Əsas Səhifə > Cəmiyyət > HÜSEYNBALA MİRƏLƏMOV QƏTLDƏ İTTİHAM OLUNUR

HÜSEYNBALA MİRƏLƏMOV QƏTLDƏ İTTİHAM OLUNUR


18-04-2013, 12:04
HÜSEYNBALA MİRƏLƏMOV QƏTLDƏ İTTİHAM OLUNUR
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şıx çimərliyinin sahilində yerləşən “1001 gecə” istirahət mərkəzində baş vermiş qətl hadisəsi üzrə məhkəmə prosesi başlayacaq. Iş hakim Cavid Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatındadır.
Qeyd edək ki, Ramal Bayramovun qətlilə bağlı bu iş üzrə məhkəmə qarşısına bir nəfər çıxarılacaq - Rəşad Mirələmov. O, “1001 gecə”nin sahibi, deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.
Zərərçəkmiş tərəf - qətlə yetirilmiş Ramal Bayramovun anası Nənəş Ismayılova isə indiki vəziyyətdə cinayət işinin məhkəməyə verilməsini doğru saymır. Deyir ki, iş ətraflı araşdırılmayıb, digər günahkarlar cinayət məsuliyyətindən kənarda saxlanılıb. Zərərçəkmiş, deputatın da bu qətlə aidiyyəti olduğunu, onun oğulları, eləcə də təqsirləndirilən Rəşadın qardaşının da qətl hadisəsində iştirak etdiyini deyir.
Nənəş Ismayılova dövlət başçısı Ilham Əliyev, baş prokuror Zakir Qaralov və digər səlahiyyət sahiblərinə ünvanladığı məktublarda deputatın övladlarının da cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Həmin məktubların surəti “Azadlıq”a da daxil olub. Zərərçəkmiş yazır:
“Oğlum Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlanları və qardaşı oğlanları tərəfindən qəsdən öldürülüb. Ancaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinin rəis müavini, kriminalistika şöbəsinin rəisi, istintaq qrupunun rəhbəri Pərviz Ibayev oğlumu öldürən şəxsləri hansısa maraqlar naminə həqiqəti ört-basdır edir. Guya, Rəşad Mirələmov guya, tək olub və oğlumu öldürüb.
16 mart 2012-ci ildə Rəşid Behbudov küçəsi 58 saylı binanın yaxınlığında əslən Naxçıvandan olan Paşa Paşayev oğlumu öldürmək məqsədilə ona odlu silahdan çoxsaylı atəş açıb. Həmin vaxt oğlum ayağından yaralanıb. Paşayev hansısa qüvvənin əlilə ölkədən qaçırılıb. Hüquq-mühafizə orqanları hadisənin törənməsinə səbəb olan, ailənin digər üzvü Orxan Paşayevi də müdafiə edirlər.
Pərviz Ibayevin hazırladığı ittiham aktında qeyd olunur ki, Rəşad Mirələmovla oğlumun arasında telefon danışıqları olub, bir-birlərini söyüblər. Onlar bir-birini tanımayıblar. Oğlumu “1001 gecə” istirahət mərkəzinə Hüseynbala Mirələmovun tapşırığıyla çağırıb və öldürüblər. Iyulun 16-dan 17-nə keçən gecə nə təlaş idi ki, deputat Hüseynbala Mirələmovun oğlanları Rauf və Fərid Mirələmovlar, qardaşı oğlanları Cavid, Rəşad və digər yaxınları istirahət mərkəzində yığışmışdılar? Hesab edirəm ki, sonuncular düşünülmüş şəkildə əvvəlcədən plan qurmaqla əlbir olaraq, mənim oğlumu öldürüblər.
Pərviz Ibayev cinayətin digər iştirakılarını məsuliyyətdən kənarda saxlamaq üçün əlindən gələni edib. Oğlum Ramal Bayramovu xaricdən kim çağırıb? Onun ölümünün sifarişçisi kimdir? Əsl qatil kimdir? Bütün bu suallar cavabsızdır.
Pərviz Ibayev az qalıb ki, oğlum Ramal Bayramovun özünü vurduğunu yazsın. Hər kəs bilir ki, mənim oğlumu öldürən Rəşad Mirələmov deyil. Onun əlinə silah veriblər və xahiş ediblər ki, təqsirləndirilən şəxs kimi, o, müttəhimlər kürsüsündə otursun, hər şeyi üzərinə götürsün. Ona görə də qeyd etdiklərimi və mövcud qanunvericiliyi rəhbər tutaraq oğlumun ölümü ilə bağlı başlanmış cinayət işinin yenidən araşdırılmasına və əsl qatilin, sifarişçinin ortaya çıxarılmasına göstəriş verməyinizi xahiş etdirəm".
\ azadlıq.info \
Geri qayıt