Əsas Səhifə > Dünya > AVROPAYA “KİTAYSKİ” DƏSTƏK

AVROPAYA “KİTAYSKİ” DƏSTƏK


8-12-2011, 13:09
AVROPAYA “KİTAYSKİ” DƏSTƏK

“DÜNYA İCTİMAİYYƏTİ AVROPAYA KÖMƏKDƏN YALNIZ UDA BİLƏR”

Çin avronun potensialına inanır və bir sıra tədbirlərə əl atmaqla Avropa Birliyinə (AB) borc böhranını aşmaqda kömək etməyə hazırdır. “Reuters”in xəbərinə görə, bu barədə Çinin xarici işlər naziri Yan Tszeçi bildirib.

Berlində səfərdə olan Yan Tszeçi almaniyalı həmkarı Qvido Vesterville ilə görüşündə Çini AB-nin strateji tərəfdaşı adlandırıb: “Dünya ictimaiyyəti Avropaya köməkdən yalnız uda bilər. Çünki AB-nin sayəsində iqtisadi inkişafın sabitliyi təmin olunur”.

Qeyd edək ki, Çin avrozonanın xilaskarı kimi çıxış etməyə çalışsa da, ekspertlər 2012-ci ildə bu ölkədə böhranın qaçılmaz olacağını bildirirlər.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.


Geri qayıt