Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRLOTOREYA"DAN ANİ SAXTAKARLIQ
"AZƏRLOTOREYA"DAN ANİ SAXTAKARLIQ17-04-2013, 09:55 |
SATIŞDA SAXTA LOTEREYALAR VAR Press24.az saytına “Azərlotereya” ASC-nin satışa buraxdığı lotereyaların saxta olması ilə bağlı bağlı ilginc məlumat daxil olub. Söhbət əhalinin “Topaz” satış məntələqələrindən 1 AZN-ə əldə etdiyi və biletlərinin üzərində yerləşən örtülü dairəni pozaraq yerindəcə müəyyən məbləğin udulduğu ani lotereyalardan gedir. Press24.az-a müraciət edən vətəndaş həmin zonanın örtülü olmasına baxmayaraq, əks tərəfdən işıqlandırılarkən lotereyanın uduşlu olub-olmadığının bilindiyini söyləyib. Deyilənlər əvvəlcə bizə inandırıcı gəlməsə də, özümüz yoxladıqdan sonra biletlərin saxtalığına əmin olduq. Daha sonra öyrəndik ki, alıcıların narazılıqları ilə üzləşən “Topaz” əməkdaşları məsələdən agah olan kimi “Azərlotereya” ASC-nin əməkdaşlarına müraciət ediblər. Sözügedən təşkilat öz nümayəndəsini “Topaz” satış məntəqələrindən birinə yollamasına, faktın yerindəcə yoxlanılaraq təsdiqlənməsinə və problemin təcili aradan qaldırılacağına dair söz verməsinə baxmayaraq, indiyə kimi heç bir tədbir görülməyib. Press24.az-ın əməkdaşı bu gün şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən “Topaz” satış məntəqələrində olub və saxta lotereyaların satışının davam etdiyini görüb. Məlumat redaksiyaya gecə saatlarında çatdığı üçün aidiyyəti qurumlarla əlaqə saxlamaq və baş verən saxtakarlıqda kimin günahkar olduğunu aydınlaşdırmaq mümkün olmayıb. Buradan qəribə bir sual yaranır. Hətta biletlər nəşriyyatın səriştəsizliyi ucbatından satışa bu cür çıxarılıbsa belə “Azərlotereya” məsələdən agah olduğu halda nə üçün bu saata kimi heç bir tədbir görülməyib? Qeyd edək ki, lotereya Azərbaycanda ən çox maddi vəziyyəti aşağı olan kasıb təbəqənin maraq göstərdiyi sahədir. Amma təəssüf ki, son ümidini bu yolla nəsə qazanmağa dikmiş insanların inamında sui-istifadə hallarına burada da rast gəlinir. Press24.az aldanmış vətəndaşların müraciətlərini nəzərə alaraq məsələni gündəmdə saxlayır. Saytımız məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırdır. Geri qayıt |