Əsas Səhifə > Siyasət, Manşet > HACIBALA ABUTALIBOVUN QIŞ QAZANCI

HACIBALA ABUTALIBOVUN QIŞ QAZANCI


6-12-2011, 12:11
HACIBALA ABUTALIBOVUN QIŞ QAZANCI

PAYTAXT MERİYASININ MÖVSÜMİ GƏLİRLƏRİ

DİA.AZ: - Azərbaycanda, xüsusilə də paytaxt Bakıda qış fəslinin gəlməsi hər zaman problemlərlə müşaiyyət olunub. Maraqlıdır ki, hər il təxminən eyni hadisələr təkrarlanır. Yağan ilk qar və ya soyuqların qəfil düşməsi kommunal xidmətlərdən tutmuş yollara qədər paytaxt Bakının bütün infrastrukturunu iflic edir. Bu il də istisna olmadı. Ötən ayın sonlarında yağan qar Bakı meriyasının, onun rəhbəri Hacıbala Abutalıbovun büdcədən ayrılan milyonlarla vəsaitə baxmayaraq heç bir iş görmədiyini ortaya çıxartdı. Bu isə ortada ciddi korrupsiya əməllərinin mövcudluğundan xəbər verir.

Qış hələ tam şəkildə ölkəyə qədəm qoymayıb, lakin buna baxmayaraq, son günlərin ab-havası bu soyuq fəslə hazır olmadığımızı ortaya qoydu. Qarlı-küləkli hava, qaz və elektrik enerjisi problemi, kanalizasiya sisteminin bərbadlığı ucbatından küçələrin sel-suya qərq olması payız havasına bir ovqatıtəlxlik gətirdi. Bu baxımdan qışın oğlan çağı gələ, ətrafımızda da bu qədər çətinlik, indi əsəbləri taraz yaşa görüm, necə yaşayırsan...

Qeyd etdiyimiz mənzərəyə rəğmən, büdcədən infrastruktur layihələrinə, infrastrukturun yenidən qurulması və təmirinə xeyli vəsait xərclənir. Amma həmişəki kimi, ortada heç nə yoxdur. Maraqlıdır, yuxarıda təsvir etdiyimiz eyni vəziyyət hər il təkrarlanır, lakin qışa hazırlıq, əslində, hazırsızlıq elə olduğu kimi qalır.

İnfrastruktur layihələrinin yenilənməsi, təkmilləşdirilməsilə bağlı işlər elə də köklü dəyişiklik yaratmır. İnsanların sosial problemlərinin həllinə əhəmiyyətli dərəcədə təsir etmədiyindən belə işlərin faydalılıq dərəcəsi sıfra yaxındır. Hələ qış gəlməmiş, onun ilk günlərindən yollarda suların qalması, hərəkətliliyin aşağı düşməsi problem yaratdı. Bəlli olur ki, büdcədən ayrılan vəsaitlərin təyinatlılığı səmərəli olmayıb. Ayrılan vəsaitlər sosial problemləri azaltmayıb. Kifayət qədər vəsait ayrılsa da, bu problemlər olduğu kimi qalıb.

Büdcə vəsaitlərinin səmərəliliyi və şəffaflığı, təyinatı üzrə xərclənməsi baxımından narahatlıq yaradan məqamlar var. Hər halda Bakı Şəhər Icra Hakimiyyəti ayrılan vəsaitlərlə bağlı özünə hesabatlılıq baxımından yenidən təftiş olunmalıdır.

Amma nədənsə müvafiq qurumlar hələ də Hacıbala Abutalıbovdan hesabat istəməyə hazırlaşmır. Belə bir hal isə ayrılan milyonları Hacıbala Abutalıbovun tək »yemədiyini», həmin vəsaitin daha iri güclər tərəfindən elə kağız üzərindəcə bölüşdürüldüyü şübhələrini artırır.


Geri qayıt