Əsas Səhifə > Sosial, Manşet > SALYAN İSTEHLAK CƏMİYYƏTİNİ KİMLƏR TALAN EDİR?

SALYAN İSTEHLAK CƏMİYYƏTİNİ KİMLƏR TALAN EDİR?


16-05-2013, 10:06
SALYAN İSTEHLAK CƏMİYYƏTİNİ KİMLƏR TALAN EDİR?
CƏMİYYƏTİN ÜZVLƏRİ MALİYYƏ MAXİNASİYALARINDAN NARAHATDIR

Hələ sovetlər dönəmindən Salyan Rayon İstehlak Cəmiyyətləri İttifaqı (RİCİ) rayonda, necə deyərlər, “bal tutanların barmaq yaladığı” idarə olub. Təsadüfi deyil ki, RİC -nin o zamankı sədri, rayonda hamının “Mirzəyev” deyə çağırdığı mərhum Böyükağa Mirzəyev Azərbaycanın ən varlı adamlarından sayılırdı.

B. Mirzəyevdən sonra cəmiyyətin rəhbəri bir neçə dəfə dəyişsə də, sonuncu sədr Elşad İsmayılov talançılığına görə rekord qıraraq, hamını geridə qoymaqla sələflərinin atasına rəhmət oxutdurub. O, bu vəzifəyə 2010-cu ildə o zamankı icra başçısı, sabiq hərbi komissar Əliağa Hüseynovun təşəbbüsü ilə təyin olunub. Əslində Salyan ictimaiyyəti Ə. Hüseynovun bu təyinatını onun ən uğursuz addımlarından hesab edir.

E. İsmayılov buna qədər Salyan tədarük kontorunun müdiri olub və dövlət əmlakının “pripiska” yolu ilə mənimsənilməsində ad çıxarıb. İş o yerə çatıb ki, kontorun anbarları, təsərrüfatı və çörək sexi onun tərəfindən su qiymətinə özəlləşdirilib. Hazırda həmin anbarlar ayı 5 min manata iranlı iş adamlarına icarəyə verildiyi halda, ona görə vergi ödənilmir.

E. İsmayılovun RİC -də ilk addımı idarəsini cəmiyyətdən təcrid ertmək olub. Belə ki, o, idarənin küçədən olan qapısını qapadaraq, kabinetinə həyətdə açdığı toyuq saxlanan sexdən girir və buradan da çıxır. Cəmiyyətin kollektiv mülkiyyətdə olan əmlakını sənəddə su, əslində isə bazar qiymətinə satır.

Payçılardan xəlvət aparılan bu talanlara göz yumduğu, daha doğrusu, baş verənləri icra başçısı Tahir Kərimovdan gizlətdiyi üçün RİC sədri Salyan RİH başçısının müavini Hüseynqulu Mənsimova şəhərin mərkəzindən mağaza bağışlayıb. H. Mənsimov da həmin obyekti sökdürərək, yerində ikimərtəbəli supermarket inşa etdirib.

E.İsmayılova iştah necə güc gəlibsə, idarəyə gələn, Mirzəyevin çəkdirdiyi 500 metrlik qaz borusunu və Azərbaycan bayrağı asılan dəmir borunu da kəsib satıb və balansdan çıxarıb. İdarənin həyətində olan 25 metrlik qazanxana borusunun satış məqsədilə sökülməsi isə tragikokomediya mövzusu olub. Belə ki, metal alıcılarının kəsdiyi nəhəng boru aşaraq “Qonaq evi”nin damını dağıdıb. Artıq idarənin həyətində ayaq qoymağa yer tapmaq müşkülə çevrilib.

Ətrafdakı sakinlərə radiasiya saçmasına baxmayaraq, “Azərcell”ə ötürücü antenna quraşdırmaq üçün idarənin həyətindən yer verib. Aylıq icarə haqqı 250 manata razılaşılsa da, sənədlərdə 25 manat göstərilib. Cəmiyyətə məxsus 52AA 076 dövlət nömrə nişanlı “QAZ-24” markalı avtomaşınla sürücüsü Elşada məxsus çörək sexindən satış nöqtələrinə çörək daşınır. Sürücünün əmək haqqı və yanacağı isə idarənin hesabına ödənilir.

Qısa vaxtda Salyan İstehlak Cəmiyyətini talan edən E. İsmayılov rayonun kölgədə gizlənmiş ən varlı adamına çevrilib. O hətta adı bizə bəlli olan deputatla və arxalı bir biznsmenlə şərikliyə girərək, Salyan şəhərində, Bakı-Astara yolunun üstündə çoxmərtəbəli bina inşa etdirir . Onun saysız-hesabsız obyektlərində isə dövlətə qanuni vergi və sosial ödəmələr çox aşağı səviyyədədir. Qızıl rus sikkəsi- “imperial” yığmaq həvəskarı olan E. İsmayılov Salyanda gəlirinə görə ən az vergi ödəyən şəxsdir. Cənabın rayonda gördüyü ən böyük “xeyriyyəçilik” aksiyası isə onu bu vəzifəyə gətirmiş deputat Əliağa Hüseynovun fermasındakı toyuqlara təmənnasız dən daşımasıdır. Bu hesaba E. İsmayılov özünü rayondakı hüquq-mühafizə orqanlarına deputatın “sağ əli” kimi təqdim etməklə toxunulmazlıq qazanıb.

Cəmiyətin səhimdarları neçə ildir iclaslara dəvət olunmadıqlarından, heç bir məsələdə onların fikirlərinin öyrənilmədiyindən, gəlirlərdən səhm payı almadıqlarından şikayətçidir. Onlar bildirir ki, bu deyilənlər hələ “jurnaldı”, yaxın zamanlarda RİC -də baş verən talançılıqla bağlı ortaya müdhiş faktlar qoyacaqlar.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədil ilə Elşad ismayılova telfon açdıq və bizə daxil olan məktubun məzmunu ilə onu tanış edib, fikirlərini öyrənmək istədik. O, bəzi məqamları dolayı yolla təsdiqləsə də, maliyyə maxinasiyaları barədə deyilənləri yalanladı və müraciət müəlliflərini qərəzlilikdə ittiham etdi: “İndiyə qədər müəssisənin səhmdarlarına divident ödənilməyib, səbəbi də odur ki, cəmiyyət gəlirlə işləmir. Əgər ortada fəaliyyət yoxdursa, gəlir əldə edilməyibsə, kimi çağırmalıyam, nəyi müzakirə edə bilərik? Mənimsəmə, vergidən yayınma və digər qanunsuz əməllər barədə deyilənlər isə doğru deyil.” infom.az

Geri qayıt