Əsas Səhifə > Partiya > AXCP İSLAMÇILARA "HƏ" DEDİ

AXCP İSLAMÇILARA "HƏ" DEDİ


8-05-2013, 11:02
AXCP İSLAMÇILARA "HƏ" DEDİ
"ARAMIZDA HEÇ BİR BARYER YOXDUR"

2011-ci ilin avqust ayında həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edilmiş ilahiyyatçı alim, “Cəfəri heyət” dini təşkilatının rəhbəri Abgül Süleymanovun “Mediaforum”a müsahibəsini təqdim etmişdik.
Abgül Süleymanov bu müsahibədə bildirmişdi ki, bu gün müxalifət vahid namizəd ətrafında birləşsə, islamçılar onlarla bir yerdə olacaq.
Görünən odur ki, islamçılar da müxalifətin birliyini çıxış yolu kimi qiymətləndirir.
Bəs müxalifət dini kəsimin bu təklifin necə qiymətləndirir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, dini kəsimlə Azərbaycan müxalifəti arasında heç bir psixoloji, mənəvi baryer yoxdur və Azərbaycan müxalifətindəki insanlar dini və milli dəyərlərin daşıyıcılarıdır.
Fuad Qəhrəmanlı onu da əlavə etdi ki, ölkədə baş verən hadisələr, mübariz insanlara qarşı repressiyalar onu göstərdi ki, hansı əqidəyə xidmət etməsindən asılı olmayaraq, mövcud rejimin ədalətsiz siyasəti hər kəsi təqib edir. “Son günlər islamçıların da ölkədəki vəziyyətə etiraz etdikləri üçün müxtəlif bəhanələrlə həbs olunduğunun şahidi olduq. Artıq islamçılar da bilirlər ki, ölkədə demokratik rejim olmadıqca, azadlıqlar boğulduqca, insanların öz dini inanclarını sərbəst şəkildə yerinə yetirmələri mümkün olmayacaq. Buna görə də müxalifətin birliyi, vahid namizədin seçilməsi, vahid komandanın formalaşması cəmiyyətin bütün təbəqələrini dəyişiklik uğrunda səfərbər edəcək. Biz dindar kəsimin dəyişikliklər uğrunda mübarizə aparmaq və birlik məsələsində öz töhfələrini vermək istəklərini yüksək qiymətləndiririk”- deyə Fuad Qəhrəmanlı bildirdi.
\ azadlıq \
Geri qayıt