Əsas Səhifə > Şou-biznes > "RƏMİŞƏ HÖRMƏTSİZLİK ETMƏMİŞƏM"

"RƏMİŞƏ HÖRMƏTSİZLİK ETMƏMİŞƏM"


18-04-2013, 09:42
"RƏMİŞƏ HÖRMƏTSİZLİK ETMƏMİŞƏM"
"ARAMIZI BURANLAR VAR"

Milli.Az xəbər verir ki, ATV-də teleaparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Ümid var” verilişində iki tanınmış gitara ifaçısı Rəmiş və Rəhman Məmmədlinin barışmasının eksklüziv xəbər kimi tamaşaçılara təqdim olunması musiqiçilərdən birinin qəzəbinə səbəb olub.

Əməkdaşımıza telefon edib şikayətlənən Rəhman Məmmədli barışığın ilk dəfə Lider TV-nin baxımlı “Rəngarəng” layihəsində baş tutduğunu vurğuladı: “ATV-dən zəng vurub barışığımız münasibəti ilə təbrik edən prodüserlərə dediklərimi özüm oxucularınızla bölüşmək istədim.

Əvvəla onu deyim ki, mən heç vaxt Rəmişə hörmətsizlik etməmişəm. Sadəcə, bizim düşmən olmağımız üçün çalışan bəzi insanlar var idi ki, daim yalandan söz çatdırıb, küsülülüyümüzü davam etdirirdilər.

Mən Rəmişin “gitara mənimlə qəbir evinə gedəcək” sözlərindən incimişdim, ən azı o, davamçı kimi adımı çəkə bilərdi, necə ki, mən hər yerdə onu ustad kimi qələmə verirəm. Bütün bunlar keçmişdə qaldığı üçün detalları açmaq istəmirəm.

“Rəngarəng” verilişinə çəkildiyim zaman yaradıcı heyət haqqımda danışan sənətkarlar sırasında Rəmişin də olmasını təklif etdilər. Söylədim ki, o, bizi qonaq qəbul etməz. Amma verilişi ərsəyə gətirənlər mənə sürpriz etməkdən vaz keçmədilər. Və xalq artistləri Habil Əliyev, Alim Qasımovla yanaşı, Rəmişin də danışması üçün güclərini səfərbər etdilər.

Həmkarlarınızın istəyi ilə böyük sənətkarımız Habil müəllim söhbətə qarışdı və biz Rəmişlə barışdıq. “Ümid var” verilişində isə bunların heç biri vurğulanmadı. Guya biz yalnız və yalnız Habil Əliyevin təkidi ilə barışmışıq.

Kiminsə haqqını, zəhmətini itirmək olmaz. Ona görə açıqlama verdim ki, hər şey məlum olsun ki, biz “Rəngarəng” verilişinin təşəbbüsü ilə buzları əritdik. İnşallah, bu əmin-amanlığımızı ömrümüz boyu davam etdirəcəyik”.

Geri qayıt