səbəbi bank müdirinin cinayəti ört-basdır etməsi üçün xərclədiyi külli miqdarda pullardır ki, mənim şikayətim təmin edilməyib.

Mənə kömək göstərmək istəyən hakim Elxan Babayev ilk dəfə məndən aldığı 700 (yeddi yüz) manat rüşvətin müqabilində mənim xeyrimə qərar qəbul etsə də, növbəti dəfə pul vermədiyim səbəbindən Göyçay RPŞ-nin cinayət işinin rədd olunması qərarından verdiyim şikayəti təmin etməmişdir. Çünki qarşı tərəf daha imkanlı və daha nüfuzlu tərəfdir. Hakim Elxan Babayevə pulu Göyçayda hamının tanıdığı özünün pul yığanı (adını çəkmək istəmirəm) vasitəsi ilə vermişəm. Mən artıq Göyçay ərazisində aparılan araşdırılmalara inanmadığım səbəbindən mənə qarşı olan dələduzluq cinayətinin ört basdır edilməsini mətbuat vasitəsi ilə aidiyyatı orqanlara çatdırıram”.

Adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt