Əsas Səhifə > Şou-biznes > AKTRİSAMIZ AÇIQ-SAÇIQ SƏHNƏLƏRƏ "YOX" DEDİ

AKTRİSAMIZ AÇIQ-SAÇIQ SƏHNƏLƏRƏ "YOX" DEDİ


16-04-2013, 09:35
AKTRİSAMIZ AÇIQ-SAÇIQ SƏHNƏLƏRƏ "YOX" DEDİ
"MENTALİTETƏ UYĞUN DEYİL"

Aktrisa Günel Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Aktrisa olmaq istəyi sizdə nə vaxt yarandı?

- Mən uşaqlıqdan incəsənətə maraq göstərmişəm. Beş yaşımdan rəqslə məşğul olmuşam. Aktrisalığa böyük marağım olduğuna görə İncəsənət Gimnaziyasını bitirəndən sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.

- Bəs teatra gəlişiniz necə oldu?

- Məni teatra müəllimlərimdən biri, xalq artisti Rafiq Əliyev dəvət etdi. 2006-cı ildən bu yana Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərirəm.

- Teatrda ilk rolunuz hansı olub?

- “Çimnaz xanım yuxudadır” adlı tamaşada Nabat rolu mənim ilk rolum olub.

- Çəkildiyiniz ilk filmin adı nədir?

- Zirəddin Tağıyevin “Ad gününün peşmançılığı” filmi.

- Bir çox yerli filmlərdə çəkilmisiniz. Bəs hansı xarici filmlərdən dəvət almısınız?

- Yerli seriallardan və filmlərdən savayı, İtaliyada, Qazaxıstanda, Gürcüstanda və Moskvada çəkilən filmlərdə rol almışam. Bu yaxınlarda isə Türkiyədə çəkiləcək “Dağ qartalları” adlı filmə dəvət almışam.

- Çəkildiyiniz filmlərdə açıq-saçıq səhnələr olub?

- Xeyr, olmayıb.

- Sizə belə səhnələrdə çəkilməyi təklif etsələr, razılıq verərsiniz?

- Razı olmaram. Çünki bizim mentalitetə uyğun deyil. Bir də, bizim cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bir aktrisa açıq-saçıq səhnələrdə yer alırsa, deməli, o, əsl həyatda da elədir (gülür).

- Simanızda dəyişiklik etmisiniz?

- Xeyr, heç bir dəyişiklik etməmişəm.

- Nə vaxta qədər bu sənətdə qalmaq fikriniz var?

- Gücüm çatdığı qədər, bacardığım qədər səhnədə olacağam.

- Gücünüz nəyə çatmır?

- Maraqlı sualdır. Bu bərədə heç düşünməmişdim. Səbirsiz insanam. Özümdə bu səbirsizliyi yox etməyə heç cür gücüm yetmir.

- Ən çox nəyə əsəbləşirsiniz?

- Yersiz konfliktlər məni əsəbləşdirir. Düzdür, əhəmiyyət vermirəm, ancaq yenə də mənə çox pis təsir edir.

- İndi nəyin barəsində düşünürsünüz?

- Şəxsi bir məsələm var. Onun barəsində fikirləşirəm. Bir də bir neçə layihəm var ki, onların haqqında tez-tez düşünürəm.

- Sizə görə, ananın qızı olmaq çətindir, yoxsa qız anası olmaq?

- Hər ikisi çətindir. Amma mən anama həmişə yaxşı övlad olmağa çalışmışam. Onun adına xələl gətirməmək üçün əlimdən gələni etmişəm. Üstümdə onun zəhməti çox böyükdür. Ona hər şeydən əvvəl öz həyatımı borcluyam.

- Elçilərinizin sayı çoxdur?

- Nə bilim, var da (gülür).

- Bəs ailə qurmağı fikirləşmirsiniz?

- Xeyr, bu barədə hələ fikirləşmirəm. Düşünürəm ki, hələ tezdir. Çünki ailə həyatı qurmağım sənətimə maneçilik törədə bilər.

- Sizin üçün teatrda oynamaq çətindir, yoxsa filmdə çəkilmək?

- Hər ikisi çətindir. Lakin teatrda tamaşaçını inandırmaq, ona təsir bağışlamaq filmə nisbətən asandır. Bu baxımdan deyərdim ki, filmə çəkilmək daha çətindir.

- Hansı obrazı oynamaq istərdiniz?

- Bu yaşıma qədər ürəyimcə olan obrazları oynamışam. Amma dəlilik həddinə çatmış bir insan obrazını oynamaq istərdim.

- Bəs sizə həvalə olunan rolların içində ürəyinizcə olmayan hansı olub?

- “Məhv olmuş gündəliklər” adlı tamaşadakı Anjel rolu heç ürəyimə yatmayıb. O rolu özümə yaxın bilməmişəm. Ona görə də həvəssiz oynamışam.

- Aktrisalıqdan savayı əlinizdən nə gəlir?

- Yaxşı sualdır. Onu deyə bilərəm ki, yaxşı rəqs etməyi, gözəl rəsm çəkməyi və s. bacarıram.

- Şəkil çəkmək demişkən, rəssam olsaydınız, birinci kimin portretini çəkərdiniz?

- Anamın. Çünki ona həddindən artıq bağlıyam.

- Çox tələskənsiniz?

- Həddindən artıq tələskənəm. Bu tələskənliyimin nəticəsində də bəzən yanılıram.

- Təxminən on il sonra sənətinizdə hansı uğurları qazanacağınıza inanırsınız?

- İndidən heç nə deyə bilmərəm. Mən hələ nə etmişəm ki? (gülür). Düşünürəm ki, hər şey qabaqdadır, yaxşı olacaq. Mən bunun üçün var qüvvəmlə çalışıram. Çalışıram ki, daha böyük müvəffəqiyyətlər əldə edim.

Geri qayıt