Əsas Səhifə > Siyasət, Manşet > RƏSUL QULİYEVİN SİFARİŞLİ QƏHRƏMANLIĞI
RƏSUL QULİYEVİN SİFARİŞLİ QƏHRƏMANLIĞI8-12-2011, 11:46 |
EKS-SPİKER HAKİMİYYƏTDAXİLİ RAZBORKALARDA İSTİFADƏ OLUNUR DİA.AZ: - Ötən ilin əvvəlindən ərəb ölkələrində vüsət almış inqilab ab-havasının Azərbaycanın sərhədlərinə yaxınlaşması hakimiyyət nümayəndələrinin yuxusunu qaçırdığı kimi, bəzi uğursuz siyasətçiləri də rahatsız etməkdədir. Əslində, bu da təbiidir və yaranmış siyasi fürsətdən hər kəs dividentlər götürmək və itmiş nüfuzunu bərpa etməklə mümkün dəyişikliklərdən pay qoparmaq istəyir. Eks-spiker, ADP-nin keçmiş sədri, bir zamanların populyar siyasətçisi olan Rəsul Quliyev kimi... Rəsul Quliyev taleyin ona bəxş etdiyi və bu zalım dünyada hər kəsə yalnız bir dəfə verilən tarixi şansı lazımınca dəyərləndirə bilmədiyindən 2005-ci ilin mənhus 17 oktyabr rüsvayçılığından keçən 6 ildə siyasi qürubunun ən acınacaqlı epizodlarını yaşamağa məhkum oldu. Bəli, o gələ və gəlişiylə Azərbaycanı bu zalım idarəçiliyin qanlı-neftli caynağından xilas edə, həyata keçirməyə çalışdığı siyasi iddialarının olimpinə qovuşa bilərdi. Həmin tarixi şəraitin bəlli şərtlərini də hamımız birlikdə yaşamış və dəyərləndirmişik. Əgər o, canını dişinə tutaraq Bakıdan onu «gəlsən səni öldürəcəklər» təhdidlərinə əhəmiyyət verməsəydi və məhz həmin gün Azərbaycana gəlsəydi, ən azından bu gün həbsdə və ya azadlıqda olmasından asılı olmayaraq ölkənin bir nömrəli müxalifət lideri və dünyaca məhşur bir siyasətçi idi. Əcəba, Rəsul Quliyev bunu istəmirdimi, yoxsa hazırca kökə sevdasındaydı? Bu gün Rəsul Quliyev bəlli səbəblərdən yenidən fəallaşıb və vaxtilə bircə yanlış addımla itirdiyi siyasi imicini yenidən körükləmək üçün hərəkətə keçib. Onun bu günlərdə xeyli fəallaşması və yaratdığı, yaxud onun üçün yaradılan bloqunda hakimiyyətlə ultimatum dilində danışmasının ardından Müqavimət Hərəkatı yaratdığını bəyan edərək, yenidən aktiv siyasətə baş vurması xeyli düşündürücüdür. Əsas hədəfinin 2013-cü ildə indiki hakimiyyətin bir daha iqtidarda qalmasını əngəlləmək olduğunu söyləyən keçmiş spiker növbəti prezident seçkilərində saxtakarlığa yol verilməməsi üçün «sizinlə bu işi bir yerdə görməyə hazıram» mesajıyla əslində prezidentlik iddiasından hələ də əl çəkmək fikrində olmadığını ortaya qoyub. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun buna konstitusion haqqı çatır və Rəsul Quliyevin 15 illik mühacir həyatı, ölkədən məcburən kənarda yaşaması prezidentlik uğrunda yarışa qatılmasına maneə törədə bilməz. Ancaq yuxarıda da qeyd olunduğu kimi, əlahəzrət fakt ortada və hələ uzun illər bu uğursuzluq bir kal armud kimi eks-spikerin siyasi iddialarının qarşısında sipər olacaq. O, bu gün Müqavimət Hərəkatı yaratdığını bəyan edir və cəmiyyəti müqavimətə kökləyəcəyi vədini verir. Maraqlı sual yaranır, vaxtilə cəmiyyətin güclü müqaviməti olduğu halda niyə üzərinə düşəni etmədin və bu müqaviməti bərpaolunmayacaq qədər sarsıtdın? Kim zəmaənət verə bilər ki, 2005-ci ildəki siyasi situasiya yaranacağı təqdirdə Rəsul Quliyev cənabları ikinci dəfə ona inananları yarı yolda, yəni «açıqlaya bilməyəcəyi min səbəb»lə üz-üzə qoyaraq siyasi səhnədən geri çəkilməyəcək? Axı hamı bilir ki, cəsarət və qəhrəmanlıq qazanılmır, anadangəlmə olur və ya heç yerli-dibli olmur. Rəsul Quliyevinsə bu sarıdan korluq və kasadlıq çəkdiyi artıq təkzibedilməz faktlarla təsdiqini tapıb. Yeri gəlmişkən, hətta Müqavimət Hərəkatı yaratdığıyla bağlı sonuncu bəyanatından xeyli əvvəl redaksiyamıza belə bir məlumat daxil olmuşdu ki, eks-spikerin yenidən fəallaşması təsadüf deyil və irəlidə onun daha da aktivləşəcəyini gözləmək lazımdır. Bizə məlumatı ötürən mənbə iddia edirdi ki, Rəsul Quliyevin fəallaşması heç də bütövlükdə onun siyasi iradəsindən asılı deyil və hakimiyyətdaxili savaşın tərkib hissəsi olaraq ortaya atılıb. Belə ki, hakimiyyətdəki islahata meylli qanadın üfüqdə görünən hakimiyyətdaxili təmizləmə əməliyyatına müqavimət göstərmək üçün «köhnə qvardiya» məhz Rəsul Quliyev kartından istifadə etmək qərarına gəlib və birincilərin Ayaz Mütəllibovla bağlı gedişinə qarşılıq vermək üçün onun ikinci zühuruna xeyir-dua verilib. Hər halda hansı ehtimalların həqiqətə daha yaxın olduğunu öyrənmək üçün çox gözləməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycan da inqilabi dəyişikliklərə hamilədir və ən qısa zamanda bütün kartların ortada oynanılacağının şahidi olacağıq. O zaman kimin kim olduğu və hansı havaya oynadığı daha aydın şəkildə üzə çıxacaq... Amma bu arada eks-spikerin Müqavimət Hərəkatı yaratdığı haqda xəbərə müxalif liderlərdən birinin münasibəti xüsusilə maraqlı oldu: « Rəsul Quliyev öncə liderlik etdiyi partiyaya sədr tapsın, 3-5 nəfəri orada cəmləşdirsin, sonra Müqavimət Hərakatı yaradar...» DİA.AZ – Ekspert Qrupu Geri qayıt |