Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAMİZ MEHDİYEVƏ TƏBRİK ƏVƏZİ
RAMİZ MEHDİYEVƏ TƏBRİK ƏVƏZİ16-04-2013, 10:51 |
SABAH ONUN DOĞUM GÜNÜDÜR Azərbaycanın əsas siyasi personajlarından biri, hakimiyyət sistemində dövlət başçısından sonra ikinci şəxs olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 17 apreldə 75 yaşını qeyd edir. “Boz kardinal” kimi tanınan Mehdiyev bu yaşa iki ciddi problemlə gəlib: şəxsi və dövlət xarakterli. Ötən il sentyabrın sonunda ABU-nun keçmiş rektoru Elşad Abdullayev bu qoca siyasi qrossmeysterin reputasiyasını korrupsiya və kriminal sprut kompromatları seriyası ilə korladı. Rejimin sütununa nöqtəvi zərbələr prezident Əliyevi təcili olaraq hakimiyyətin dayaqlarını möhkəmləndirmək üçün preventiv tədbirlər görməyə məcbur etdi. O, Prezident Administrasiyasının rəhbərinə fövqəladə situasiyada idarəetmə ixtiyarını üzərinə götürə biləcək yeni 4 müavin vəzifəsi təsis etdi. Mehdiyevə qarşı kompromatlar elə güclü olub ki, KİV-in məlumatına görə, o, xarici klinikalarda müalicə üçün Almaniyaya gedib. Abdullayevin cəmiyyəti şoka salan “Gülərqeyt” kod adlı ifşaları, həmçinin nüfuzlu ziyalıların hücumları Mehdiyevin siyasi şahmat oyununda yaranan problemlərdən xəbər verirdi. Akademik Çapay Sultanov "Şahmat prizmasından..." kitabında Mehdiyevin şahmat üslubunu xarakterizə edib: "Mehdiyev öz «şahmat sistemini» işə saldı – şahmat terminologiyası ilə desək, müxalifət düşərgəsində «zəiflik» və «izolyasiya edilmiş piyadalar» yaratdı... Öz “şahmat sistemində” «boz kardinal» kibernetikada “qara qutu” adlanan taktiki metodu tətbiq etdi. Bu zaman giriş və çıxış parametrləri məlum olur, “qara qutu”da nə baş verdiyi isə bilinmir. Biz “qara qutu”da nə baş verdiyini bilmirik, - deputatlıq vədləri, vəzifələr və daha nələr, amma “qara qutu”dan çıxış parametrləri yaxşı məlumdur – ehtimal 99,99%-dir." Müəllif yazır ki, Mehdiyevin «elə bir partiyası olmayıb ki, şaha hücumla qalib gəlsin – mühasirəyə alıb, sıxıb, sıxıb, bundan sonra onun qıcıqlanan rəqiblərinin mövqeləri sadəcə parçalanıb!» Məhz Mehdiyevi indiki “qorxu cəmiyyəti” siyasi sisteminin arxitektoru sayırlar – burda əzilmiş müxalifət, satılmış KİV və QHT-lər, dəqiq qurulmuş repressiya aparatı var. Uzun illər üçün hesablanan bu sistem Abdullayevin ifşalarından daha çox yeni dünya cərəyanları nəticəsində sarsıldı. Köhnə sovet ideoloqu bunları mülahizə etmir, öncədən görmürdü. Hələ 5 il əvvəl özünün 70 illik yubileyinə Mehdiyev o illərdə dəbdə olan «Kreml modernləşməsi» konsepsiyasını xatırladan Azərbaycanın gələcəyinə dair öz konsepsiyasını ortaya qoyub. «Gələcəyin strategiyasını müəyyən edərkən: moderləşmə yolu» məqaləsində Prezident Administrasiyasının rəhbəri Azərbaycanın yeni strategiyasını formalaşdırır, elmi analiz normalarını təhrif edərək müasir demokratiyanın problematik mahiyyətini (Hantinqtonun «üçüncü dalğası»), modernləşmə və qloballaşma çağırışlarını olduqca ekzotik şəkildə təqdim edir. 90%-i sitatlardan ibarət və prezident İlham Əliyevin sitatları ilə bol olan məqalədə Mehdiyev «iqtisadi inkişafın» prioritet planını önə çəkərək «gələcəyə təxirə salınan demokratiya» ilə gələcək versiyasını əsaslandırmağa çalışır. O, müvəqqəti modernləşməyə görə demokratiyanı «yığışdırmağı» təklif edir. Mehdiyevi Azərbaycanda həqiqi modernləşmənin reallaşdırılması deyil, qeyri-müəyyən müddətə təxirə salınması maraqlandırır. Müvəqqəti çərçivəni isə göstərmir, modernləşmə başa çatana qədər demokratiyanın sürətləndirilməsindən imtinanın zəruriliyinə bəraət qazandırmaq istəyir. Sonrakı illərdə rejimin baş ideoloqu modernləşmə bəhanəsilə hakim elitanın oliqarxik maraqlarına (xüsusən də neft dollarının aramsız artımı şəraitində) cavab verməyən demokratikləşmə prosesini təxirə salmaq üçün mümkün olan hər şeyi edirdi. Ancaq dünyada «ərəb baharı» adını alan proseslərin başlaması qrossmeysteri 2012-ci ilin may ayında «Azərbaycan 2020: gələcəyə baxış» adlı yeni konsepsiyanı formalaşdırmağa məcbur edir. Bu dəfə kardinal dünya birliyini inandırmağa çalışır ki, mövcud rejim 20-ci ilə qalacağı təqdirdə Azərbaycan müasir demokratik dövlətin yaradılması istiqamətində qətiyyətli addımlar atacaq. Bu dövlət konsepsiyasında Mehdiyev prezident Əliyevin yaxın pesrpektivə 4 məqsədini (oxu vədini) ortaya qoyur: 1) Azərbaycanı hərtərəfli inkişaf etdirmək, 2) onu müasir dövlətə çevirmək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq etmək, 3) vətəndaşların bütün azadlıqlarını təmin etmək, 4) hüquqi dövlətin qurulması işində daha böyük addımlar atmaq. Növbəti səkkiz il müddətində konsepsiya siyasi sahədə demokratik və hüquqi islahatları davam etdirməyi, demokratik institutların və vətəndaş cəmiyyəti institutlarının rolunu gücləndirməyi, insan hüquq və azadlıqlarının və qanunun aliliyi prinsipinin tam təsdiqini vəd edirdi. Sosial-iqtisadi sahədə iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun güclənməsi hesabına dayanıqlı və sabit iqtisadi inkişafına nail olunması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və onun maddi və mənəvi rifahının dayanmadan yaxşılaşdırılması, bütün vasitələrlə əhalinin orta təbəqəsinin genişlənməsi və onun cəmiyyətdəki rolununu artırılması vəd edilirdi. Beynəlxalq ictimaiyyətə bu gecikmiş mesaj inandırıcı və səmimi görünmədi, bu, Qərbin islahatların sürətləndirilməsi və demokratikləşmə prosesinə başlanması haqda sərtləşən tələblərindən görünürdü. Bu gediş göstərirdi ki, çoxgedişli şahmat kombinasiyalarlının vaxtı bitib. Strategiya -2020-nin, eləcə də modernləşmənin qeyri-səmimiliyi özünü çox gözlətmədi. Strategiyanın ilk ili reqressiv situasiya – demokratiyadan geri çəkilmə, insan haqlarının pozulmasının güclənməsi, siyasi və iqtisadi islahatların qarşısının alınması ilə yadda qaldı. Mehdiyevin bu yeni reqressiv siyasəti növbəti şahmat gedişində özünü dəqiq göstərdi. Martın ortalarında Azərtac-a müsahibdəsində Mehdiyev məqsədli şəkildə beynəlxalq qeyri-hökumət təşkilatlarına (oxu – Qərb camiəsi) hücuma keçdi, onları Azərbaycanın daxili işlərinə qarışmaqda və ölkədə inqilab etməyə cəhddə suçladı. Prezident Administrasiyasının rəhbərinin müxalifətə, müstəqil QHT və KİV-lərə və Qərb demokratiyasına aşkar nifrətlə dolu ritorikası daxili və xarici reallıqların qavranılmasında ciddi problem olmasını və siyasi qarşıdurma xəttinin götürüldüyünü göstərirdi. Şahmatda qarşıdurmalı gedişlər heç də ən yaxşı oyun variantı deyil, xüsusən “qara qutu” metodunu indi dünya qrossmeysterləri Əliyev komandasının ən əsas fiquruna – vəzirə qarşı oynayırlar. Azərbaycan siyasətinin 75 yaşlı şahmat fiqurunun gedişinin nə olacağını zaman göstərəcək. Bu faktdır ki, manevr üçün zaman və imkan daralıb. Turan Analitik Xidməti Geri qayıt |