Əsas Səhifə > Güney Press, Araşdırma > XAÇMAZIN DEPUTATINDAN YAP-A ŞİKAYƏT OLUNACAQ

XAÇMAZIN DEPUTATINDAN YAP-A ŞİKAYƏT OLUNACAQ


2-05-2013, 10:52
XAÇMAZIN DEPUTATINDAN YAP-A ŞİKAYƏT OLUNACAQ
SEÇİCİLƏR ARİF ƏŞRƏFOVU ÜZDƏN TANIMIRLAR

55 saylı Xaçmaz şəhər seçki dairəsinin seçiciləri bu dairəni Milli Məclisdə təmsil edən deputat Arif Əşrəfovu tapa bilmirlər. Editor.az-a müraciət edən, lakin təhlükəsizlik tədbirləri baxımından adlarının çəkilməsini istəməyən seçicilərin sözlərinə görə, artıq 3 ilə yaxındır ki, deputat mandatı daşımasına baxmayaraq Arif Əşrəfovu bir dəfə də olsun görüb dərdlərini, müraciətlərini çatdıra bilməyiblər: “Deputat Xaçmaza ancaq rayon icra hakimiyyətinin təşkil etdiyi rəsmi tədbirlərdə iştirak etmək məqsədilə gəlir və dərhal gözdən itir. A.Əşrəfovun rayonda seçicilərin problemləriylə maraqlandığını görən olmayıb. Əgər hətta 5-10 nəfər adamla görüşüb, kimlərinsə problemlərini həll edibsə belə, bu adamlar yalnız onun yaxın ətrafını əhatə edir. Amma axı Xaçmaz yalnız Arif müəllimin qohum və dostlarından ibarət deyil. Ona etdiyimiz rəsmi müraciətlər də ya cavabsız, ya da nəticəsiz qalır. Görünür, ya Arif Əşrəfov bizim müraciətlərimizi aiddiyatı qurumlara çatdırmır, ya da onun müraciətlərini ciddiyə almırlar”.
Seçicilərin sözlərinə görə, rayonun deputatı ilə bağlı yaranan vəziyyətlə əlaqədar mətbuata və Yeni Azərbaycan Partiyasının(YAP) rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıblar: “Başqa heç bir vasitəylə deputatımızı tapa bilmirik. Hətta onu tapıb seçicilərlə görüşdürən adama mükafat verməyə belə hazırıq. Əgər Arif müəllim bu müraciətimizi oxuyursa lütfən deputat səlahiyyətlərinə daxil olan seçicilərlə görüşüb, problemləri ilə maraqlanmaq öhdəliyinə əməl edərək, bizim çağırışımıza cavab versin. Əks halda Arif Əşrəfovun fəaliyyətsizliyi ilə əlaqədar onun üzvü olduğu YAP-a müraciət edəcəyik. Çünki Arif müəllim, fəaliyyətsizliyi ilə həm də Xaçmazda hakim partiyanın adı ətrafında etimadsızlıq mühiti yaradır”.
Arif Əşrəfovun ünvanına səslənən bu ittihamlarla özündən münasibət öyrənmək üçün göstərdiyimiz cəhdlər nəticə vermədi. Çünki hətta parlament müxbiri olan həmkarlarımızın heç birindən onun əlaqə vasitələrini tapa bilmədik. Bununla belə, əgər hörmətli A.Əşrəfovun seçicilərinin iddiaları ilə bağlı deyəcək sözü olsa dinləməyə hazırıq.

Geri qayıt