Əsas Səhifə > Dünya > KOKOYTA GEDİR

KOKOYTA GEDİR


10-12-2011, 11:20
KOKOYTA GEDİR

SEPARATÇILARDA RƏHBƏR DƏYİŞİKLİYİ

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin “prezidenti” Eduard Kokoyta və “prezidentliyə” keçmiş namizəd Alla Cioyeva arasında respublikadakı vəziyyətin nizamlanmasına dair saziş imzalanıb.

“RİA Novosti”nin xəbərinə görə, qarşılıqlı razılaşmaya əsasən E.Kokoyta bu gün istefaya gedəcək, A.Cioyeva isə 10 gündür “prezident seçkiləri”nin nəticələrinin saxtalaşdırılmasına etiraz aksiyaları keçirən tərəfdarlarını Sxinvalinin əsas meydanından geri çəkəcək.

Tərəflər arasında danışıqlar Rusiya Prezident Administrasiyasının nümayəndəsi Sergey Vinokurovun vasitəçiliyi ilə baş tutub. Kompromis saziş layihəsi də onun aktiv iştirakı ilə əldə olunub. A.Cioyevanın 25 mart 2012-ci ildə keçiriləcək yeni “prezident seçkiləri”ndə iştirak edib-etməyəcəyi barədə isə məlumat verilmir.

Qeyd edək ki, noyabrın 27-də Cənubi Osetiyada keçirilən “prezident seçkiləri”ndə Alla Cioyeva respublikanın “fövqəladə halar naziri” Anatoli Bibilova qalib gəlib. Lakin E.Kokoytanın xalası oğlunun başçılıq etdiyi Ali Məhkəmə A.Cioyeva tərəfdarlarının çoxsaylı qanun pozuntularına yol verdiyini əsas gətirərək, “seçkilərin nəticələrini ləğv edib və 25 mart 2012-ci ildə xanım namizədin iştirakı olmadan yeni “prezident seçkiləri”nin keçirilməsinə qərar verib. A.Cioyeva isə Ali Məhkəmənin özünü “qanuni seçilmiş prezident” elan edərək, Ali Məhkəmənin qərarını tanımaqdan imtina edib və tərəfdarlarını küçələrə çıxarıb.

İki dəfə “prezident” postunu tutduğu üçün E.Kokoyta seçkilərdə iştirak edə bilməyib. Qanunvericiliyə əsasən, o, yeni “prezident” seçilənə qədər vəzifəsində qala bilər. Lakin A.Cioyeva və tərəfdarları E.Kokoytadan dərhal istefaya getməyi və hakimiyyəti “qanuni seçilmiş prezident”ə təhvil verməyi tələb ediblər.


Geri qayıt