Əsas Səhifə > Sosial, Manşet > YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI

YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI


8-05-2013, 12:12
YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI
RAYON ŞÖBƏ MÜDİRLƏRİ BƏHANI GƏTİRİR, YOXSA YENİ NAZİR BUNU İSTƏYİR?

DİA.AZ: - Azərbaycanda təhsil sistemində yeni bir dövrün başlandığı qənaəti var. Buna səbəb isə təhsil naziri Misir Mərdanovun işdən çıxarılması və onun Mikayıl Cabbarovla əvəzlənməsidir. Ekspertlərin qənaətinə görə, təhsil sistemində yeni bir dövrün başlanğıcıdır və yeni nazirin açıqlamalarından da bu aydın görünür.

Qeyd edək ki, Mikayıl Cabbarov nazir olaraq ilk açıqlamasında təhsil sahəsində mövcud olan neqativ halların aradan qaldırılmasıyala məşğul olacaqlarını bildirib. O deyib ki, müəllimlərin maddi vəziyyəti və əvvəlki adlarının özlərinə qaytarılması üçün gərəkən bütün addımları atacaqlar.

Amma yeni nazirin bu çıxışından və baş verən dəyişiklikdən nəticə çıxaranların sayı elə də çox deyil. Məsələ belədir ki, bir çox orta məktəb və kollec rəhbərləri əvvəlki qaydalarla işləməkdə israrlıdırlar. Məsələn, onlardan biri Bərdə Dövlət İdarəetmə Kollecinin rəhbəri Xaləddin Xaləddin Ələkbərovdur. Bu şəxslə bağlı gələn məlumatlarda deyilir ki, Ələkbərov rəhbəri olduğu kollecdə yeni yığım üsulları haqqında düşünərək, onları tətbiq etməyə başlayıb.

DİA.AZ-a daxil olan məlumatlara görə, Xaləddin Ələkbərov müəllimləri başına yığaraq, onlardan daha çox pul toplanılmasını istəyib. Hər bir müəllim üçün müxtəlif istiqamətdə pul yığmalarını da təklif edib. Belə ki, bəzi müəllimlər tələbələrdən Gül Bayramı üçün pul toplamalı, bəziləri isə kollecin təmiri üçün yığım işlərini reallaşdırmalıdırlar.

Mənbə bildirir ki, kollecin direktoru mayın 10-a kimi tələbələrin Gül Bayramı ilə əlaqədar pul vermələrini tələb edib. Bu rəqəm isə uşaqların imkanlarına uyğun şəkildə müəyyənləşdirilib. Bir qədər imkanlı tələbə 50 manat, kasıblar isə 20 manatdan Gül Bayramına öz «tövhə»lərini verməlidirlər. Məlumatda deyilir ki, hazırkı məqamda bununla bağlı yığım prosesi yekunlaşmaq üzrədir. Ən geci mayın 8-nə kimi bütün pullar yığılmalıdır.

Amma təmir adı altında tələb olunan pullar isə mayın sonuna kimi yığılıb, direktora təhvil verilməlidir. Məlumatda deyilir ki, Xaləddin Ələkbərovun göstərişini həyata keçirən müəllimlər tələbələri sıxışdırırlar. Onlardan ən azı 50 manat gətirmələrini tələb edirlər ki, bunu da etməyənlərin imtahandan keçməsinin mümkün olmayacağını deyirlər. Təhdid dilində yığılan bu pulların təmir üçün sərf olunacağı isə qəti inandırıcı deyil.

Bərdə Dövlət İdarəetmə Kollecinin müəllimlərindən bir neçəsi bildirib ki, Xaləddin Ələkbərov təmir adı altında yığdığı pulları kollecə sərf etməyəcək. Onun Bakıda özünə bağ evi tikidirdiyini bildirən müəllimlər toplanan pulların da ora sərf olunacağını deyirlər. Onların dediyinə görə, həmin bağ evinin böyük xərc aparması direktoru belə bir addım atmağa vadar edib.

Amma tələbələrin fikri tamam başqadır. Onlar bildirirlər ki, kollecin direktorunun onlardan zorla pul yığmasının başlıca səbəbi yeni təhsil naziri Mikayıl Cabbarovla bağlıdır. Tələbələr iddia edirlər ki, yeni nazirlə görüşüb, ona hədiyyə vermək istəyən Xaləddin Ələkbərov bu məqsədlə çoxlu pul toplamaq fikrindədir. Tələbələrdən toplanan pullara isə ya bahalı hədiyyə alınacaq, ya da həmin vəsait konvertin arasında yeni nazirə təqdim olunacaq. Məqsəd isə kollecə yenidən rəhbərlik etmək istəyidir.

Doğrusu, yeni nazirin belə bir variantla razılaşacağı inandırıcı görünmür. Çünki Mikayıl Cabbarovun indiki məqamda kimdənsə «hədiyyə» götürəcəyi mümkünsüz hesab olunur. Görünür, Xaləddin Ələkbərov pul yığmağın başqa yolunu tapa bilməyib, yeni nazirin adından sui-istifadə etməyə başlayıb. Əks təqdirdə, bu yığımın başqa bir adı ola bilməz.

Bərdə Dövlət İdarəetmə Kollecində rüşvət yığımı isə bununla da yekunlaşmır. Belə ki, qarşıdan gələn imtahan sessiyası ilə əlaqədar da pul yığımına başlanılıb. Məlumatlarda deyilir ki, hal hazırda imtahanın qiyməti 30-50 manat arasında dəyişir. Qayıbları olanlar isə ikiqat xərcə düşürlər. Çünki onlar əvvəlcə qayıbları sildirməli, daha sonra isə imtahan verməlidirlər. Bərdə Dövlət İdarəetmə Kollecində isə bir qayıbın silinmə qiyməti 50 qəpik hesab olunur.

Qeyd edilir ki, diplom işində olan tələbələrin işi isə lap çətindir. Çünki onların həmin diplom işi hazırlamasının heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, hər bir tələbə yazdığı diplom işindən əlavə, 300 manat da pul verməlidir. Əks təqdirdə, həmin tələbənin kolleci bitirməsi mümkün deyil.

Beləliklə, Bərdə Dövlət İdarəetmə Kollecində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Kollecin direktoru Xaləddin Ələkbərov isə bu özbaşınalığın yaranmasının başlıca səbəbkarıdır. Tələbələri soymaq, talamaq üçün müxtəlif vasitələrə əl atan bir direktorun yeni nazirin dövründə işləyə biləcəyi də sual altındadır. Çünki tələbələr də daxil olmaqla, müəllimlər də yaranmış vəziyyətdən beziblər.

Geri qayıt