Əsas Səhifə > Partiya > AXCP ÜZVLƏRİ QƏTLƏ YETİRİLƏN ƏSGƏRİN AİLƏSİNƏ BAŞ ÇƏKDİ
AXCP ÜZVLƏRİ QƏTLƏ YETİRİLƏN ƏSGƏRİN AİLƏSİNƏ BAŞ ÇƏKDİ25-04-2013, 12:18 |
AXCP sədrinin müavini Asəf Quliyev, partiyanın gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, komitənin fəalı Rəvan Şirvani və Gəncə cəbhəçiləri, qətlə yetirilmiş əsgər Emin Quliyevin ailəsinə baş çəkib. Bu barədə “Azadlıq”a Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, mərhumun ailəsi əvvəlcə elə zənn edib ki, onlar hökumət təmsilçiləridir: “Ona görə də bizimlə əvvəlcə qəzəbli danışdılar. Lakin biz Xalq Cəbhəsi Partiyasının təmsilçiləri olduğumuzu və mənəvi dəstək vermək üçün bura gəldiyimizi söylədikdən sonra sakitləşdilər. Emin Quliyevin anası bizimlə söhbətində dəhşətli faktların üstünü açdı. O, bildirdi ki, Emin Quliyev əslində hərbi xidmətə yararsız olub. Onun görmə qabiliyyəti zəif imiş. Lakin Gəncə hərbi komissarlığı buna əhəmiyyət verməyib. Əvvəlcə mərhumun ailəsindən Emin Quliyevin hərbi xidmətə getməməsi üçün 500 manat pul istəyiblər. Mərhum əsgərin ailəsi borc-xərclə bu pulu düzəldəndən sonra məbləğ 2500 manata qalxıb. Emin Quliyevin ailəsi bu məbləği verə bilməyib. Komissarlıq da hərbi xidmətə yararsız olan Emin Quliyevi əsgər aparıb. Emin Quliyevin qətlinə gəlincə, anası bildirdi ki, hərbi hissədə oğlunu incidirmişlər, onu təhqir edirmişlər. Emin Quliyev ailəsinə zəng vuraraq yerini dəyişilməsini istəyib. Lakin yenə də pul tapa bilmədiklərinə görə Emin Quliyevin yerini dəyişə bilməyiblər. Nəticədə, hər gün incidilən, təhqir edilən Emin Quliyev günün birində də qətlə yetirilib”. Əbülfəz Qurbanlı bildirib ki, onlar Emin Quliyevin ailəsinə AXCP sədri Əli Kərimlinin, bütövlükdə partiyanın mənəvi dəstəyini ifadə etməklə yanaşı “Əsgər ölümlərinə etiraz” aksiyaları, mətbuatın bu məsələni daimi diqqətdə saxlamasını, ictimaiyyətin əsgər ailələrinə dəstək verdiyini diqqətə çatdırıblar: “Emin Quliyevin ailəsi də bildirdi ki, onlar da sona qədər övladlarının haqqını tələb etməkdə israrlıdırlar”. Geri qayıt |