Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEVİN ƏLEYHİNƏ KOALİSİYA

RÖVNƏQ ABDULLAYEVİN ƏLEYHİNƏ KOALİSİYA


6-12-2011, 12:07
RÖVNƏQ ABDULLAYEVİN ƏLEYHİNƏ KOALİSİYA

ARDNŞ PREZİDENTİNİN GÜCLƏNMƏSİ RƏQİBLƏRİNİ HƏRƏKƏTƏ GƏTİRDİ

DİA.AZ: - Sanki hər şey qaydasında və öz təbii axarı ilə gedir. İlk baxışdan belə görünür və bu görüntünün həqiqiliyini təsdiqləyən fakt da var ki, hakimiyyət düşərgəsi indi həmişəkindən daha təhlükəsiz və monolitdir. Həftədə bir-iki obyektin açılışı olur, camaatı zorla oraya yığıb qırmızı lenti kəsirlər, sonrası hər kəsə aydındır: intonasiya tonuna qədər əzbərlədiyimiz məlum çıxışlar və həmin çıxışlardan sonrakı sürəkli alqışlar.

Bütün bunların üzərinə müxalifətin susqunluğunu və çarəsizliyini də əlavə etdikdə pessimist bir mənzərə yaranır. Belə bir mənzərə isə hakimiyyətin möhkəmliyi haqda uydurulmuş mifin bir qədər də güclənməsindən başqa heç nəyə xidmət etmir. Əslində isə önümüzdəki darıxdırıcı görüntü süni şəkildə yaradılan ilğımdır. Bir qədər diqqətli olanlar ilğımın ötəsində ciddi proseslərin getdiyini və hakimiyyət içində ciddi ixtilafların yaşandığını müşahidə edir. Baş verənlərin təhlili isə hakimiyyət içindəki mafioz qruplaşmaların bir-birinə qarşı amansız savaşa start verdiyini təsdiqləyir. Hazırda iqtidar içindəki ən böyük koalisiya isə ARDNŞ prezidenti Rövnəq Abdullayevə qarşı qurulub.

Başqa sözlə, indi hakimiyyət daxilində yeni düzən qurulur. Güclər nisbəti dəyişdirilir və iqtidar daxilində yüksək nüfuz və imtiyazlara sahib bəzi oliqarxların siyasi iddialarla çıxış etmək imkanları sıfıra endirilir. Elə bir-birinin ardınca bir sıra qurumların ARDNŞ prezidenti Rövnəq Abdullayevin nəzarətinə keçirilməsi də həmin prosesin tərkib hissəsidir. Bu barədə əməkdaşımızla söhbətində hakimiyyət daxilində baş verən proseslər barədə bilgili şəxs adının çəkilməməsi şərti ilə məlumat verib. O deyib ki, artıq Dövlət Neft Şirkəti prezidentinin mövqeləri məqsədli şəkildə möhkəmləndirilir: »Proses »Azərkimya»nın və »Azəriqaz»ın ARDNŞ-in tabeçiliyinə keçirilməsi ilə başlayıb. »Azərsu»nun faktiki olaraq Rövnəq Abdullayevə tabe etdirilməsi ilə davam edib və qarşıdakı günlərdə digər qərarlarla proses kulminasiya nöqtəsinə çatdırılacaq».

Müsahibimiz qeyd edib ki, söhbət »Azərenerji» Səhmdar Cəmiyyətinin də ləğv olunaraq İstehsalat Birliyinə çevrilməsindən və ARDNŞ-ə tabe etdirilməsindən gedir. Proseslərin bu cür gedişatını şərh edərkən həmsöhbətimiz vurğulayıb ki, Rövnəq Abdullayev məqsədli şəkildə faktiki olaraq iqtidardakı digər söz sahiblərinə qarşı qoyulur: »Onun bu qədər möhkəmlənməsi təbii ki, »neft bossu»nu hakimiyyətdaxili ayrı-ayrı qrupların hədəfinə gətirməliydi və indi məhz bu baş verir. O, həmin »müharibə»dən çıxa biləcəksə, baş nazir təyinatının da məhz ARDNŞ prezidenti üzərində gerçəkləşəcəyinə şübhə yeri qalmır».

ARDNŞ prezidentinin mövqelərinin durmadan gücləndirilməsinin məhz R.Abdullayevin baş nazir təyin edilməsinə hesablandığını deyən müsahibimiz iqtidar içində ölkənin ikinci şəxsi olmağa yetərincə iddialı şəxslərin olmasını xatırladıb: »Onlar sözün bütün mənalarında Dövlət Neft Şirkətinin rəhbərindən daha köklü, dərin bağlara malikdirlər, iqtidar içində qərarların qəbulunda söz sahibidirlər. Rövnəq Abdullayevi baş nazir təyin etdirmək üçünsə onun ən azı həmin oliqarxlar gücündə və çəkisində olması lazımdır. Elə bir çox aparıcı sahələrin ARDNŞ prezidentinin nəzarətinə verilməsi də həmin gücləndirmə planının birbaşa tərkib hissəsidir».

Qaynağımız Rövnəq Abdullayevin təkcə inzibati və administrativ cəhətdən deyil, maddi baxımdan möhkəmlənməsinə hakimiyyətin yüksək dairələrində »yaşıl işıq» yandırılmasını da belə bir planın başqa bir tərkib hissəsi olduğunu deyib: »Məsələn, Dövlət Neft Şirkəti prezidentinin istər ölkə daxilində, istərsə də ölkə xaricində dayanmadan yanacaqdoldurma məntəqələri açması onun iqtidarın yuxarı eşalonu ilə razılaşdırmasının nəticəsidir. Bu yolla »neft bossu»nun əlində məqsədli şəkildə iri maliyyə rıçaqları yaradılır. Yaxud son zamanlar Rövnəq Abdullayevin istər ARDNŞ-in özündə, istərsə də »Azərkimya»da mühafizə xidməti və mülki müdafiə adı altında qanunsuz silahlı birləşmələri leqallaşdırması da təsadüf ola bilməz. Baş verənlərin bütün aspektlərdən təhlili Rövnəq Abdullayevlə bağlı baş nazirlik ssenarisi hazırlandığını və böyük sürətlə bu ssenarinin həyata keçirilməkdə olduğunu təsdiqləyir».

Bununla belə mənbəmiz digər hakim qruplaşmaların baş verənləri sakitliklə müşahidə etmək niyyətində olmadağını da diqqətə çatdırdı: »İndi Rövnəq Abdullayevə qarşı bir çox iri məmurlar birləşib. Bunun əsas səbəbi isə onların ARDNŞ prezidentini baş nazirlik məsələsində ortaq təhlükə kimi görmələridir.


Geri qayıt