Əsas Səhifə > Sosial, Manşet > MEHDİYEVİN DAHA BİR KADRI “QIRMIZI ZONA”DA

MEHDİYEVİN DAHA BİR KADRI “QIRMIZI ZONA”DA


20-04-2013, 10:33
MEHDİYEVİN DAHA BİR KADRI “QIRMIZI ZONA”DA
İCRA BAŞÇISI İLƏ YOLA GETMƏYƏN AQİYƏ NAXÇIVANLI DA YOLA SALINIR

DİA.AZ: - Oğuzun deputatı Aqiyə Naxçıvanlı ilə rayonun icra başçısı Eyvaz Qurbanov arasında narazılıq pik həddə çatıb. DİA.AZ-a verilən məlumata görə, icra başçısı birmənalı olaraq deputatı qəbul etmədiyini deyir və onunla bağlı bəzi qadağalar da tətbiq edib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Eyvaz Qurbanov Aqiyə Naxçıvanlının rayonda keçirilən tədbirlərə çağırılmasına qadağa qoyub. O, idarə və müəssisə rəhbərlərinə tapşırıb ki, əgər belə bir hal baş verərsə, həmin şəxslər işdən azad olunacaqlar.

Mənbə tərəflər arasındakı konfliktin bir neçə səbəbdən qaynaqlandığını bildirirlər. Onların ən başlıcası isə Oğuzda ticarət və biznes sahələrinin bölüşdürülə bilməməsidir. Belə ki, icra başçısı Oğuzda özünə turist obyektləri inşa etdirmək istəyir və bu biznesi nəzarətində saxlamağa çalışır. Amma Aqiyə Naxçıvanlı ona bu imkanı tanımaq fikrində deyil. Və bütün vasitələrlə həmin biznesə şərik olmaq fikrindədir.

Mənbə onu da bildirir ki, deputatın yaxın qohumu Prezident Admnistrasiyasında işlədiyindən icra başçısının ona təsir imkanları aşağı səviyyədədir. Eyvaz Qurbanov da bu səbəbdən dolayı vasitələrlə deputatı sıxışdırmağa çalışır.

Onu da bildirək ki, dünən təhsil naziri Misir Mərdanovun vəzifədən alınması da bu olaya təsir göstərə bilər. Çünki həm Mərdanov və həm də Aqiyə Naxçıvanlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandası hesab olunurlar. Və Naxçıbanlıya dəstək verənlərdən biri də elə Mərdanov idi və həm də Mərdanov onu Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru postunda da məhz qrup maraqları səbəbindən saxlayırdı.

DİA.AZ bildirir ki, Aqiyə Naxçıvanlının rəhbəri olduğu AMİ-nin ayrı-ayrı filial rəhbərləri buna qədər ağır ittihamların hədəfində olsa da, hətta onlardan bəziləri konkret ittihamlarla vəzifələrindən alınsalar da, deputatın özünə toxunan yox idi. Bunu xatırladan mənbəmiz iddia edir ki, yeni nazirin ilk işlərindən biri deputatın AMİ-dən uzaqlaşdırılması olacaq.

Geri qayıt