Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISININ MÜAVİNİ HƏR KƏSƏ MEYDAN OXUYUR

İCRA BAŞÇISININ MÜAVİNİ HƏR KƏSƏ MEYDAN OXUYUR


7-05-2013, 12:05
İCRA BAŞÇISININ MÜAVİNİ HƏR KƏSƏ MEYDAN OXUYUR
“YUXARILARDA” ADAMININ OLDUĞUNU DEYƏN FƏQƏT ŞADLİNSKAYA KİMDİR

DİA.AZ: - Bərdə rayonunda vəziyyət kritik həddə çatmaqdadır. Vəziyyəti gərginləşdirən əsas amil isə iki məmurun bir biri ilə yola getməməsi və açıq şəkildə konfrantasiya yolunu tutmalarıdır. Belə ki, icra başçısının müavini Fəqət Şadlinskaya rayonda hakimi mütləq olmaq fikrindədir. Elə bu səbəbdən də artıq bəzi vəzifələrlə bağlı ciddi narazılıq yaranıb. Hətta iş o qədər böyüyüb ki, müavin hər kəsə meydan da oxuyur.

Vəzifə təyinatları uğrunda savaş

DİA.AZ bildirir ki, Bərdədə vəziyyət belədir ki, icra başçısının müavini Fəqət Şadlinskaya rayondakı bütün vəzifə təyinatlarını özü həyata keçirmək istəyir. Bunun üçün əlindəki bütün imkanlardan yararlanan müavin icra başçısını da saymadığnı nümayiş etdirir. Yaxın qohumu, daha doğrusu, qaynı, Gigeyena və Epdimologiya Mərkəzinin rəhbəri Fəxrəddin Şadlinski ilə birlikdə yerləri müəyyən edib, ora «müştəri» tapan Fəqət xanım, hətta bəzilərindən vəzifəyə müqabil pul da alıb.

Amma icra başçısı Vidadi İsayev onun qarşısında «at oynadan» müavininə dəfələrlə xəbərdarlıq edib ki, bu şəkildə davam edərsə, yollarını ayırmalı olacaqlar. Amma Fəqət Şadlinskaya birmənalı olaraq onun sözlərini bir kənara qoyaraq, bildiyi kimi davranmaqda davam edir. Elə bu səbəbdən də dəfələrlə toqquşan müavinlə başçı məsələni aydınlaşdırmaq üçün müəyyən addımlar atmağa çalışırlar.

Təhsil şöbəsinə təyinatdakı uğursuzluq

Əslində, Fəqət Şadlinskayanın işləri bir müddət «yağ kimi» gedib. Çünki Bərdənin əksər kəndlərinə icra nümayəndələrini o təyin etdirib və bundan da mənfəət əldə edib. Amma onun bu təyinat sahəsindəki uğurları uzun çəkməyib. Böyük iddialarla yaşayan və söykəndiyi Şadlinski nəslinin imkanlarından yararlanmaqda olan icra başçısının müavini bununla yetinməyib, rayondakı kadr siyasətini də tam əlinə keçirməyə çalışıb.

Ancaq onun ilk uğursuzluğu bir müddət əvvəl yaşanıb. Belə ki, keçmiş təhsil şöbəsinin müdiri Rahilə İsmayılova rəhmətə getdiyindən onun yeri boş qalıb. Həmin boş yerə isə elə təhsil şöbəsinin müdirinin müavinini İsmayılı gətirmək istəyib. Deyilənlərə görə, xanım Şadlinskaya həmin şəxsdən bunun üçün pul da alıb. Lakin icra başçısı onun planlarını pozub.

Belə ki, Fəqət Şadlinskaya pul aldığı adamı, yəni İsmayıl müəllimi bir müddət idarə etməyə çalışıb. Amma Bərdə təhsil şöbəsinə yeni rəhbərin təyin olunmasından sonra ortalıq qarışıb.

«Əhalini icra başçısına qarşı qaldırarıq»

Vəziyyəti belə görən icra başçısının müavini isə mərasimlərdən birində gözlənilmədən şok açıqlama verib. Belə ki, rəhmətə getmiş keçmiş təhsil şöbəsinin müdirinin 40 mərasimini onun anım mərasiminə çevirən Fəqət Şadlinskaya onu şer və ədəbiyyat tədbirinə çevirib. Səbəb də bu olub ki, keçmiş şöbə müdiri özü də şairə olub və bir sıra kitablara sahibdir. Həmin məclisdə çıxış edən icra başçısının müavini pul aldığı şəxsə hamının qarşısında söz verib ki, rayon təhsil şöbəsinin müdiri o olacaq. Üstəlik belə bir ifadə də işlədib ki, əgər icra başçısı kənardan bir başqasını gətirərsə, birbaşa icra başçısına qarşı bütün rayonu qaldıracaq. Hətta camaatı da bu işə təhrik etmək üçün deyib ki, «Bərdədə rəhbər elə bərdəli olmalıdır».

Torpaq şöbəsinin müdiri necə «baqaja» qoyuldu?

Amma proses bununla da yekunlaşmayıb. Məlum olub ki, Bərdədə YAP-ın yaradıcılarından biri olan, dəfələrlə prezident İlham Əliyevin səfərlərini müşayət edən Bərdə torpaq şöbəsinin müdiri, 75 yaşlı Həsən Həsənov da «torbası»nı tikən Fəqət Şadlinskaya onu icra başçısı ilə üz-üzə qoymaq istəyb.

Belə ki, rayonda YAP-ın 20 illiyi ilə əlaqədar keçirilən tədbirə dəvət olunan şöbə müdirinə bu barədə heç bir məlumat verilmir. Həmin tədbirin təşkilatçısı isə Fəqət Şadlinskaya olub. Tədbirdə Həsən müəllimin iştirak etmədiyini soruşan icra başçısına tez cavab verən müavini deyib ki, şöbə müdiri xəstə olduğu üçün toplantıya qatılmayıb. Halbuki Həsən müəllim tədbir vaxtı işdə olub və məsələdən xəbər tutduqdan sonra xeyli narahat olub. Sonradan məsələdən xəbər tutan torpaq şöbəsinin müdiri icra başçısının yanına gedib və məsələni açıqlayıb. Məlum olub ki, Fəqət Şadlinskaya bu addımı ilə tərəfləri üz-üzə qoyaraq, 75 yaşlı Həsən kişinin işdən çıxarılmasına nail olmaq istəyirmiş. Plan baş tutmadıqdan sonra birtəhər vəziyyətdən çıxmağa çalışan müavin hər nə qədər çalışsa da, icra başçısı onun əməllərindən duyuq düşməyə başlayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt