Əsas Səhifə > Şou-biznes > "MƏN HEÇ VAXT AİLƏ QURMAYACAM"
"MƏN HEÇ VAXT AİLƏ QURMAYACAM"23-04-2013, 09:05 |
"30 YAŞA ÇATANDA ÖLƏCƏM" Teleaparıcı Kəmalə Piriyevanın Milli.Az-a müsahibəsi. - Necə oldu ki, aparıcı oldunuz? - Mən, əslində, rejissorluq fakültəsini bitirmişəm. Birinci kursda oxuyarkən bizi ATV-yə təcrübəyə göndərmişdilər. İçəri girən kimi mənə dedilər ki, səndə aparıcı siması var. Mənə bu işi təklif etdilər. Razılaşdım. Beləliklə, ilk dəfə 17 yaşımda efirə çıxdım. Özü də canlı yayıma. Çox həyəcanlı idim. Siyavuş müəllim mənim qulağıma bir söz dedi, o sözdən sonra mən öz missiyamı qüsursuz və gözəl bir şəkildə yerinə yetirməliydim. Şükürlər olsun ki, mənə verilən tapşırığın öhdəsindən layiqincə gələ bildim. Aparıcılıqla yanaşı, rejissorluq dərsləri də alırdım və bir neçə verilişin rejissorluğunu edirdim. - Sizin mahnı oxumaq həvəsiniz də var? - Bəli, mahnı oxumaq mənim sevimli məşğuliyyətlərimdən biridir. Amma müğənni olmaq fikrim yoxdur. Sadəcə olaraq, buna hobbi kimi baxıram. Mən, ümumiyyətlə, incəsənətin hər bir sahəsinə maraq göstərirəm. Aktrisalıqla da məşğul oluram. Gənc Tamaşaçılar Teatrında bəzi tamaşalarda rol almışam. Eyni zamanda seriallarda da çəkilirəm. - Sadaladığınız bu sahələrdən hansı sizə daha yaxındır? - Aktrisalığı özümə çox doğma bir peşə hesab edirəm. - Ailə qurmusunuz? - Xeyr, mən heç vaxt ailə qurmayacağam. - Bəs sevdiyiniz insan olub? - Olub. - O indi haradadır? - Sevdiyim insan indi də mənim yanımdadır. - Fateh olsaydınız, hansı şəhəri fəth etmək istərdiniz? - İstanbulu. Çox sevirəm o şəhəri. - Hansı hisslər sizə tanış deyil? - Bütün hisslər mənə tanışdır. Hamısını yaşamışam. - Gününüzün çox hissəsini nəyə sərf edirsiniz? - İşim çox olanda işlərimə sərf edirəm. İşim olmayanda isə rəfiqələrimlə tez-tez görüşürəm. Vaxtımı onlarla birlikdə keçirirəm. Gəzirəm, əylənirəm və s. İdmanla da məşğul olurdum, lakin son zamanlar ara vermişəm. - Qazancınız özünüzə kifayət edir? - Bəli, yetərincə bəs edir. Amma bədxərcəm. Sabahı fikirləşmirəm. Əlimə pul düşən kimi hamısını xərcləyirəm. Ən çox da geyimə pul verirəm. - Ən çox nədən qorxursunuz? - İlandan dəhşətli dərəcədə qorxuram. Onun şəklinə də baxa bilmirəm. - Üzünüzdəki hansı üzv xoşunuza gəlir? - Konkret deyə bilmərəm ki, gözüm, qaşım, burnum, dodağım qəşəngdir. Amma dişlərimi çox bəyənirəm. Ümumiyyətlə, mən özümü ideallıqdan uzaq görürəm. - Bəs kimi ideal hesab edirsiniz? - Konkret olaraq desəm, Meqan Foksu ideal bir xanım hesab edirəm. Mənə görə, o, qüsursuz bir xanımdır. - Keçmişə qayıtsanız, nəyi görmək istəyərdiniz? - Əslində, keçmişə qayıtmaq, yaşadıqlarımı bir də yaşamaq istəmərəm. - Keçmişə qayıtmaq istəməməyinizin səbəbi nədir? - Mən uşaq olarkən valideynlərim ayrılıblar. O mənə çox pis təsir edib. - Kimdən uzaq düşmüsünüz? - Bacımdan. O indi xaricdə təhsil aldığı üçün bizdən ayrı düşüb. - İndi ən böyük probleminiz nədir? - Şükürlər olsun ki, elə də böyük bir problemim yoxdur. Düzdür, zaman-zaman kiçik problemlərim olur, amma onları da yoluna qoymaqda çətinlik çəkmirəm. - Geyim tərzinizi özünüz müəyyən edirsiniz? - Bəli, istər efir üçün, istərsə də gündəlik həyatda istifadə etdiyim paltarları özüm seçirəm. Mənə bununla bağlı qadağalar qoyulmayıb. Amma hərdən anam hansısa paltarı bəyənməyəndə öz iradını bildirir. - Sizi ən çox nə qıcıqlandırır? - Əslində, məni qıcıqlandıran elə bir şey yoxdur. Təbiətcə sakit biriyəm. Çalışıram ki, hamıyla dil tapım. Lakin bəzi insanlar olur ki, onlara söz deyirsən, səni başa düşmək istəmirlər. Belə desək, dilbilməz insanlara qarşı qıcıqlanıram hərdən. - Plastik əməliyyatdan istifadə etmək fikriniz var? - Buna normal baxıram. Lazım gələrsə, elətdirərəm. - Daxilinizdəki nöqsanlar hansılardır? - Bilirsiniz, insan elə bir varlıqdır ki, onun daxilində kin-küdurət, paxıllıq, qısqanclıq və s. kimi xüsusiyyətlər var. Mən demirəm ki, sadaladıqlarımın hamısı məndə var. Əsas odur ki, öz nöqsanlarımı görürəm və onları tədricən aradan qaldırmağa çalışıram. - Qısqancsınız? - Əvvəllər bu hiss məndə yox idi. Ancaq son zamanlar bu hisslə də tanış olmuşam. Özü də həddən artıq dərəcədə. - Son zamanlar başqa hansı xüsusiyyət formalaşıb sizdə? - İndi adi bir şeyə, adi bir sözə dərhal reaksiya göstərirəm. - Sizə nəyi tez-tez irad tuturlar? - Nə bilim, siz deyən, elə də kəskin iradlar eşitməmişəm. - Gələcəyinizi necə xəyal edirsiniz? - Mən 30 yaşımdan o tərəfi təsəvvürümə gətirə bilmirəm. Hətta mənə elə gəlir ki, bu yaşa çatanda öləcəm (gülür). - İndi nəyə iddialısınız? - Ancaq sənətimlə bağlı irəliləyişlər və nailiyyətlər üçün çaılışıram. Daha çox uğur əldə etmək üçün can atıram. - Gələcək planlarınızda nələr var? - Bir neçə layihəm var. Onları həyata keçirmək istəyirəm. Əyləncə xarakterli verilişlər hazırlamaq fikrindəyəm. Geri qayıt |