Əsas Səhifə > Cəmiyyət > "AQROLİZİNQ"İN DAHA BİR FİLİALINDA YEYİNTİ

"AQROLİZİNQ"İN DAHA BİR FİLİALINDA YEYİNTİ


19-04-2013, 11:19
"AQROLİZİNQ"İN DAHA BİR FİLİALINDA YEYİNTİ
DİA.AZ: - Son vaxtlar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair, xüsusilə respublikamızın müxtəlif bölgələrindən gələn şikayətlər əsasında hazırlanmış tənqidi materiallara ölkə mətbuatında tez-tez rast gəlmək olur. Məlum olduğu kimi ASC ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə həyata keçirilən dövlət tədbirlərinin tərkib hissəsi kimi, Azərbaycan Respublikasının Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

DİA.AZ bildirir ki, bu gün ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir və bütün bu vəzifələrin öhdəsindən effektiv şəkildə gələ bilməsi üçün ASC-nin müvafiq əhatəli struktur bölmələri şəbəkəsi də mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır.

Lakin, təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin bir çox rayon filiallarının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan məlumatlarda o cümlədən İmişli filialının rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Mövzuya dair ötən saylarımızdan birində dərc olunmuş tənqidi məqalədə də göstərildiyi kimi, aldığımız məlumatlarda bildirilir ki, filialın direktoru Razi Talıbzadə texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Biz həmçinin qeyd etmişdik ki, son vaxtlar ölkə mətbuatında Dövlət Nəzarəti Şöbəsi tərəfindən də “Aqrolizinq” ASC-nin filiallarında yer almış bir sıra maliyyə maxinasiyalarının aşkarlanması barədə məlumatlar dərc olunmaqdadır. O cümlədən bir müddət əvvəl dərc olunmuş məlumatlarda ASC-nin İmişli filialında 4 milyon manatdan çox büdcə vəsaitinin mənimsənildiyinin müəyyən olunduğu və bu faktla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparıldığı bildirilirdi. Təbii ki, bu ittihamları irəli sürən mənbə onları təsdiq etməli olan bir neçə faktı da redaksiyamıza təqdim etmişdir. Lakin həmin faktların hal-hazırda əməkdaşlarımız tərəfindən öyrənilməsi səbəbindən onları gələn saylarımızda oxuculara təqdim edəcəyik. Həmçinin ümid edirik ki, məsələyə ittiham olunan filialın rəhbərliyi də öz münasibətini bildirməkdən imtina etməyəcəkdir.

Geri qayıt