Əsas Səhifə > Cəmiyyət, Manşet > ASTARADA LATIN QRAFİKASINI BİLMƏYƏN MÜƏLLİM

ASTARADA LATIN QRAFİKASINI BİLMƏYƏN MÜƏLLİM


19-04-2013, 11:49
ASTARADA LATIN QRAFİKASINI BİLMƏYƏN MÜƏLLİM
BİABIRÇILIQLARIN ARXASINDA MƏRDANOV DAYANIR

DİA.AZ: - Bu gün Azərbaycanın əksər bölgələrində fəaliyyət göstərən rayon təhsil şöbələrinin işi yerli ictimaiyyət tərəfindən heç də yüksək qiymətləndirilmir. Biz artıq qeyd etmişdik ki, ölkənin təhsil sistemində yer almış nöqsanların aradan qaldırılması, bu sahədə həyata keçirilən əsaslı dövlət islahatlarının effektivliyinin artırılması məqsədilə bütün ictimaiyyət, o cümlədən kütləvi informasiya vasitələri də prosesləri diqqətlə izləyir və zəruri məqamlarda müəyyən müdaxilələrlə hadisələrin inkişafına təsir göstərməyə çalışırlar.

Bu baxımdan ölkə mətbuatının səhifələrində xüsusən bəzi rayon təhsil şöbələrinin yarıtmaz fəaliyyətlərinin ifşasına yönəldilmiş tənqidi materialların dərci təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Qeyd etməliyik ki, bu mövzu, DİA.AZ-a daxil olan çoxsaylı şikayət məktubları nəzərə alınmaqla, bizim də hər zaman diqqət mərkəzində saxladığımız sahələrdəndir. Bu mövzuya dair qaynaqlardan aldığımız məlumatlar isə, ümumilikdə təhsil sahəsində yaşanan problemlərdən bəhs etsə də, təqdim olunan faktların məxsusi təsnifatına görə bəzən fərqli də olurlar.

Buna misal olaraq Astaradan aldığımız çoxsaylı şikayət məktublarını nəzərdən keçirmək olar. Belə ki, bir müddət əvvəl, Astara ziyalılarını təmsil edən bir qrup vətəndaş Rayon Təhsil Şöbəsində aşkar olunmuş nöqsanlardan dolayı ciddi narahatlıqlarını bəyan etmişdilər. Məsələnin mahiyyəti isə bundan ibarət idi ki, Təhsil Nazirliyinin Astara Rayon Təhsil Şöbəsində apardığı yoxlamalar zamanı ortaya biabırçı nöqsanlar çıxmışdı. Məlum olmuşdu ki, Astara RTŞ-də metodkabinetin metodisti nəinki kurikulum islahatlarından xəbərsizdir, o hətta latın qrafikası ilə yazmağı belə bacarmır. Aydındır ki, bu nöqsan xüsusən ziyalı təbəqəsinə məxsus vətəndaşları son dərəcə narahat etməyə bilməz. Digər tərəfdən isə sadə vətəndaşlar, ələxüsus da daha yaşlı nəslin nümayəndələri, bəlkə də bu xəbəri az əhəmiyyətli hesab edər və ona: “təki dərdimiz metodist dərdi olsun”-deyərək reaksiya verərdilər. Amma fərqli problemlər də var ki, onların dərhal aradan qaldırılması tələbini irəli sürməkdə rayonun bütün ictimaiyyəti yekdillik nümayiş etdirir. Elə Astaranın Pensər kənd orta məktəbinin fizika “müəllimi” Sərraf Axundovla bağlı 2011-ci ildə yaşanmış insident də məhz bu tip mənəvi problemlərdəndir.

S.Axundov keçən ilin aprel ayına qədər həm də Astara Pedaqoji Kollecində müəllim işləyirdi. Həmin vaxtlarda yəqin ki, Sərraf “müəllimi” tanıyan şəxslərin çevrəsi onun işlədiyi tədris müəssisələrinin kollektiv üzvlərinin və yaşadığı kəndin sakinlərinin sayı ilə məhdudlaşırdı. Göstərilən tarixdə isə bu şəxs birdən-birə internetin “ulduzuna”, Astara RTŞ-nin isə əsil seks-simvoluna çevrildi. Bir günün içərisində, S.Axundovun həkim olduğu iddia olunan bir qadınla aşkar intim əlaqə səhnələrini əks etdirən video-görüntülər həm internetdə yerləşdirildi, həm də Astara gənclərinin mobil telefonları vasitəsilə ən çox ötürülən materiala çevrildi.

Bir neçə gündən sonra həmin video-görüntülər internet saytlarından çıxarılsa da, artıq İKT öz işini görmüşdü. Təbii ki, bu rüsvayçılıqdan sonra ən azından S.Axundovun pedaqoji fəaliyyətinə son qoyulacağını gözləmək olardı. Elə Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev də, bu şəxsin gənc oğlan və qızlara dərs deməsini artıq mümkünsüz hesab edərək, onu dərhal işdən azad etmişdi. Lakin, görünür Pensər kənd orta məktəbinin və eləcə də Astara RTŞ-nin rəhbərlərinin “mənəvi dəyərlər” anlayışına münasibətləri bir qədər fərqli olmuşdur. Elə bu fərq də S.Axundovun indiyədək orta məktəbdə müəllimlik etməsinə şərait yaratmışdır. Mənbələr bildirirlər ki, hadisədən keçmiş 20 ay ərzində Pensər kənd sakinləri mütəmadi olaraq ən müxtəlif instansiyalara onların övladlarının bu kimi “tərbiyyəvi əhəmiyyətə malik” təsirlərdən qorunmaları üçün müraciət etsələr də, S.Axundovun məktəbdən kənarlaşdırılması məqsədilə heç bir tədbir görülməmişdir. Bu isə təbii ki, təkcə bir kəndin də deyil, əslində bütün Astaralıların heysiyyatları ilə oynamaq anlamına gəlir.

Buna görə də, rayon sakinləri artıq Astara təhsilinin bu cür mənəviyyatsızlıqlardan təmizlənməsi üçün, yalnız Təhsil Nazirliyinin müvafiq addımlar atacağına ümid bəsləyirlər. Amma çifayda? Hər halda bu gün ölkə təhsilinin hazırki bərbad durumunun birbaşa sorumlusunun məhz təhsil naziri Misir Mərdanov olduğunu hər kəs yaxşı bilir. Odur ki, astaralılar ancaq Mərdanovun gedişindən sonra yaxşı nəyəsə ümid edə bilərlər...

Geri qayıt