Əsas Səhifə > Partiya > "ZEYNAL NAĞDƏLİYEV YALAN DANIŞIR"

"ZEYNAL NAĞDƏLİYEV YALAN DANIŞIR"


7-05-2013, 11:57
"ZEYNAL NAĞDƏLİYEV YALAN DANIŞIR"
AXCP-DƏN PA RƏSMİSİNƏ CAVAB GƏLDİ

Azərbaycan Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev APA-ya müsahibəsində bidirib ki, prezidentin bəzi rayon icra hakimiyyəti başçılarının fəaliyyətinə dair iradlarından sonra problemlərin aradan qaldırılması istiqamətində bütün lazımı işlər görülür.
“Hamı bu iradlardan öz dərsini götürüb. Istər mətbuatda, istərsə də yerlərdən hər hansı narahatçılıq doğuran məqam ortaya çıxarsa, biz dərhal onun həllinə çalışırıq. Nazirlərin və hökumətin digər yüksək vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul etməsi, onların problemlərinin yerində həlli müsbət nəticələrini verir. Artıq hər kəs də görür ki, problemlərin çoxu yerində həll olunur”.
Müxalifətin regionlardakı partiya üzvləri ilə görüşlərinə müdaxilə olunması ilə bağlı məsələyə münasibətində isə, Zeynal Nağdəliyev bu haqda məlumatlı olmadığını bildirib: “Bu barədə məlumatlı deyiləm. Bu, absurd və əsası olmayan informasiyadır”.
Zeynal Nağdəliyevin fikirlərinə münasibət bildirən AXCP Ali Məclisinin sədri Həsən Kərimov icra başçısını, naziri dəyişməklə hakimiyyətin mahiyyətinin dəyişmədiyini dedi: “Kiminsə vəzifədən uzaqlaşdırılması, kiməsə töhmət verilməsi hakimiyyətin korrupsioner mahiyyətinin dəyişməsi demək deyil. Bu ölkədə ədalətin bərqərar olması, ciddi islahatların aparılması üçün mövcud sistemin dəyişməsi lazımdır”.
Müxalifətin regionlarda üzləşdiyi basqılarla bağlı Zeynal Nağdəliyevin dediklərinə isə Həsən Kərimov belə cavab verdi: “Həmişəki kimi hakimiyyət təmsilçiləri özlərinə bəraət qazandırmaqla məşğuldu. Zeynal Nağdəliyev icra hakimiyyətlərinin birbaşa kuratoru olduğu üçün çox gözəl bilir ki, müxalifətin regionlara səfərləri hansı yollarla məhdudlaşdırılır. AXCP üzvlərinə qarşı Sabirabadda, Şəkidə hakimiyyətin qeyri-insani münasibəti, partiya üzvlərinin həbs olunması, Ağstafa cəbhəçilərinin Gürcüstanda müşavirə keçirməyə məcbur qalması Zeynal Nağdəliyevin də təmsil olunduğu komandanın hansı təfəkkürə sahib olduğunu bir daha sübut edir. Seçki öncəsi bu cür basqıların baş verməsi onu göstərir ki, hakimiyyət cəmiyyəti çaşdıraraq ənənəvi saxtakarlığın həyata keçirmək istəyir”.
\ azadlıq \
Geri qayıt