Əsas Səhifə > Sosial, Manşet > ƏYALƏTDƏ SƏHİYYƏ SİSTEMİ QAN AĞLAYIR

ƏYALƏTDƏ SƏHİYYƏ SİSTEMİ QAN AĞLAYIR


17-04-2013, 10:48
ƏYALƏTDƏ SƏHİYYƏ SİSTEMİ QAN AĞLAYIR
BÖLGƏ SƏHİYYƏ SİSTEMİNƏ TƏCİLİ TİBBİ MÜDAXİLƏ ZƏRURƏTİ

DİA.AZ: - Ölkədə ən bərbad durumda olan sahələrin başında təhsil və tibb sektorlarının gəldiyi şübhəsizdir. Hər iki sahənin bir xalqın gələcəyinin qurulmasında nə qədər vacib yer tutduğunu isə mübahisələndirməyə dəyməz. Bugünə qədər Azərbaycan mətbuatında təhsil və səhiyyənin bərbad vəziyyəti, bu sahələrdəki rüşvətxorluq və korrupsiya faktları barədə bəlkə də minlərlə məqalə yazılıb. Ancaq təəssüf ki, ölkə rəhbərliyi bu həyati əhəmiyyətli sahələrin yenidən qurulması, buradakı qanunsuzluq hallarının aradan qaldırılması üçün heç bir ciddi addım atmırlar.

Mətbuatda ölkədəki tibbi müəssisələri və ya oradakı həkim heyətinin qanunsuzluqları ilə bağlı dərc edilən tənqidi yazılara isə Səhiyyə Nazirliyi demək olar ki, heç bir reaksiya vermir. Bu isə onu deməyə əsas verir ki, Nazirlik rəsmilərinin bütün bu qanunsuzluq faktlarından xəbəri var və bu səbəbdən də susqunluq nümayiş etdirir. Hətta bu prizmadan yanaşsaq, onu da iddia edə bilərik ki, ölkədəki ən xırda tibb müəssisəsində belə, baş verən qanunsuzluğun sxemi elə, ən yuxarıda - Səhiyyə Nazirliyində çəkilir.

DİA.AZ-ın əməkdaşı da ölkənin səhiyyə sektorundakı bu bərbad vəziyyəti araşdırmaq qərarına gəlib və bu məqsədlə bir sıra rayonların mərkəzi xəstəxanalarına baş çəkərək, araşdırmalar aparıb. Müxbirimizin baş çəkdiyi mərkəzi xəstəxanalar Goranboy, Şəmkir, Ağstafa və Bərdə rayonlarının xəstəxanaları olub.

Əməkdaşımızın yazdıqlarına görə, müşahidələri nəticəsində adı çəkilən 4 rayonun hamısının Mərkəzi Xəstəxanalarında vəziyyətin bərbadlığını ilk baxışdan müşahidə etmək olar. O yazır ki, qeyd olunan xəstəxanaların hamısında həkimlərin və tibb bacılarının özbaşınalıqlarının misli yoxdur. Xəstəxanaların hər birində rüşvət tüğyan edir. Xəstəxanalara ayaq basan xəstələrin hamısı xəstəxana binasına daxil olandan soyulmağa başlayır.

Əməkdaşımızın sözlərinə görə, xəstəxanalarda USM aparatından keçmək istəyən pasiyentlər 15-20 manat arasında rüşvət verməlidirlər.

Xəstəxanalara müraciət edən vətəndaşların sözlərinə görə, burada baş verən özbaşınalıqlarda rayon rəhbərliklərinin də qismən günahı olsa da, əsas günah Səhiyyə Nazirliyinindir. Onların fikrincə, Nazirlik xəstəxanalardan ciddi nizam-intizam tələb etsə və baş həkimlərə kəskin tapşırıqlar versə, xəstəxanalarda da bu qədər özbaşınalıq faktları olmaz: “Ancaq Nazirlik rəsmilərinin özləri də yerlərdəki baş həkimlərdən rüşvət aldıqları üçün onlardan belə sərt nizam-intizam tələb edə bilmirlər”.

Müxbirimizin araşdırmaları nəticəsində, hətta o da məlum olub ki, sözügedən rayonların Mərkəzi Xəstəxanalarında xəstələrin adlarına yazılan dərmanlar və qisa məhsulları da xəstəxana rəhbərliyi tərəfindən açıq satışa çıxarılır. Bu barədə isə araşdırmalarımız davam edir və yaxın günlərdə DİA.AZ-da bu faktlar barədə geniş araşdırma yazısı oxuyacaqsınız.

Geri qayıt