Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOV BAŞ NAZİRƏ SAVAŞ ELAN ETDİ
ƏLİ HƏSƏNOV BAŞ NAZİRƏ SAVAŞ ELAN ETDİ8-05-2013, 10:09 |
DEPUTATIN ÇIXARILMASININ PƏRDƏARXASI Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxarıb. Onun yerinə isə Fərhad Təhməzov təyin olunub.Bunu qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da təsdiqləyib. Digər mənbələrdən əldə edilən məlumata görə bir neçə gün öncə Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub. Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbləşən komitə sədri elə iclasdaca millət vəkilini işdən çıxarıb. "Unikal"ın mövzu ətrafında apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, işdən çıxarılan deputat baş nazir Artur Rəsizadəyə yaxınlığı ilə seçilən şəxs imiş. "Ayaz Orucovun işdən çıxarılmasının son vaxtlar ictimai rəydə və mətbuatda Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılacağına dair məlumatların intensivləşməsi fonunda baş verməsi diqqət çəkir. Orucov baş nazir Artur Rəsizadəyə yaxın şəxs sayılırdı. Onun Həsənovdan boşalacaq posta iddialı olması bildirilirdi. Görünür, Əli Həsənov deputatın arxasında Nazirlər Kabineti rəhbərinin dayanmasından şübhələnib və onun yerinə gətirilməsi ilə bağlı planlardan duyuq düşüb. Elə buna görə də Ayaz Orucovu gözlənilmədən, həm də qalmaqallı şəkildə vəzifəsindən kənarlaşdırıb" deyə etibarlı mənbə "Unikal"ın əməkdaşına bildirib. Mənbənin iddiasına görə, komitə sədri ilə deputat arasında həqiqətən insident yaşanıb: "Amma Ayaz Orucovu cavab qaytarmağa məhz Əli Həsənovun məcbur etdiyinə dair məlumatlar var. O, fond direktoru ilə kobud danışaraq, onu konfliktə çəkib, sonra isə bunu bəhanə edərək Ayaz Orucovu vəzifəsindən uzaqlaşdırıb. Həsənovun bu cür addımı əslində həm də onun baş nazir Artur Rəsizadəyə qarşı demarşı kimi qəbul oluna bilər. Yeri gəlmişkən, Rəsizadə ilə Həsənovun münasibətləri uzun müddətdir naməlum səbəblərdən soyuq idi. Ayaz Orucovla bağlı baş verənlər isə bu soyuqluğu daha da dərinləşdirə bilər". Bəzi iddialara görə isə komitə sədrinin deputatı görəvindən kənarlaşdırması qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları və digər obyektlərin inşası üçün ayrılan vəsaiti tamamilə öz nəzarətinə keçirmək istəməsi ilə bağlı ola bilər. "Şübhəsiz ki, həmin vəsaitlərə Əli Həsənovun müdaxilə imkanları kifayət qədər idi. Amma Ayaz Orucovun başqa nüfuzlu şəxslər tərəfindən himayə edilməsi sözügedən maliyyə üzərində Həsənovun təsirini azaltmışdı. Mümkündür ki, komitə sədri bu duruma son qoymaq üçün deputatla yolları ayırmaq qərarını verib" - deyə başqa bir mənbə "Unikal"a bildirib. Mənbə deyib ki, daha inandırıcı olan odur ki, Ayaz Orucovla Əli Həsənov arasında fondun xətti ilə xərclənən pulların haqq-hesabı düz gəlməyib: "Bu isə komitə sədrini qəzəbləndirib və o, deputatı qalmaqallı şəkildə vəzifədən uzaqlaşdırıb. İndiyədək məcburi köçkünlər üçün tikilən binalarla bağlı artıq yoxlamalara başlanılması da Əli Həsənovun fond direktoruna hədsiz qəzəbli olduğunun işarəsidir. Yəqin ki, həmin yoxlamaların aparılması məhz komitə sədrinin təşəbbüsü olub, o, Orucovu daha da dolaşığa salaraq qisas almaqla bərabər, həm də fond direktorunun ondan gizlətdiyi mənimsəmələri geri qaytarmaq istəyir". Geri qayıt |