Əsas Səhifə > Hadisə, Manşet > DAHA BİR SABİQƏ VƏZİFƏ VERİLİR

DAHA BİR SABİQƏ VƏZİFƏ VERİLİR


5-12-2011, 14:41
DAHA BİR SABİQƏ VƏZİFƏ VERİLİR

FİKRƏT SADIQOVA İCRA BAŞÇISI POSTU TƏKLİF OLUNUB

DİA.AZ: - Artıq adı belə unudulmaqda olan «Azərkimya» Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovun məhəlləsində də «toy-bayram ola bilər». Bu barədə «Dünya» İnformasiya Agentliyi Redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, 2005-ci ilin 17 Oktyabr hadisələrinin əsas qəhrəmanlarından biri kimi diqqətə gələn Fikrət Sadıqova vəzifə verilə bilər.

Xatırladaq ki, o zamanlar Fikrət Sadıqovun da həbsinə qərar verildiyi bildirilirdi. Onun da keçmiş səhiyyə naziri Əli İnsanova yaxın olması səbəbindən «dövlət çevrilişinə cəhd edən komandaya» daxil edildiyi də məlum idi. Və həm də Fikrət Sadıqov Əli İnsanovun bağ evində təşkil olunan məşum toplantıya da qatılmışdı.

Lakin sonradan digərlərindən fərqli olaraq Fikrət Sadıqov yalnız «Azərkimya»dakı mövqeyini itirməklə yaxasını qurtara bildi. Doğrudur, sonradan yayılan qeyri-rəsmi məlumatlarda bildirilirdi ki, Fikrət Sadıqov azadlığını satın alıb. Amma bu məlumatların nə qədər həqiqətə uyğun olub-olmadığını təsdiqləmək mümkün olmadı.

Redaksiyamıza hakimiyyət içindəki etibarlı qaynaqlardan ötürülən son məlumatlarda isə bildirilir ki, Fikrət Sadıqov hakimiyyətin müəyyən dairələri tərəfindən himayə altına alındığından 2005-ci ildə həbsdən canını qurtara bilib. Və o, artıq bağışlanmış fiqurlardan biridir.

Mənbənin sözlərinə görə, indi isə həmin qüvvələr Fikrət Sadıqovun vəzifəyə gətirilməsinə çalışırlar: «Onun Xətai rayonuna icra başçısı gətirilməsi yönündə iş gedir və hətta bu təyinat an məsələsidir. Çünki artıq yuxarılar bu təklifə «hə» deyiblər».

Mənbə bildirir ki, Fikrət Sadıqovun hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədovun yerinə təyin edilməsinə qarşı gedən yeganə qurum Prezident administrasiyası, daha dəqiqi Ramiz Mehdiyevdir: «Onun 2005-ci ildə «vurulmasında» da əsas fiqur Ramiz Mehdiyev olmuşdu. İndi də PA rəhbəri bu təyinata qarşı gedir».

Onu da qeyd edək ki, Razim Məmmədovun Xətaidəki vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar çoxdandır ki, dövrü mətbuatda hallandırılır.

Geri qayıt