Əsas Səhifə > Cəmiyyət, Manşet > «ROYAL BANK» ƏMANƏTÇİLƏRİ KİMİN HƏBSİNİ İSTƏYİR?

«ROYAL BANK» ƏMANƏTÇİLƏRİ KİMİN HƏBSİNİ İSTƏYİR?


22-04-2013, 14:18
«ROYAL BANK» ƏMANƏTÇİLƏRİ KİMİN HƏBSİNİ İSTƏYİR?
ƏLİ CAMIN DUBAYDALI MÜLKLƏRİ DƏ MÜSADİRƏ OLUNSUN

DİA.AZ: - Redaksiyamıza fəaliyyəti daandırılmış, müflis elan edilmiş «Royal Bank» əmanətçiləri adından yeni şikayət məktubu daxil olub. Xatırladaq ki, keçən günlərdə sözügedən əmanətçilərin DİA.AZ olaraq haqq səsini ictimailəşdirmişdik ki, bunun ardından da ADİF - Dövlət Sığorta Fondu tərəfindən «RoyalBank» əmanətçilərinə müraciət olundu və onlara yeni vədlər verildi.

DİA.AZ-a daxil olan son məktubda isə şikayətçilər qaranlıq qalan suallarına cavab, batan pullarına isə nicat axtarırlar. Məktubda deyilir: «Nədən «Royal Bank» əmanətçilərinə bankın müflis elan olunması ilə bağlı iqtisad məhkəməsinin qərarı verilmir? Burada hansı qaranlıq oyunlar var? Çünki hər il aktivlərini artıran bir bankın müflis elan edilməsi sırf oyun nəticəsidir və iqtisadi reallığın nəticəsi deyil.

Nədən «Royal Bank» əmanətçilərinə bankın debit-kredit hesabatının rəqəmlərini təqdim etmirlər? Əmanətçilərin ki, bunu bilməyə haqqları var… Bu məlumatı bankın saytında da yerləşdirmək mümkündür.

Hanı əsas günahkar? «Royal Bank»ın prezidenti kimi təqdim olunan Əli Cam hardadır? Məgər o, əmanətçilər qarşısında mənəvi və maddi məsuliyyət daşımalı deyilmi? Əslində bu adam həbs olunmalıdır və onun həm Bakıdakı və həm də Dubaydakı əmlakı müsadirə olunaraq pulları batmış əmanətçilərin xeyrinə sərf olunmalıdır. Əli Camın adına bu linkdə - - də rast gəlmək olar və onun buradakı əmlakı da əlindən alınmalıdır.

Hər halda, bu adam məsuliyyətə cəlb edilməzsə, cəzalandırılmazsa, o zaman bizim kimi başqalarının da pullarını mənimsəyib, onları kef-damağa xərcləyəcək.

Biz, buradan DİA.AZ vasitəsilə hörmətli Elmar Rüstəmovdan xahiş edirik ki, «Royal Bank» əmanətçilərinin haqqlarını bərpa etsin. Əgər bu baş verməzsə, o zaman Azərbaycanda bankların hamısının nüfuzu təhlükə altına düşər. Bundan isə daha çox zərər çəkəni təbii ki, Mərkəzi Bank olacaq.

Əgər bizim haqq səsimizi eşidilməzsə, o zaman möhtərəm prezidentimiz İlham Əliyev cənablarından kömək və müdaxilə istəyəcəyik».

Bütün tərəfləri dinləmyə hazırıq.

Geri qayıt