Əsas Səhifə > Şou-biznes > "HÖNKÜRTÜ İLƏ AĞLAMAĞA BAŞLADIM"...

"HÖNKÜRTÜ İLƏ AĞLAMAĞA BAŞLADIM"...


25-04-2013, 08:44
"HÖNKÜRTÜ İLƏ AĞLAMAĞA BAŞLADIM"...
"ÖZÜMƏ SÖZ VERDİM Kİ"...

Xalq artisti Həmidə Ömərovanın Milli.Az-a müsahibəsi.

Ömərova Həmidə Məmməd qızı 1957-ci il aprelin 25-də Bakıda dünyaya gəlib. 1975-79-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-93-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-93-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifidir.

Filmoqrafiya: Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

- Həmidə Ömərova necə tələbə olub?

- Elə ondan başlayım ki, mən çox utancaq tələbə olmuşam. Görünüşüm də əsl utancaq azərbaycanlı qızının görünüşü idi - uzun hörüklərim var idi. Bütün fənlərdən əlaçı idim, amma bir dəfə də olsun, etüd göstərməmişdim. Belə utancaqlığa müəllimlərim zahiri görünüşümə görə dözürdülər.

- Tələbə yoldaşlarınız haqqında nə deyə bilərsiniz?

- Tələbəlik illərindən yadımda qalan ən parlaq təəssüratlardan biri kimi dərs zamanı dolu yağmağa başlayanda Ötkəmin (əməkdar artist Ötkəm İsgəndərov - red.) pəncərəyə çıxıb rəqs etməyə başlamasını deyə bilərəm. "VGİK"də (ÜDKİ - red.) təhsil almaq təbii ki, çox maraqlı idi. Bütün SSRİ-də əcnəbi filmlərə birinci biz baxırdıq. Hər bir əcnəbi film nümayişlənəndən əvvəl yaradıcı heyətin bəzi üzvləri ilə görüş təşkil olunurdu. Hər dəfə də zalda iynə atsaydın, yerə düşməzdi. Ona görə oğlan tələbə yoldaşlarımız əvvəldən zalın bir sırasının oturacaqlarını o başdan bu başa iplə bağlayırdılar ki, biz qızlar rahat oturub filmə baxaq.

- Nə kimi hadisələr yadınızda qalıb?

- Yadıma gəlir ki, 1 May bayramında Yevgeni Semyonoviç (Y.S.Matveyev 1975-79-cu illərdə ÜDKİ-də təhsil alan azərbaycanlılardan ibarət kursun rəhbəri, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, teatr və kino aktyoru, ssenari müəllifi və rejissor - red.) dedi ki, gedək “VDNX”-nın (ВДНХ - Выставка достижений народного хозяйства СССР - SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisi - red.) arxasındakı çəmənlikdə piknik edək. Elə yenicə oturmuşduq, bir milis başımızın üstünü kəsdirdi ki, bilmirsiz, burada piknik etmək olmaz?! Matveyev də dedi ki, siz məni tanımadınız, mən Matveyevəm, bu da mənim tələbələrimdir. Milis işçisi isə dedi ki, mən də İvanovam, nə olsun ki, qanun hamı üçün birdir. Təbii ki, o, Yevgeni Semyonoviçi tanımışdı, amma bu o demək deyildi ki, qanun ona aid edilməməliydi.

Birinci dəfə Bolşoy Teatra getməyimizi xatırlayıram - qayıdanda nəqliyyat tapmadıq, bütün yolu Azərbaycan xalq mahnıları oxuya-oxuya yataqxanaya çatdıq. Bizim Azərbaycan dili müəllimimiz əvvəl Alla Axundova idi, sonra isə Həsən Əbluc oldu. Yadıma gəlir ki, Azərbaycan dilində kitabların instituta gətirildiyi gün əsl kitab bayramına çevrilmişdi.

- Bəs utancaqlığınıza qalib gəlməyiniz necə baş verdi?

- Yevgeni Semyonoviçdən başqa bizim kursun daha üç müəllimi var idi: Novosadov, Çerkasova, Savçenko. Bütün kurslar kimi biz də dörd diplom tamaşası hazırlamalı idik - “Həyatın dibində” və “İki veronalı”nı Azərbaycan dilində, “Lyubov Yarovaya” və “Zorən təbib”i rus dilində təhvil verməliydik. O institutda diplom tamaşaları əsl səhnədə, əməlli-başlı dekorasiyalarla hazırlanır. O dövrün bütün görkəmli sənətkarları nəinki bu tamaşalarda, məşqlərdə, bütün digər imtahanlarda da iştirak edirdilər. İmtahanlar da, diplom tamaşalarının təhvili də açıq keçirdi. Üçüncü kurs, sentyabrın 1-i idi. Diplom tamaşalarının rolları bölünəndə mənə bircə rol ayırdılar, o da “İki veronalı”da qulluqçu Lüçetta obrazı. Çox hiddətləndim - necə yəni, mənim kimi əlaçı tələbəyə bircə rol, o da qulluqçu?! Əlimi qaldırıb dedim ki, etüd göstərmək istəyirəm, Yevgeni Semyonoviç çox təəccübləndi. Sevincək dedi ki, buyur, Həmidə. Orada auditoriyanın quruluşu başqa cürdür - masalar üç paralel sırada yox, divarlar boyunca dairəvi qoyulub, ortalıq etüdlər göstərmək üçün boş saxlanılıb. Yevgeni Semyonoviç soruşdu ki, hansı obrazı göstərmək istəyirsən: yaxın adamını itirəni, yoxsa borc pul istəyəni? Dedim ki, yaxın adamını itirəni. Keçdim mərkəzə, stulda oturub ayağımı ayağımın üstünə qoydum və başladım incik, acıqlı baxışlarla Yevgeni Semyonoviçə baxmağa. Mənə yalnız qulluqçu rolunu verməsi heysiyyətimə toxunmuşdu axı.

Müzakirədə uşaqlar məni tənqid edib deyəndə ki, biz Həmidəyə inanmadıq, yaxın adamını itirmiş kəs o cür otura bilməz, büzüşüb otura bilər, Həmidənin oturuş tərzi isə arxayınlıq əhvalını göstərir, mən hönkürtü ilə ağlamağa başladım və özümə söz verdim ki, bundan sonra aktrisalıq bacarığımı sübut edəcəm. Beləliklə, məşqlər başladı. Savçenko məni tərifləyəndə Sergey Bondarçuk demişdi ki, Həmidənin rolun öhdəsindən gəlməsi təsadüfdür. Amma mən təslim olmaq fikrində deyildim. Nəhayət, Bondarçuk Lüçettanın öhdəsindən gəlməyimin təsadüf olmadığını etiraf etdi və... hətta Yevgeni Semyonoviçə dedi ki, sən xanım rolu ilə qulluqçu rolunun ifaçılarını səhv salmısan. Yəni “İki veronalı”dakı Silviya obrazında Bondarçuk məni görürdü. Onda anladım ki, mən xarakter aktrisasıyam.

Məşqlər başlayandan bəri hamısında iştirak edirdim. Baxa-baxa rolların hamısını öyrənmişdim. Bir gün “Lyubov Yarovaya”nın məşqində Panova rolunu ifa edəcək tələbə yoldaşlarımdan biri rejissorun dediklərini canlandıra bilmədi. Rejissor çox əsəbləşmişdi. Onda mən Panova obrazını göstərmək üçün icazə istədim, rejissor da əlacsızlıqdan, heç üzümə baxmadan icazə verdi. Rolu ifa etməyə başlayanda isə başını qaldırıb heyrətini gizlədə bilmədi, dedi ki, bax, bu rolu belə oynamaq lazımdır.

“Zorən təbib”də Lüsinda rolunda çıxış edəcək tələbə yoldaşım ikinci kursda ailə qurmuşdu, məşqlər başlayanda isə ana olmağına artıq üç ay qalmışdı. O obraz isə çox hərəkətli idi, gözəl də paltar tikilmişdi onunçün, qaça-qaça gələndə kəpənəyə oxşayırdı. Məşqlərin birində Yevgeni Semyonoviç qızın vəziyyətindən xəbər tutdu və dedi ki, bu vəziyyətdə onu bu cür dinamik rolda səhnəyə buraxmaq böyük riskdir. Vəziyyət, doğrudan da, çox gərgin idi, çünki ikicə məşq günü qalmışdı, tamaşa artıq təhvil verilməliydi, amma belə bir vəziyyət yarandığı üçün tamaşa ləğv edilə bilərdi. Çerkasova dedi ki, Həmidə bütün məşqlərdə iştirak edib, bəlkə, onu sınaqdan keçirək?

Yevgeni Semyonoviç inanmırdı ki, məşqlərə oturub baxmaqla bu rolun öhdəsindən gələcəm. Amma hər şey gözlənildiyindən də yaxşı alındı. “Proqon”da bu rolu mən ifa etdim və beləliklə diplom müdafiəsinə iki tamaşa ilə buraxıldım - “İki veronalı”da Silviya, bir də “Zorən təbib”də Lüsinda rolu ilə. Panova rolu isə qırmızı diplomuma nəzəri rol kimi yazıldı. Vidalaşanda Yevgeni Semyonoviç dedi ki, sən əvvəldə utancaq olduğun, heç bir epizod göstərmədiyin üçün sənin aktrisalıq bacarığının istiqamətini gec kəşf etdik, sən xarakter aktrisası imişsən.

- Amma belə rollarınız çox azdır...

- Çünki bizim rejissorlar potensialımın belə bir vacib cəhətini hələ də görmürlər, ona görə də çox vaxt məni müsbət, passiv qadın obrazlarına dəvət edirlər. Bir sözlə, Azərbaycan kinosunda istedadım tam açılmayıb...

Geri qayıt