Əsas Səhifə > Gündəm, Manşet > «AKKORD»DA KÜRD FƏHLƏLƏR

«AKKORD»DA KÜRD FƏHLƏLƏR


10-12-2011, 12:22
«AKKORD»DA KÜRD FƏHLƏLƏR

TİKİNTİ ŞİRKƏTİNƏ QARŞI ŞOK İDDİALAR

DİA.AZ: - «Akkord» Şirkətlər Qrupu ilə bağlı mətbuatda müntəzəm məlumatlar dərc olunur. Bu şirkətin şübhəli şəkildə qazandığı tenderlərdən, bu tenderlərin icrası zamanı mənimsənilən milyonlarla vəsaitdən tutmuş işçi heyətinə qədər bir çox mətləblərə toxunulur. «Akkord» ölkənin ən iri tikinti şirkəti olduğundan onun fəaliyyəti istər-istəməz ictimai maraq kəsb edir. Amma şirkətin mətbuatın hədəfinə çıxmasının ən başlıca səbəbi tam başqadır.

İndi isə redaksiyamıza adıçəkilən şirkətlə bağlı yeni məlumatlar daxil olub. Xeyli müddətdir ki, «Mingəçevir Maşınqayırma» ASC-nin bir hissəsi «Akkord» şirkətinin nəzarətinə keçib. Şirkət ilk günlər yerli əhalini yüksək məvaciblə şirnikləndirib işə dəvət etməyə başladı.

Son günlərədək mingəçevirlilərin çalışdığı müəssisəyə iyunun 1-dən etibarən türk fəhlələr cəlb olunub. Rəhbərlik ənənəvi olaraq «ixtisar» adı altında onlarla yerli işçini müəssisədən kənarlaşdırıb.

Mingəçevirdəki mənbəmizin sözlərinə görə əslində zavoda cəlb olunan işçilər türklər yox, kürd kökənli Türkiyə vətəndaşlarıdır: «Bu adamların yerli fəhlələrdən hansı kriteriyaya görə fərqləndiyi məlum deyil. Bəlli olan odur ki, rəhbərlik tərəfindən bizə «gedin gözləyin, ehtiyac olsa 10-15 günə özümüz çağıracağıq», tapşırığı verilib. Halbuki müdiriyyətin bu addımı heç cür anlaşılan deyil. Gah dedilər təchizat zəifdir, gah da başqa bəhanə gətirdilər. Görəsən, kiçik əyalət şəhərində işsizliyin tüğyan elədiyi bir zamanda birdən-birə müəssisəyə bu qədər əcnəbini cəlb etməkdə əsl məqsəd nədir?»

Maraqlıdır ki, minlərlə insanın qazanc yeri olduğu ilə öyünən, işçilərini onlar üçün ən dəyərli sərvətlərdən biri adlandıran şirkət rəhbərliyi nədənsə onlarla fəhləyə heç bir izahat vermədən qapını göstərməsinin səbəbini açıqlamır. Onu da bildirək ki, «Akkord» Qazax rayonunda sement zavodu inşa etməyi planlaşdırır. Həmin işçilər də Mingəçevirə bu məqsədlə gətirilib. Yeri gəlmişkən, Mingəçevirdə işsizliyin bir nömrəli problem olaraq qalmasına rəğmən bu, əcnəbilərin şəhərə ilk belə axını deyil.

Məlumat üçün bildirək ki, 2008-ci ilin əvvəllərində də şəhərə xeyli sayda çinli fəhlə cəlb olunmuşdu. Əsasən arxitektura abidəsi hesab olunan binaların üzərini suvayıb rəngləməklə məşğul olan həmin çinlilər bir müddət sonra şəhəri tərk etdilər. Bundan başqa, «Kür» Olimpiya İdman Tədris Mərkəzinin tikintisinə də xeyli sayda Serbiya vətəndaşı cəlb olunmuşdu. Sonradan həmin serblərin ölkəmizə aldadılaraq ucuz işçi qüvvəsi kimi qeyri-leqal yolla gətirildiyi ortaya çıxdı. Çinlilərdən fərqli olaraq pasportları əllərindən alınan həmin insanlar uzun müddət Mingəçevir şəhərində az qala səfil həyat tərzi keçirdilər.

Ümumiyyətlə, bu son zamanlar Mingəçevirlə bağlı ilk belə hal deyil. Belə ki, 2008-ci ildə Azərbaycan İES-də uzun illər çalışmış işçilər müxtəlif adlarla keçmiş Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsinə, hazırda «İnterenerji» MMC adı altında fəaliyyət göstərən quruma keçirilmişdi. 2009-cu ilin may ayının sonlarından başlayaraq stansiyanın yaxınlığında Daş emalı zavodunun tikintisiylə əlaqədar sonuncunun əksər işçiləri bu dəfə «AZİNKO» ASC-yə keçirildilər.

Mingəçevirdən əldə etdiyimiz məlumata görə, “Akkord”un bu şəhərə yığdığı kürd fəhlələr Türkiyədən qovulmuş PKK simpatizanlarıdır. Mənbəmiz dedi ki, bu şirkət indiyədək Azərbaycana xeyli PKK-çı gətirib: «Türkiyə dövlətinin təqiblərindən qaçan terrorçuları Azərbaycanda gizli əllər himayə edir. Və müxtəlif şirkətlərdə işə düzəldir. Belə şirkətlərdən ən başda gələni «Akkord»dur». Deyilənlərlə bağlı «Akkord» ŞQ-nun rəhbərliyinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Buna baxmayaraq şirkətin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt