Əsas Səhifə > Partiya > "HAMISI BİR "JEK" MÜDİRİNƏ DƏYMƏZ"

"HAMISI BİR "JEK" MÜDİRİNƏ DƏYMƏZ"


25-04-2013, 12:10
"HAMISI BİR "JEK" MÜDİRİNƏ DƏYMƏZ"
"RÜSTƏM İBRAHİMBƏYOV DA DAXİL OLMAQLA"...

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun ölkədəki müxalifət daxilində baş verən proseslərlə bağlı Trend-ə müsahibəsi
- Siyavuş müəllim, AXCP sədri Əli Kərimli mətbuata müsahibəsində Azərbaycanda demokratik seçki mühitinin olmadığını və müxalifətin seçkidə uğur qazanması üçün demokratik seçki mühitinin yaradılmasının vacibliyini vurğulayıb.
- Azərbaycanda həmişə azad, ədalətli və demokratik seçkilər keçirilib, ölkədə demokratik seçki mühiti var. Azərbaycan az ölkələrdən biridir ki, seçkini keçirmək üçün ciddi qanunvericilik bazası var, Azərbaycanda Seçki Məcəlləsi var, hansı ki, Avropanın bir çox dövlətlərində belə bir Seçki Məcəlləsi yoxdur. Bu Seçki Məcəlləsinin müddəaları bütün beynəlxalq təşkilatlar tərəfindən də bəyənilib. Qanunvericiliyə görə, Azərbaycanda dəfələrlə azad və ədalətli seçkilər keçirilib və indi də keçiriləcək. Azərbaycanda tam azad ictimai-siyasi mühit var, hər bir şəxs öz fikrini azad ifadə edə bilir, mətbuat orqanları çap olunur, istənilən adamı tənqid edirlər, hətta bəziləri təhqir də edirlər. Bu gün Azərbaycanda ən azad internet mühiti var və hər kəs öz fikrini internet, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırır. Həmçinin Azərbaycanda informasiya agentlikləri geniş şəkildə fəaliyyət göstərir, KİV-ə dövlət tərəfindən olan diqqət və qayğı heç bir ölkədə yoxdur.
Azərbaycanda iqtisadi inkişaf öz axarı ilə gedir, yeni iş yerləri açılır, sosial problemlər həll olunur. Yəni, bütün sahələrdə Azərbaycanda inkişaf gedir.
Azərbaycanda seçki mühitinə hazır olmayan və əhali tərəfindən qəbul olunmayan müxalifətin bir qrupudur. Xüsusilə Xalq Cəbhəsi və onun ətrafında olan bir neçə kiçik partiya seçki mühitinə hazır deyillər və ictimaiyyət tərəfindən dəstəklənmirlər. Xalq Cəbhəsi Partiyası ömrü boyu tərkibində islahat apara bilməyən bir təşkilatdır. Xalq Cəbhəsinin tərkibindən 8-dən artıq partiya yaranıb və bir şəxsin təşkilatı geri aparmaq nəticəsində təşkilatdan ayrı-ayrı qruplar çıxıblar. Bu gün Xalq Cəbhəsi və Əli Kərimlinin ətrafında olanlar onun cangüdənləri, sürücüləri, qohum-əqrabaları və bir necə gəncdir.
"Lenin gedib Razliv gölünün ətrafında görüşlər keçirən kimi, bunlar indi həmin pisxologiyadan kənara çəkilməyib"
- Siyavuş müəllim, AXCP regionlarda partiyanın yerli şöbələrinin görüş keçirməsinə maneçilik törədildiyini iddia edir. Bu iddialar nə dərəcədə həqiqətəuyğundur?
- Hər bir siyasi partiya öz tərəfdaşları ilə görüş keçirə bilər. Sadəcə olaraq bu gün öz namizədliyini elan edən artıq elə bilir ki, bu, prezidentliyə namizəddir və prezidentliyə namizəd kimi görüşlər keçirə bilər. Ölkənin qanunvericiliyi var, Seçki Məcəlləsində də bildirilir ki, namizədin irəli sürülməsi seçkilərin elan olunub qəzetlərdə dərc olunmasından sonra həyata keçirilə bilər. Həmin şəxs də namizədliyini irəli sürüb, lazım olan 40 min imzanı toplayıb, müvafiq sənədlərlə birlikdə təqdim edib, qeydiyyatdan keçdikdən sonra namizəd statusu alır. İndi hər adam axşam durub evində elan etsin ki, mən prezidentliyə namizədəm və yaxud da 5-6 dost tanışı ilə yığışıb bir qərar qəbul etsin, bu, prezidentliyə namizədlik statusu vermir və bu da hər hansı bir qanun ilə tənzimlənmir. Bu,"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla tənzimlənir və qanunda da göstərilir ki, əgər bu gün sən partiyanın ofisində bir görüş keçirdirsənsə, buyur görüş. Əgər ictimaiyyətlə görüşürsənsə, qabaqcadan xəbərdar etməlisən ki, filan vaxt filan yerdə mən bu tədbiri keçirmək istəyirəm.
Bilirsiniz ki, bu gün ölkədə təhlükəsizlik məsələləri var, təxribatlar ola bilər. Azərbaycan dövlətinin də borcu öz vətəndaşlarını qorumaqdır. Bu baxımdan da kim harada tədbir keçirmək istəyirsə, qabaqcadan xəbərdarlıq etməklə və onun təhlükəsizliyi təmin olunmaqla istənilən tədbiri keçirə bilər. Oğurluqla, gizli, qaçaqaçla hansısa evdə, hansısa həyətdə görüş keçirmək nə deməkdir? Biz hansı dövrdə yaşayırıq? İnqilab dövründə Lenin gedib Razliv gölünün ətrafında görüşlər keçirən kimi, bunlar indi həmin psixologiyadan kənara çəkilməyib, həmin psixologiyada görüşlər keçirirlər.
- Müxalifət vahid namizəd məsələsi ilə yekun qərar qəbul etməkdə vaxt azlığından danışır. Sizcə bununla bağlı qərar daha oncə qəbul edilməməlidirmi?
- Mənim yadımdadır ki, parlament seçkiləri elan olunmuşdu, amma bunlar hələ bilmirdilər ki, hansı dairədən hansı namizəd irəli sürəcəklər. Sonra da deyirlər ki, vaxt məhduddur. Yəni, siyasi partiya seçkiyə 6 ay qalmış bilməlidir ki, hansı dairədən hansı namizədi irəli sürəcək.
İndi də bunlar hələ namizədi müəyyənləşdirə bilməyiblər. Vahid namizəd anlayışı yoxdur, vahid namizəd anlayışı ondan ibarətdir ki, hamı deyir ki, vahid namizəd mənəm və bunların da heç biri digərinə güzəştə getməyəcək.
Xatirimdədir, 1998-ci ilin prezident seçkilərində rəhmətlik Əbülfəz Elçibəy xahiş elədi ki, onu vahid namizəd kimi qəbul etsinlər. Həmin vaxt Elçibəyin vahid namizəd olmağına İsa Qəmbər, Əli Kərimli və digərləri razılıq vermədi. Dedilər ki, hər kəs özü namizədliyini irəli sürsün. İndi də bilirdilər ki, ölkədə prezident seçkiləri keçiriləcək. Yığışardılar, vahid namizədi müəyyən edərdilər. İndi oturub, üç-üç, beş-beş məsləhətləşmələr keçirdirlər. Bunların bizim üçün əhəmiyyəti yoxdur, çünki bizim namizədin alternativi yoxdur.
Sadəcə olaraq partiyaları hörmətdən düşdüyünə görə, bunlar öz partiyaları adından özlərini cəmiyyətə təqdim edə bilmirlər. Çünki hörmətsiz partiyadır, cəmiyyət qəbul etmir. Ona görə müxtəlif adlar qoyurlar - "el", "sel", Milli Şura, Milli Müqavimət Hərəkatı, İctimai Palata. Bir ilin içərisində nə qədər hərəkat yaradıblar? Eyni adamlardır, tərkibə baxırsan eynidir, çünki bunların xalqın qarşısına öz adı ilə çıxmağa hörməti və üzü yoxdur. Ümumiyyətlə, bunlar bolşevik psixologiyalı insanlardır, bunlar ad dalınca qaçırlar. Misal üçün, o vaxt utopik sosialistlər var idi, hərəsi bir cür düşünürdü, ondan sonra başqa-başqa qruplar yarandı. Azərbaycan müstəqillik əldə edən vaxt ortalığa məsələ atırlar ki, Milli Şura yaransın, nə bilim dövlət şurası yaransın.
"Eldar Namazov Rusiyanın agentidir"
- Yeri gəlmişkən, ötən günlərdə "El" hərəkatında yeni təyinetmələr oldu. Bundan əlavə son dövrdə müxalifət düşərgəsində Milli Şura adlanın qurumun yaradılmasına dair müzakirələr gedir. Ümumiyyətlə, bu qurumların perspektivini necə görürsünüz?
- Bu, "el" klubudur. Yəni, misal üçün, Şən və Hazırcavablar Klubu olur, başqa-başqa klublar olur. "El" də belə bir qrupdur, ictimai-siyasi hərəkat, dalğa deyil. Hərəkatın arxasında xalq qüvvələri durur. "El"də isə ordan-burdan qovulmuşlar, Rusiyanın agentləri, Azərbaycanda üç adamın yanında hörməti olmayan, yararsız rejissorlar, heç bir yerdə özünə yer qazana bilməyən adamlar toplaşıb. Eldəniz Quliyev var orda. O, ömründə bir ssenari yazıb, o da "Cin mikrorayonda", qurtardı getdi. Yəni Qarabağla bağlı, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı heç bir iş görməyib, adını da qoyub ziyalı. Sənin haran ziyalıdır? Sən rejissorsansa, bu o demək deyil ki, sən ziyalısan. Sənin nəyin ziyalıdır? Ziyalı kimi xalqın qarşısında hansı vəzifəni yerinə yetirmisən? Və yaxud da Eldar Namazov, oradan-ora qovulur, buradan-bura, Rusiyanın agentidir. "El" layihəsi də Rusiyanın bir layihəsi idi, amma gördülər ki, mənasızdır.
Deyirlər ki, guya Rüstəm İbrahimbəyov gələcək, Milli Şura yaradacaq. Rüstəm İbrahimbəyov kimdir axı? Olsa-olsa, yaxşı halda bir ssenarist ola bilər, o da olsa. Rüstəm İbrahimbəyov iki adama rəhbərlik etməyib, dövlət adamı deyil, dövlətçilikdə təcrübəsi yoxdur, siyasətdə təcrübəsi yoxdur, 70-dən yuxarı yaşı olan bir adam ömrü boyu bir "jek" müdiri belə işləməyib. Bu adam kimdir axı? Azərbaycanda gülüş doğurur? Guya bu gəlib rəhbər olacaq, ölkəni idarə edəcək, nə bilim nə. Guya Azərbaycan dağılıb gedir. Azərbaycanda inkişaf var, tərəqqi var. Onların hamısı bir yerdə Azərbaycanda bir "jek" müdirinə dəyməzlər. Yəni bir "jek" müdiri "El" hərəkatına yığışanları necə lazımdır idarə edər. Bunlar hamısı şoudur, seçki ərəfəsi olan məsələlərdir. Ona görə heç bir perspektivləri yoxdur, bir az gəzişəcəklər, orda-burda danışacaqlar, oturacaqlar, duracaqlar, bununla da yekunlaşacaq.

Geri qayıt