Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOVUN QOYNUNDA YETİŞƏN OLİQARX

ZİYA MƏMMƏDOVUN QOYNUNDA YETİŞƏN OLİQARX


15-05-2013, 11:16
ZİYA MƏMMƏDOVUN QOYNUNDA YETİŞƏN OLİQARX
"HAFKA" GÜCƏ ÇEVRİLMƏKDƏDİR

Bu günlərdə mətbuatda kifayət qədər maraqlı bir məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, məşhur futbolçu Radamel Falkaonu “Çelsi”yə satmağa hazırlaşan Madridin “Atletiko” klubu bu halda yaranacaq hücumçu problemini həll etmək üçün bomba partlatmağa hazırlaşır. “Atletiko” “Liverpul”dan Uruqvay əsilli futbolçu Lius Suaresi transfer etmək niyyətindədir.
Futbolçuya qoyulan 40 milyon avroluq qiymət onların işini çətinə salsa da, madridlilər çıxış yolunu tapıblar. Daha doğrusu, onları bu vəziyyətdən nəqliyyat naziri Azərbaycanın “Bakı” klubunun başbilənləri çıxarıb - daha doğrusu, “Bakı”nın rəsmi sponsoru olan “Baglan Group” şirkətlər qrupunun prezidenti, “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov!
Verilən məlumatda bildirilir ki, Azərbaycan tərəfi “Atletiko”ya narahat olmamaq mesajını göndərib. Məlumata görə, “Baglan Group” “Atletiko” rəsmilərinə bildirib ki, onlar Suaresin alınması üçün kluba 6 milyon avro verməyə hazırdılar. Maraqlıdır ki, bu pul kluba təmənnasız bağışlanacaq.
Həmin məlumatın sonradan “Bakı” klubu tərəfindən təkzib edilməməsi “Hafka”nın belə bir niyyətinin olduğunu təsdiqləyir. Azərbaycan futbolunun özünü Avropa arenasında təsdiq etməsi üçün Hafiz Məmmədovun rəhbəri və sponsoru olduğu klubu daha yaxşı yerlərə gətirmək əvəzinə ispan klubuna təmənnasız pul bağışlamaq istəməsinin hansı məntiqə sığdığına qoy oxucular qərar versin.
Bəs ümumiyyətlə, “Hafka”da bir futbolçu üçün əcnəbi kluba 6 milyon avro bağışlayacaq qədər sərvət hardandır? Bu, onun artıq sıradan bir iş adamından mühüm bir oliqarxa çevrildiyini göstərmirmi? Əlbəttə, göstərir. Xüsusən də əgər həmin iş adamının necə qazandığına dair çoxsaylı iddialar varsa!
Məsələn, Hafiz Məmmədovun adı indiyədək Gürcüstan vasitəsilə Ermənistana neft satmaqdan tutmuş qeyri-leqal yollarla Azərbaycanın neft sektoruna sızmasına qədər bir çox qalmaqallarda hallanıb. Hər halda onun neft, nəqliyyat, inşaat kimi sahələrdə əksər vaxtlarda heç bir tendersiz, ya da formal tender yolu ilə ciddi mövqelərə sahibləndiyinə dair fikir birmənalıdır.
Bütün bunlar isə “Baglan Group” prezidentinin qısa zamanda hədsiz zənginləşməsinin önünü açıb. İş o yerə çatıb ki, indi Hafiz Məmmədov özünü hansısa Avropa klublarına sponsorluq edən, onlara ulduz futbolçu transfer etdirən dünya çaplı oliqarxlar kimi aparır. Bu qədər “şişmək” üçün həddən artıq geniş maliyyə imkanlarına malik olmaq lazımdır, Azərbaycan reallığında isə buna leqal yollarla nail olmağın mümkünsüzlüyünü hər kəs başa düşür.
“Hafka”nın offşor zonalara maraq göstərməsi də bu iş adamının pullarının qeyri-leqal qaynaqlar hesabına çoxaldığını söyləmək üçün ciddi əsaslar yaradır. Məsələn, elə bu günlərdə məlum oldu ki, Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün 2007-ci ildən başlayan işlərə ayrılan yüz milyonlarla dolların bir hissəsi məhz Hafiz Məmmədovun offşor hesab edilən zonada qeydiyyatdan keçmiş şirkətinin kassasına axacaq. Belə ki, Hafiz Məmmədov “Baghlan Oil Recovery” fdlı MMC yaradıb və bu müəssisə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən “Baghlan Group FZCO” şirkətlər qrupunun tərkibinə daxildir. Fəaliyyət istiqamətləri neftlə çirklənmiş torpaqların təmizlənməsi və əldə olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılıb satılmasıdır. Əgər nəzərə alsaq ki, neftlə çirklənmiş ərazilərin təmizlənməsi kifayət qədər bahalı prosesdir və bir hektar ərazini təmizləmək 100-200 min dollara başa gəlir, o zaman Hafiz Məmmədovun pay aldığı məlum layihədən nə qədər pul qatlayacağını təxmin etmək çətin deyil.
Bundan başqa, “Hafka”nın son vaxtlar bank biznesini də çiçəkləndirdiyi barədə məlumatlar gəlir. Onun “Bank of Azerbaijan” bankını satın alması həmin iddiaların doğruluğunu təsdiqləməklə yanaşı, Hafiz Məmmədovun çoxşaxəli biznes imperiyası yaratmaqda olduğunu və hətta bir çox oliqarxlarla müqayisədə daha güclü gəlir qaynaqlarına yiyələndiyini əminliklə söyləmək üçün əsas yaradır.
Ümumiyyətlə, məlumatlı mənbələr Hafiz Məmmədovun çoxlarının təsəvvür edə bilməyəcəyi qədər ciddi sərvətlərə sahib olduğu fikrində həmrəydirlər. Məsələn, onun xaricdə yaşayan oğlunun dünyanın ən bahalı avtomobil markalarından ibarət “maşın kolleksiyası”nın olduğu iddia edilir. Hansı ki, kolleksiyadakı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.
İş adamının özünün isə bahalı tətillərə hədsiz aludə olduğu, dünyanın ən məşhur brendlərinin məhsullarına həvəs göstərdiyi, planetin bir çox məşhur şəhərlərində dəbdəbəli mülklər aldığı da səslənən iddialar arasındadır.
O da istisna edilmir ki, kapital baxımından bu qədər güclənməsi sonradan “Hafka”ya problemlər də yaratmağa başlasın. Onun “biznes imperiyası”nın hədsiz güclənməsi, faktiki olaraq oliqarx statusuna yüksəlməsi bəzi iqtidariçi çevrələrdə narahatlıqlar yarada, onları iş adamının önünü kəsməyə məcbur edə bilər. Əks halda kapital sarıdan bir çoxlarını əzmək gücünə malik olan Hafiz Məmmədovun sonradan hansısa önəmli oliqarxlardan birinin postuna göz dikməsi tamamilə realdır.
Hər halda keçmiş illərin təcrübəsi göstərir ki, istəyir yüksək vəzifəli şəxs olsun, istərsə də geniş sərvətlərə malik iş adamı - hər bir halda qarşısıalınmaz sürətlə irəli getmək bəzən əks effekt verir, müəyyən nigarançılıqlara yol açır və sonucda həmin şəxs vəzifəsini, biznes mövqelərini itirmək təhlükəsini yaşayır. Hətta bəzən itirilən illərcə yığılan var-dövlət də olur. Biz hələ bir çoxlarının bütün bunlar azmış kimi, azadlıqdan da məhrum olmasını, ölkədən getmək məcburiyyətində qalmasını demirik.
Hafiz Məmmədovun da oxşar ssenarilərdən birini yaşayacağını, yoxsa öz “biznes imperiyası”nın daha da böyüməsi üçün iri addımlar atmağa davam edəcəyini isə zaman göstərəcək.

Geri qayıt