Əsas Səhifə > Şou-biznes > "ELÇİLƏRİM OLUB"...

"ELÇİLƏRİM OLUB"...


22-04-2013, 08:41
"ELÇİLƏRİM OLUB"...
..."AMMA NƏDƏNSƏ ALINMAYIB"

Teleaparıcı Xanım Natiqqızının Milli.Az-a müsahibəsi.

- Teleaparıcılığın ən çox bəyəndiyiniz tərəfləri hansılardır?

- Daxili və xarici gözəlliyi üzə çıxarmaq, verilişi daxilən hiss edib, yaşayıb, fikri tamaşaçılara çatdırmaq. Məndə reklam verilişi olduğuna görə tamaşaçılar üçün özümü tam ifadə edə bilməmişəm.

- Mətni əvvəlcədən hazırlayıb verilişə başlayırsınız, yoxsa improvizə bacarığınıza güvənirsiniz?

- Bəzən sözlər bədahətən gəlir, bəzən də əzbərləyirəm. Çəkiliş vaxtı əsəbləşəndə heç nə danışa bilmirəm. Ağzım qıfıllanır (gülür).

- Neçə ildir, televiziya sahəsində çalışırsınız?

- Mən Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəm. Uşaqlıqda “Qaynana” filminə baxan gündən, Afət obrazını görəndən aktrisa olmaq istəmişəm. Bizim evimiz Akademik Milli Dram Teatrına yaxın idi, həmişə deyirdim ki, böyüyəndə orada aktrisa işləyəcəyəm. Amma anam, atam həkim olmağımı istəyirdilər. Mən də bioloq oldum. İlk dəfə klinikaların birində resepşnda, bir də dərman firmasında işləmişəm. Daha sonra isə ANS-ə CV verdim və bir çox qızların içərisindən seçildim. Artıq 3 ildir ki, həmin televiziyada aparıcı işləyirəm.

- Jurnalistika təhsili almamağınız işinizdə sizə əngəl törətmir ki?

- Bəli, mənə çox maneçilik törədir (gülür). Mənim anam da, atam da Bakıda doğulublar. Arada olur ki, bakılı ləhcəsi ilə sözlər işlədirəm. Bir dəfə efirdə “səksən” əvəzinə “həştad” dediyim üçün maaşımdan kəsmişdilər (gülür). Hərdən isə “iyirmi” yerinə “igirmi” deyirdim (gülür).

- Saçınızın rəngini tez-tez dəyişirsiniz. Bunu çəkiliş tələb edir, yoxsa fərqli görünmək istəyirsiniz?

- Saçım həmişə qara rəngdə olub. Qara rəngli saç mənə çox yaraşır, amma efirdə nədənsə rəngimi boğur. Saçımın rəngini açdım. İndi efirdə qəşəng görünürəm, həyatda isə açıq rəngli saç mənə yaraşmır. Nə edək, efir də qurban tələb edir (gülür). Çalışıram, efirdə fərqli görünüm ki, tamaşaçı yorulmasın.

- Filmlərə, reklamlara çəkilmək üçün təkliflər gəlir sizə? Ən azından fakturanız buna imkan verir ki, çəkiləsiniz…

- Vahid Mustafayev “Ağabəyovlar” serialında mənə qısa bir rol vermişdi. Sözün düzü, seriala qarşı ailəm narazıdır. Bu yaxınlarda qısametrajlı qorxu filminə çəkiləcəyəm. Nəzərinizə çatdırım ki, bu, Azərbaycanda çəkiləcək olan ilk qorxu filmidir. Amma reklama çəkilmək üçün hələ bir təklif almamışam.

- İşiniz elədir ki, fərqli məkanlarda olursunuz. Hər dəfə gedib-gəlmək sizi yormur?

- Gedib-gəlmək məni heç bir zaman yormur. Gəzməyi sevən insanam. Amma müxtəlif təbəqədən olan insanlar ilə rastlaşanda insan bəzən sıxılır.

- Yeni layihəniz varmı?

- Bəli, inşallah, yeni “Moto moto” adlı layihəmlə gəlirəm. 35 dəqiqəlik çox maraqlı bir veriliş olacağına inanıram. Adətən, avtomobil verilişlərini televiziyalarda oğlanlar aparırlar. Mən yeganə avtoveriliş aparan qız aparıcı olacağam (gülür).

- Yəqin ki, elçiləriniz çox olub...

- Bəli, elçilərim olub, amma nədənsə alınmayıb. İlk elçim birinci kursda oxuyanda, ikinci elçim isə ikinci kursda oxuyanda olub (gülür).

- 4 kurs hər il sizə elçi gələnlər necə, olub?

- (gülür)...

- Özünüzü əlavə olaraq hansı sahədə sınamaq istərdiniz?

- Əslində, özümü hər sahədə sınamışam, rəngarəngliyi sevirəm. Bir ara baytar olmaq istəyirdim, zooparka gedib baytar yanında dərs aldım. Sonra hiss etdim ki, rəqsi də çox sevirəm. Onu da deyim ki, uşaqlıqda baletə getmişəm. 5 illik fortepiano təhsilim var. Bundan əlavə, dərziliyi çox sevirəm, bəzən özümə paltarlar da tikirəm. Bir sözlə, deyə bilərəm ki, hələ də özümü tapa bilməmişəm (gülür). Amma hər şeydən tez bezirəm (gülür).

- Dəblə ayaqlaşa bilirsiniz?

- Dəblə ayaqlaşmağı bacarmıram. Bəzən dəbdə olan geyimlər mənə yaraşmır. Sadə geyinməyi sevirəm. Həm də dəblə ayaqlaşmaq üçün çoxlu pulun olmalıdır. Mən isə maaşa baxan sadə usta qızıyam. Bədən ölçülərin yerindədirsə, nə geyinsən, yaraşacaq.

- Gərgin iş rejimindən sonra Facebook-da dincəlirsiniz?

- Bəli, Facebook-da istirahət edə bilirəm. Ümumiyyətlə, hər gün Facebook-da oluram, sizin saytınız olan Milli.Az-ı izləyirəm. Nə edək, biz də cavanlığımızı belə keçiririk. İşdən evə çox yorğun gəlirəm, yeməyimi yeyib kompüteri götürüb otağıma keçirəm. Hər gün eyni şeylər: iş, ev, kompüter, 3-4 saat yatmaq... Sabah yenə də eyni şeylər. Əslində, həyatım bir rəngdədir, rəngarəng deyil.

- Bəlkə, həyatınızı rəngarəng etmək üçün ailə qurmağınıza ehtiyacınız var?

- Bəlkə də. Artıq yaş da öz işini görür... 28 yaşım var. İnsanlara bir az güvənimi itirmişəm. Həm də tam ürəyimcə olan bir insan yoxdur. Ailə qurmaq asandır, bir kəllə qənd, bir üzük... Amma bir ömür yaşamaq var. Necə deyərlər, gec olsun, güc olsun (gülür). Hər bir insanın ailəsi olduğu kimi, mənim də ailəm olacaq.

- Toyunuzu necə təsəvvür edirsiniz?

- Toyumu, əslində, bağ evində 50-60 nəfər adamla qeyd etmək istərdim. Hamı kimi iri masa ətrafında oturmaq, toyumu 5-6 kameranın çəkməsini istəmirəm. Axı nəyə lazımdır, bir insanı yemək yeyən yerdə, oynayan yerdə çəksinlər? Bir kamera olsun, 20 dəqiqə qısa çəkiliş etsin. Məkana atam və anamla daxil olmaq istərdim. Sadə, yadda qalan, fərqli toyumun olmasını istəyirəm. Əslində, uşaqlıqda nağıllardakı kimi toy arzulayırdım, amma yaş artdıqca sadəliyi üstün tuturam.

Geri qayıt