Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOV HİMNLƏ BAĞLI QANUNU DA BİLMİRMİŞ

MİSİR MƏRDANOV HİMNLƏ BAĞLI QANUNU DA BİLMİRMİŞ


19-04-2013, 09:42
MİSİR MƏRDANOV HİMNLƏ BAĞLI QANUNU DA BİLMİRMİŞ
TQDK 4 DƏRSLİYİ NİYƏ ÇIXDAŞ EDİB?

DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini davam etdirir. Qurumun ekspert şurası indiyədək 8 dərsliyin – 1, 3, 4-cü siniflərin “Azərbaycan dili”, “Riyaziyyat”, eləcə də 3, 4-cü siniflərin “Həyat bilgisi”dərslikləriniin tədris prosesində istifadəsini məqsədəuyğun saymamış və onların yenidən hazırlanmasını tövsiyə etmişdi. Dünən isə TQDK daha 4 dərsliyi – 2-ci sinfin “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi” və “İngilis dili” dərsliklərini çıxdaş edib. Məlumat üçün bildiririk ki, qurum onlar haqqında şuranın yekun rəyini və qərarını artıq özünün www.tqdk.gov.az saytının “Dərsliklərin monitorinqi” bölümündə yerləşdirib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq DİA.AZ olaraq rəylərin “Nəticə” hissəsini dərc edirik.

“Azərbaycan dili-2” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslikdəki materialların elmi-pedaqoji, psixoloji və yaş səviyyəsinə uyğunluğunda qüsurlar vardır. Burada əksini tapan materiallar informasiya baxımından yüklüdür. Buna səbəb standartlarda nəzərdə tutulmayan dil qaydaları və onları möhkəmləndirməyə xidmət edən tapşırıqlardır.
3. Tapşırıqlar elmi-metodik baxımdan "Dinləyib-anlama və danışma" (1.1. və 1.2. əsas standartlarının tələbləri), "Oxu" (2.1. və 2.2. əsas standartlarının tələbləri), "Yazı" və "Dil qaydaları" ardıcıllığını əldə rəhbər tutmalı və həmin sistemlə də şagirdlərə müvafiq bacarıqları aşılamağa xidmət göstərməli idi.
4. Dərsliyin məzmununda şagirdlərimizin əxlaqi-mənəvi tərbiyəsinə xidmət edən, onlarda vətənpərvərlik hissini inkişaf etdirən, milli ruhda böyüməsinə şərait yaradan, düşmənə nifrət etdirən, mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumağa səsləyən əsərlər çoxluq təşkil etməli idi. Amma burada 92 mətndən cəmi 3-ü belə mövzuya həsr olunmuşdur.
5. Dərslikdə mətnlərin sayı çoxdur. Hər bölmədən sonra təkrara 1 saat vaxt ayrılır. Möhkəmləndirici dərslər yoxdur. Keçilən dərslər az təkrarlanır. Bir çox məqamlarda dil qaydalarının təqdimatında, nitq bacarıqlarının reallaşmasında standartlardan kənaraçıxmalar, yaxud standartların əks olunmaması vardır.
6. Dil-üslub baxımından mətnlərin bəzilərində nöqsanlar vardır. Bir çox alt-standartlara aid məsələlər tapşırıqlarda verilməmişdir.
7. Şəkillər çox hallarda mətnlə uyğun gəlmir. Bununla da rəsm və illüstrasiyaların, dizaynın məzmunun mənimsənilməsinə təsiri itir. Milli-mənəvi dəyərlərimizin şəkillərdə əks olunması yoxdur.

“Riyaziyyat-2” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir.
3. Proqramdan çoxlu sayda kənaraçıxmalar var.
4. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmamışdır.
5. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə verilmişdir.
6. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var.
7. Dərslikdə çoxlu sayda struktur xətaları var.
8. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
9. Dərsliyin tərtibatı nöqsanlıdır.

“Həyat bilgisi-2” dərsliyi:

1. Dərslik komplekti təhsil proqramında (kurikulumda) nəzərdə tutulmuş məzmun standartlarının reallaşdırılması baxımından çox qüsurludur. Komplektdə məzmun, dil-üslub, bədii tərtibat və dizayn baxımından çoxlu sayda səhvlər var.
2. Dərslik komplekti fənn kurikulumunun fəlsəfəsinə və onun tələblərinə cavab vermir, bu vəsaitlərlə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri tam formalaşdırmaq – “Həyat bilgisi” fənninin tədrisi ilə bağlı vəzifələri yerinə yetirmək mümkün deyil.

“İngilis dili-2” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslikdə 2-ci sinif xarici dil kurikulumunun tələbləri pozulmuş, sadədən mürəkkəbə prinsipi və inkişafyönümlülük tələbləri gözlənilməmişdir. Təlim prosesi təkrar bacarıqların formalaşdırılmasına yönəldilmiş, eyni standartların mənimsənilməsi əsas götürülmüş və hazır şəkillər üzrə təsvirlər əsasında ənənəvi bir dərs modeli verilmişdir. Bu modellə təkrar fəaliyyəti möhkəmləndirən söz və ifadələrin əzbərlənməsi tələb olunur və şagird fəaliyyəti məhdudlaşdırılır. MMV-də standartların tətbiqi, açılması yolları, məqsədləri düzgün qoyulmamış, inteqrativlik, təlimin təşkili yolları, yeni təlim üsulları demək olar ki, tətbiq edilməmişdir. Texnologiyalar ənənəviliyə meyilli şəkildə verilmişdir.

Geri qayıt