Əsas Səhifə > Güney Press, Araşdırma > ÖMÜRLÜK MƏHBUSLARIN CƏZALARI DƏYİŞDİRİLSİNMİ?
ÖMÜRLÜK MƏHBUSLARIN CƏZALARI DƏYİŞDİRİLSİNMİ?8-05-2013, 12:03 |
DEPUTATLAR ƏLEYHİNƏDİR Vaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə cəzası ömürlük həbslə əvəzlənmiş bir qrup dustağın müraciəti Milli Məclisə daxil olub. Onlar məhkum edildikləri dövrdə ömürlük həbsin olmadığını əsas gətirərək cəzalarının müddətli (15-20 il) həbs cəzası ilə əvəzlənməsini tələb edirlər. Parlamentdən APA-ya verilən məlumata görə, dustaqların müraciətinə bu ay ərzində hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılması gözlənir. Ömürlük məhbusların işində hansısa dəyişikliyə ehtiyac varmı? “Media forum” saytı deputatlar Qüdrət Həsənquliyev və Rafael Cəbrayılovun mövqeyini öyrənib. Qüdrət Həsənquliyev Milli Məclisin bu məsləyə baxmağa səlahiyyətinin olmadığını deyib: “Yeni konstitusiyaya görə, qanunların şərhini yalnız Konstitusiya Məhkəməsi verə bilər. Ömürlük məhbusların müraciətinə baxıb qanunun necə tətbiq olunmasına şərh vermək Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Vaxtilə ölüm hökmünə məhkum edilmiş, ölüm hökmü ləğv edildikdən sonra cəzası ömürlük həbslə əvəzlənmiş məhbusların indi müddətli həbs istəməsi əsassızdır. Çünki onların barəsində ölüm hökmü çıxarılmışdı. Bu cəza növü faktiki olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndiyinə görə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbsə dəyişdirilməsi düzgündür. Müddətli həbsdən söhbət gedə bilməz. Yalnız prezidentin sərəncamından sonra onların cəzaları müddətli cəza ilə əvəz oluna bilər. Amma bunun edilməsini istəməzdim. Çünki o şəxslər çox ağır qətllər törədiblər. Bu səbəbdən həmin məhbuslara humanizm nöqteyi-nəzərindən yanaşmaq lazım deyil. Zərərçəkmişlərin yaxınlarının hisslərini nəzərə almaq gərəkdir Milli Məclisdə bu məsələ ilə bağlı yeni layihə müzakirəyə çıxarılsa, əlbəttə ki, mən onun əleyhinə olacam”. Rafael Cəbrayılov bildirib ki, məsələnin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi nəzərdə tutulmayıb: “Düşünmürəm ki, ömürlük məhbusların işində dəyişiklik etmək lazımdır. Əgər Milli Məclisdə ömürlük məhbusların cəzalarının müddətli cəza ilə əvəz olunması haqda layihə müzakirəyə çıxarılsa, mən onun əleyhinə çıxış edəcəm. Ölkədə qəribə bir tendensiya gedir. Humanizm deyiləndə həbsdə yatan insanlar gözümüzün qabağına gəlir. Amma bu insanların törətdiyi əməl nəticəsində ziyan çəkmiş insanların mövqeyini heç kim düşünmür”. Rafael Cəbrayılovun fikrincə, ağır cinayət törətmiş şəxsləri heç vaxt amnistiya aktına salmaq və yaxud da əfv etmək olmaz: “Çünki bu, qanunçuluğun pozulmasına gətirib çıxara bilər, zərərçəkmiş insanın özünü təhrik etmiş olarıq ki, gedib qisas alsın. Ölüm hökmünə məhkum olunmuş məhbusların cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsi ədalətli qərardır. Ona görə də cəzanın müddətli həbslə əvəz olunması məsələsini gündəmə çıxarmaq düzgün deyil”. Geri qayıt |