Əsas Səhifə > Partiya > "DÖVLƏT BİR MİTİNQLƏ DAĞILSA, O DÖVLƏT OLMAZDI"
"DÖVLƏT BİR MİTİNQLƏ DAĞILSA, O DÖVLƏT OLMAZDI"18-04-2013, 11:52 |
"BURADA MDİ-YƏ BASQIDAN SÖHBƏT GEDƏ BİLMƏZ" “Prezident ili olduğu üçün təbii ki, Azərbaycan cəmiyyətində seçkilərə hazırlıqla əlaqədar müxtəlif siyasi partiyaların, müxtəlif qurumların fəallığı açıq şəkildə özünü göstərməkdədir. Amma bütövlükdə sosial-siyasi baxımdan vəziyyət normaldır”, - iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi”nə müsahibəsində bildirib. Onun sözlərinə görə, seçkilərin azad, ədalətli, demokratik keçirilməsi mühiti var. M.Qurbanlı prezident İlham Əliyevin seçkilərdə qalib gələcəyinə əmindir. “Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyamızın sədri, prezidentimiz İlham Əliyev olacaq. Bu barədə ikili düşüncə və başqa fikir bütövlükdə yox dərəcəsindədir. Biz hesab edirik ki, Azərbaycan seçicisi indi davam edən bu yola, ulu öndər Heydər Əliyevdən başlanan böyük siyasətə yenə səs verəcək. Prezident İlham Əliyevin 2003-cü ildən bu yana həyata keçirdiyi siyasətə dəstək olacaq. Biz namizədimizin qələbə çalacağına əminik”, - o qeyd edib. İcra katibinin müavini son həbslərə də münasibətini bildirib. “Azərbaycanda siyasi partiyaların radikal qanadının tərəfdarları bir neçə dəfə şəhərin mərkəzində, məsələn Fəvvarələr Meydanında qanunsuz aksiyalar keçirməyə cəhd edib. Halbuki, Fəvvarələr Meydanı aksiyalar üçün deyil. Qanun pozuntusu baş verən ölkədə bunun qarşısını alınmadıqda zəncirvari reaksiya baş verə bilər. O ki qaldı NİDA-çıların məsələsinə, onlar da həmin hadisələr zamanı və ya qanun pozuntuları ilə əlaqədar həbs olunublar. İlqar Məmmədov və Tofiq Yaqublu məsələsi isə İsmayıllıda baş verən hadisələr zamanı onların bölgəyə getməsi və həmin bölgədə qızışdırıcı fəaliyyət göstərməsi ilə əlaqədardır. Bununla bağlı hüquq- mühafizə orqanlarında məlumat olduğuna araşdırılır”. M.Qurbanlı ordudakı ölümlərə qarşıdır, amma bunun etiraz aksiyaları vasitəsilı ictimai diqqətə çatdırılmasını düzgün saymır. “Azərbaycan ordusu 20 ildir səngərdədir. Səngərdə olan ordu ilə qışlaqda (kazarma) olan ordunun psixoloji durumu eyni deyil. Azərbaycan ordusu regionun ən güclü ordusudur. İstər təchizat baxımından, istər nizam-intizam baxımından, istərsə də nizamnaməyə əməl edilməsi baxımından xeyli irəliyə gedib. O ki qaldı əsgər ölümü ilə bağlı keçirilən kütləvi aksiyalara, əsgər ölümünə kim “hə” deyə bilər, hamımız “yox” deyirik. Amma bunu cəmiyyətə çatdırmaq üçün qanunu pozmağa ehtiyac varmı?”, - o sual edib. M.Qurbanlı Azərbaycanda sosial şəbəkələrdə müzakirələrin daha da genişləndirlməsinin tərəfdarıdır. “Azərbaycanda Facebook-dan heç kim çəkinmir, xüsusilə hakimiyyət bundan çəkinmir və çəkinməyə də ehtiyac duymur. Azərbaycanda İnternet tam azaddır. Mən Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyini bir daha vurğulayıram: biz Facebook-da tam sərbəstliyə tərəfdarıq”. O ki qaldı “Facebook inqilabı” məsələsinə, icra katibinin müavini vildirib ki, Facebook vasitəsilə heç kim inqilab edə bilməz: “İnqilabın olması, hakimiyyət əleyhinə iğtişaşlar, çıxışlar üçün ölkədə mütləq səbəblər olmalıdır. O səbəblər olmadıqca hansısa ölkədə inqilabı və ya hərəkatı Facebook vasitəsilə etmək mümkün deyil. Məgər Qahirədə Təhrir Meydanında toplaşanlar Facebook vasitəsi ilə toplaşmışdı? Onların mütləq əksəriyyətinin nə Facebook-dan xəbəri var idi, nə də sosial şəbəkələrə girişi var idi”. M.Qurbanlı hesab edir ki, Azərbaycan ATƏT-in üzvü olandan sonra böyük yol keçib, demokratikləşib, müasirləşib. “ATƏT-in 20 ildir Azərbaycanda müşahidə missiyası var. Biz sadəcə təkliflərlə çıxış edirik ki, Azərbaycanın indiki situasiyasını, inkişafını nəzərə alaraq həmin müşahidə missiyasının statusuna yenidən baxılsın. Bu gün Azərbaycan Şərqi Avropanın demokratiya yolu ilə inkişaf edən ölkələrindən heç də geri qalmır. Şərqi Avropa da totalitarizmdən demokratiyaya keçib , biz də totalitarizmdən demokratiya yoluna keçmişik və bu yolla davam edirik. Demokratiya sahəsində ciddi uğurlarımız var”, - o bildirib. M.Qurbanlı Amerika Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyətini davam etdirdiyini deyib: “Milli Demokratiya İnstitutu Azərbaycanda çoxdandır fəaliyyət göstərir və bu gün də fəaliyyətini davam etdirir. Bizim üçün hansısa təhlükə mənbəyi deyil. Sadəcə, Milli Demokratiya İnstitutunun məmurunun bank hesabından nağd pul çıxarması və sərf etməsi ilə bağlı jurnalist araşdırması dərc olunub. Respublika Prokurorluğu da haqlı olaraq Amerika səfirliyinə müraciət edərək bunun araşdırılmasını istəyib. Prokurorluq qanunu qoruyan bir qurumdur və onun belə müraciətlə çıxış etməsi tamamilə məntiqlidir. Amerika tərəfinin cavablarını oxudum. Hesab edirəm ki, yetərli deyil. Jurnalist araşdırmasında ortaya çıxan dəlillərə cavab verilməlidir. Burada Milli Demokratiya İnstitutuna hər hansı basqıdan söhbət gedə bilməz”. Onun fuikrincə, Azərbaycan cəmiyyətində insanların narazı hissəsi var, amma narazı hissə böhran həddi səviyyəsində deyil. “O narazı hissənin heç də hamısı prezidentdən, onun siyasətindən narazı deyil. Ola bilər ki, kimsə məmurdan narazıdır, öz işlədiyi yerdə kimdənsə narazıdır, əmək haqqının azlığından narazıdır. Amma bütövlükdə bu böhran vəziyyətində deyil. O həddə deyil ki, Azərbaycan cəmiyyətində hansısa bir partlayışa gətirib çıxarsın”, - M.Qurbanlı vurğulayıb. İcra katibinin müavini iqtidarın sıradan çıxarılacağı ilə bağlı fikirlərə rişxəndlə yanaşır: “Dövlət bir mitinqlə, bir nümayişlə dağılsa o, dövlət olmazdı. İqtidarlar bir hadisə ilə, bir iğtişaşla, bu və ya baş vermiş digər hadisə ilə hakimiyyətdən getmir. Hakimiyyət çökdü, bacarmadı kimi tezislər ortaya qoymaq, həmin tezisləri söyləyənlərin politoloji elmdən və bütövlükdə dövlət idarəçiliyindən xəbəri olmaması, bu və ya digər məsələləri ya tam bilməməsi, ya da qəsdən belə göstərməsidir. Bu cür hadisələr dövlətin, hakimiyyətin çökməsi demək deyil. Hakimiyyət hakimiyyətdir. İqtidarın da vəzifəsi odur ki, hakimiyyətini qanun çərçivəsində qorusun. Özünü qorumağa qadir olmayan hakimiyyət dövləti və vətəni qoruya bilməz”, o qeyd edib. Geri qayıt |