Əsas Səhifə > Partiya > "OĞLUM SAATI 9 DOLLARA SATICI İŞLƏYİR"

"OĞLUM SAATI 9 DOLLARA SATICI İŞLƏYİR"


14-05-2013, 11:30
"OĞLUM SAATI 9 DOLLARA SATICI İŞLƏYİR"
Arif Hacılı Xalid Bahadırın Müsavat funksionerləri haqda səsləndirdiyi ittihamlara cavab verib. ANS PRESS-in verdiyi xəbərə görə, A. Hacılı bu barədə özünün Facebook səhifəsində paylaşıb.

"Xaliq Bahadır müxalifəti mütəşəkkil cinayətkar dəstə adlandırıb. Əsasən müxalıfətdə olan 3 siyasətçinin "cinayətlərindən" danışsa da mənim şəxsiyyətimin müzakirəsinə daha çox yer ayırıb.

Onun dediklərini köhnə dostları kimi ciddiyə almaya da bilərdim. Ancaq iqtidarın onun açıqlamalarına istinad etməklə əleyhimizə geniş təbliğat kampaniyisi başlatdığını nəzərə alaraq bəzi məsələlərə aydinliq vermək qərarına gəldim.

Xaliq Bahadırın dediyinə görə mən 2011 ci ilin 12 mart mitinqini təşkil etməklə İctimai Palatanı məhv etmişəmmiş.

Əvvəla mən İctimai Palatanın hər hansı strukturunda, hətta komissiyalarında belə təmsil olunmuram. İP Koordinasiya Şurasının apardığı siyasətə, qəbul etdiyi qərarlara təsir göstərmirəm.

İkincisi, 12 mart mitinqinin İctimai Palataya heç bir aidiyyatı yoxdur. Bu mitinq Müsavat partiyası divanının qərarı ilə təşkil olunmuş və keçirilmiş mitinqdir. Hətta beynəlxalq qurumların da Azərbaycan müxalifətinin 2005-ci ildən sonra ən ciddi siyasi aksiyası adlandırdırdığı bu mitinqdə mən də daxil olmaqla onlarla şəxs fiziki təziqə məruz qalıb, xəsarət alıb, həbs edilib.

12 mart mitinqi Müsavat partiyasının şərəfli tarixinin önəmli səhifələrindən biridir.

Bu mitinqin uğurlu alınmasının səbəblərindən biri də zamanın düzgün seçilməsi olmuşdu. (Xatırladım ki, martın 11 də də gənclərin sosial şəbəkə vasitəsi ilə təşkil etdiyi ilk kütləvi aksiya keçirilmişdi). Amma biriləri o zaman Qəddafinin öldürülməsini gözləyirdilər. Üstündən 2 il keçib indi də Bəşər Əsədin öldürülməsini gözləyirlər.

Problemin kökünü hərəkət edənlərdə, mübarizə aparanlarda deyil, hər dəfə bir bahanə ilə hərəkətsizliyə nail olanlarda axtarmaq lazımdır.

Mən müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm rolu olan bir neçə nəfərdən biriyəm. Bununla belə indi mənim övladlarım Azərbaycandan kənarda yaşamaq, təhsil almaq zorunda qalıblar. Xaliq Bahadır bunu da mənə çox görür.

Hər iki övladım Müsavat partiyasının üzvüdür, onlar öz savadları hesabına və öz zəhmətləri ilə təhsil alır. Müxtəlif tərcümələr etmək, saytlarla əməkdaşlıqdan tutmuş, saatı 9 dollara mağazada satıcı işləməyədək hər işə əl atırlar ki, yüksək təhsil ala bilsinlər. Çünki Azərbaycanda bizlər üçün belə imkanlar yoxdur.

Geri qayıt