Əsas Səhifə > Sosial > MƏHBUS VƏKİLİ MÜDAFİƏ EDİR

MƏHBUS VƏKİLİ MÜDAFİƏ EDİR


23-09-2011, 14:53
MƏHBUS VƏKİLİ MÜDAFİƏ EDİR

BƏXTİYAR HACIYEV ELÇİN NAMAZOVA MƏKTUB YAZDI

Təsəvvür etməzdim ki, məhkəmə prosesimdə müdafiəçim olan Elçin Namazovu müdafiə etmək üçün cəzaçəkmə müəssisəsindən məktub yazacam. Amma təsəvvür etməli idim ki, Azərbaycanda indi hamının, o cümlədən, başqalarının pozulan hüquqlarını müdafiə edən müdafiəçilərin də hüquqları pozula bilər.

Məhkəmə prosesimdə bir çox tanınmış hüquqşunas və vəkillər öz bilik, bacarıq və təcrübələri ilə əvəzsiz iş gördülər, ittihamın saxta, qərarların qanunsuz, arqumentlərin ziddiyyətli və məntiqsiz olduğunu sübut etdilər.

Elçin bəyin diqqətimi çəkən xüsusiyyəti isə onun qorxmazlığı və döyüşkənliyi idi. Bəzən hamının istehza ilə gülərək üzərindən keçdiyi bir məsələdə Elçin bəy cəsarətlə prinsipiallıq nümayiş etdirirdi. Dəfələrlə gördüyüm və xatirimə həkk olunmuş mənzərə isə gənc vəkil Elçin Namazovun çıxışları zamanı sifarişlə qərar çıxaran gənc hakim Emin Axundovun cib dəsmalı ilə üzündə və alnındakı təri silməyi idi. Elçin Namazov hamı üçün aydın olan qanunsuzluqlar barədə danışmırdı, elə addımlar atırdı ki, hakim özü bu qanunsuzluqları etiraf etməyə, sənədləşdirməyə məcbur olurdu.

Elçin bəy kimliyindən asılı olmayaraq, sifarişlə və saxta ittihamla həbs edilənlərin yanında idi. O həm məni- ABŞ təhsilli, ölkədə demokratik dəyişikliklər istəyən, hakimiyyət rəsmiləri tərəfindən pərdə arxasında “ABŞ-ın adamı, ABŞ-a işləyən” kimi təqdim edilən bir gənci, həm də İranda təhsil almış, ölkədə vicdan azadlığı istəyən, rəsmilərin “İranın adamı, İrana işləyən şəxs” kimi təqdim etdiyi gənci müdafiə edirdi. (Yeri gəlmişkən, həmin gənc də mənimlə eyni cəzaçəkmə müəssisəsindədir, ən çox hörmət etdiyim şəxslərdəndir. Elçin müəllimə “ABŞ adamı” ilə “İran adamı”nı dostlaşdırdığına görə xüsusi təşəkkür düşür). O həm də 2 aprel məhbuslarının, həm də istentaq sənədləri saxtalaşdırılaraq günahsız həbsə göndərilən sadə Azərbaycan vətəndaşının yanında idi. Elçin bəy məhkəmə prosesimdə həm mənim, həm də yaxınlarım və dostlarım üçün doğma bir insana çevrildi. Əminəm ki, o həm də müdafiə etdiyi digər şəxslərin də qəlbində xüsusi yer tutub.

Ona görə də, Elçin bəy , narahat olmağa dəyməz. Vəkillər Kollegiyası sizi məhkəmə zalındakı yerinizdən çıxara bilər, amma hüquqlarını müdafiə etdiyiniz şəxslərin, ədalət sevən bütün cəsarətli insanlarımızın qəlbində xüsusi yeriniz var.

Bəxtiyar Hacıyev


Geri qayıt