Əsas Səhifə > Şou-biznes > KƏNAN DOĞULU BAKIDA

KƏNAN DOĞULU BAKIDA


23-09-2011, 14:43
KƏNAN DOĞULU BAKIDA

DÜNƏN SƏNƏTÇİYƏ QONAQLIQ VERİLİB

Türkiyənin tanınmış müğənnisi Kənan Doğulu dünən axşam saatlarında Azərbaycana gəldi. Milli.Az xəbər portalının verdiyi məlumata görə, sənətçini gətirən təyyarə saat 17:30-da Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıb. Amma sənətçini qarşılamağa gedən bəzi qonaqlar və media nümayəndələri paytaxtın avtomobil tıxaclarına görə yarı yoldan qayıdası olublar.

Maşın karvanının müşahidəsi ilə K.Doğulu hava limanından birbaşa "Xəzər" televiziyasına gətirildi. O, "Star Life" verilişinin qonağı oldu.

Bundan sonra, K.Doğulu televiziyadan qaldığı mehmanxanaya aparıldı. Müğənni təxminən bir saat rahatlandıqdan sonra ona və onunla gələn qrupa paytaxt restoranlarının birində ziyafət təşkil olundu.

Onu da bildirək ki, qrup qaldığı mehmanxanadan restorana piyada getdi.

Gecə saat 00:00-a qədər davam edən ziyafət maraqlı məqamları ilə yaddaqalan olub. Belə ki, restoranda möhtəşəm süfrə açılması, qonaqlara yüksək xidmətin göstərilməsi hər kəsin ürəyindən xəbər verirdi. Qonaqları salamlayan konsertin təşkilatçısı Səlahəddin Atalay, badəni qaldıraraq Kənanı Bakıda gördüyünə şad olduğunu və onun Azərbaycan tamaşaçılar tərəfindən sevilməsini dedi. Kənan da Bakıda olduğuna görə, çox sevindiyini və buradakı təəssüratları sözlə ifadə edə bilməyəcəyini söylədi. Sənətçi arabir Azərbaycan dilinin sözlərindən istifadə edərək danışırdı. Ümumiyyətlə, ziyafət zamanı K.Doğulunun qəh-qəhə çəkərək deyib-gülməsi, sənətçinin stilisti Cengiz Aşkının "Azəri top-model"in iştirakçısı olan Maya ilə səmimi münasibəti, bəzi qonaqların isə sakitcə kənardan müşahidəsi maraqlı görüntülərə səbəb olurdu.

Sonda isə Türkiyədən gələn qonaqlar mərkəzi küçələri gəzərək, mehmanxanaya qayıtdılar.

K.Doğulu, Milli.Az xəbər portalına Bakı haqqında təəssüratlarını danışdı. O, 6 il əvvəl gəldiyi Bakını tanımadığını dedi:

"Bakıya sonuncu dəfə 6 il əvvəl gəlmişdim. O vaxtdan Bakı çox dəyişilib. Hava limanından şəhərin mərkəzinə gələndə yolların yenilənməsi, genişlənməsi çox xoşuma gəldi. Yeni körpülər də diqqətimi çəkdi. Burada olduğuma çox sevinirəm", - deyə, sənətçi Bakıya aşiq olduğunu bildirdi.

K.Doğulu bu gün Yaşıl Teatr səhnəsində solo-konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Trend informasiya agentliyi, Day.Az və Milli.Az xəbər portallarıdır.

Fuad Mədətov
Milli.Az


Geri qayıt