Əsas Səhifə > Partiya > 30-A YAXIN AXCP FƏALI HƏBS OLUNUB

30-A YAXIN AXCP FƏALI HƏBS OLUNUB


20-04-2013, 13:58
30-A YAXIN AXCP FƏALI HƏBS OLUNUB
Sabirabad polisi Xalq Cəbhəsi Partiyasının (AXCP) tədbirinə imkan verməyib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aprelin 20-də yerli cəbhəçilərdən birinin həyətində keçirilən tədbir başlayan kimi polislər ora daxil olaraq tədbiri dağıdıb:

«Biz tədbir keçirilməsi üçün bir neçə gün əvvəl icra hakimiyyətinə müraciət etmişdik, amma bizə yer verməmişdilər. Sonra biz bu tədbiri üzvümüz Sahib Rüstəmlinin həyətində keçirməyi qərara aldıq. Polis bir gün əvvəl xəbərdarlıq etmişdi ki, tədbir keçirilsə, qarşısı alınacaq. Biz isə bunun dinc bir tədbir olduğunu bildirmişdik və polisi də orada iştiraka dəvət etmişdik. Bu gün partiya Ali Məclisinin sədri Həsən Kərimov çıxış edəndə, birdən həyətə xeyli polis girdi və tədbiri dağıtdı».

Natiq Ədilov 30-a yaxın partiya üzvünün saxlandığını bildirir. Onun dediyinə görə, partiyanın bundan əvvəl rayonlarda keçirdiyi bütün tədbirlərdə bu kimi hallarla üzləşiblər.

Sabirabad rayon polisindən AzadlıqRadiosuna baş verənlərə münasibət bildirməkdən imtina etdilər.

Geri qayıt