Əsas Səhifə > Sosial, Manşet > KOMİTƏ SƏDRİ MAFİYA İLƏ İŞBİRLİYİNDƏ

KOMİTƏ SƏDRİ MAFİYA İLƏ İŞBİRLİYİNDƏ


6-12-2011, 12:03
KOMİTƏ SƏDRİ MAFİYA İLƏ İŞBİRLİYİNDƏ

RAMİZ HƏSƏNOV ÇÖRƏK SEXLƏRİNİ NİYƏ MÜDAFİƏ EDİR?

DİA.AZ: - Bir müddət öncə televiziyaların birində ölkənin çörəkbişirmə sexlərində məhsul istehsalı zamanı onlara »meyit dərmanı» kimi təqdim olunan kimyəvi maddənin vurulması haqda fikirlər səsləndirilmişdi. Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu fikirləri təsdiqləyərək çörək məhsullarının uzunmüddətli yumşaq saxlanmasını təmin etmək üçün »ölü dərmanı - unifol» maddəsinin qatıldığı haqda məlumatlı olduğunu iddia etmişdir.

Ancaq ötən gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumatda həmin fikirlər təkzib olunub və belə bir halın mövcud olmadığı bildirilib. Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məsələnin ictimaiyyət arasında geniş əks-səda doğurduğunu nəzərə alaraq araşdırma aparmış və müəyyən olunmuşdur ki, mətbuatda səslənən bu informasiyanın heç bir hüquqi əsası yoxdur və məlumatlar əslində istehlakçıların çaşdırılması məqsədi daşıyır. Belə ki, Azad İstehlakçılar Birliyinə ünvanlanmış 21.11.2011 tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, çörək məhsullarına »ölü dərmanı» - unifol kimyəvi maddəsinin vurulduğu barədə məlumatlar AİB-yə gələn bir neçə istehlakçı zənglərinə əsaslanır.

Komitə olaraq bildiririk ki, »unifol» adlı kimyəvi maddə ümumiyyətlə mövcud deyil. Unifol izolyasiya materialı olub tikintidə istifadə olunur. Bundan başqa istehlakçıların nəzərinə çatdırırıq ki, ölkəmizdə gündəlik təlabat məhsulu kimi ön sırada dayanan çörək istehsalı Komitənin müvafiq qurumlarının nəzarətindədir. Ərazi Dövlət Nəzarəti İdarələri tərəfindən qanunvericiliyə uyğun olaraq normativ sənədlərin tələblərinə uyğun gəlməyən, keyfiyyətsiz və təhlükəli məhsul istehsal edən təsərrüfat subyektləri aşkarlanır və həmin sahibkarlar inzibati məsuliyyətə cəlb edilərək müəssisələrdə məhsul istehsalı dayandırılır. Bu barədə Komitənin Mətbuat xidməti tərəfindən kütləvi informasiya vasitələrinə dərhal məlumatlar verilir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində, keyfiyyət infrastrukturunun inkişafında qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğumuzu bir daha bildirərək, Azad İstehlakçılar Birliyini insanlar arasında çaşqınlıq yaradan qeyri-səhih informasiyaları yaymamağa çağırırıq.


Geri qayıt