Əsas Səhifə > Partiya > "ƏLİMİZDƏ VİDEOKADRLAR VAR"

"ƏLİMİZDƏ VİDEOKADRLAR VAR"


16-05-2013, 10:20
"ƏLİMİZDƏ VİDEOKADRLAR VAR"
DİA.AZ hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun publika.az saytına verdiyi müsahibəni təqdim edir:

- Özünü YAP-ın qurucularından hesab edən keçmiş deputat Maksim Musayev “Yeni Müsavat” qəzetinə müsahibəsində hakim partiyanın bir neçə məsul şəxsi və partiya haqqında ağır fikirlər bildirib. Həmin fikirlərlə tanış olmusuz?
- Maksim Musayevin müsahibəsi ilə tanış oldum, orada tarix tamamilə saxtalaşdırılıb. Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında Maksim Musayevin heç bir rolu yoxdur. "91-lər" deyilən şəxslərin sırasında onun adına rast gəlinmir. O, "91-lər"dən olan Əli Əhmədov haqqında olmazın fikirlər söyləyib. Bütün bu fikirlər tamamilə səhvdir və həqiqətə uyğun deyil. Onun bu cür fikirləri YAP-a hörmətsizlik nümayiş etdirmək deməkdir. Bu yaşında Musayevə tövsiyə etməzdim ki, bu cür səhv addımlar atsın. O müsahibəsində deyir ki, guya YAP-ın təsis konfransında cəmi 3 nəfər adam çıxış edib. Necə ola bilər axı? YAP-ın təsis konfransında Kərim Kərimov, Şirvan Əbilov və digər neçə-neçə adamlar çıxış ediblər. Maksim Musayev, axı niyə saxta və yalan çıxışlar edərək cəmiyyəti aldadırsan?

Sonra o, Əli Əhmədov haqqında bir sıra fikirlər söyləyib. Əli Əhmədov o vaxt universitetdə müəllim idi və "91-lər"in müraciətinə imza atmışdı. Ancaq Maksim Musayev Milli Məclisdə deputat idi. Təsəvvür edin ki, Heydər Əliyevin rəhbərliyi vaxtında bir neçə rayonda katib vəzifəsində çalışan Musayev sonralar "91-lər" adlanan sənədə imza atmadı. İndi də durub deyir ki, "mən Heydər Əliyevçiyəm". Bəs Heydər Əliyevçi idinsə, o zaman niyə imza atmadın?

- Müsahibədə Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlərə dəvət olunmamasından da şikayətlənib...
- Deyir ki, Heydər Əliyevin 90 illik yubileyinə onu dəvət etməyiblər. Məgər 90 illiyi YAP keçirirdi? Bütün bunlara görə də hesab edirəm ki, YAP-a aid olmayan bu kimi insanların kiminsə adını çəkməsi yolverilməzdir.

Ona demək istəyirəm, əgər Heydər Əliyevi müdafiə edirdinsə, o zaman Milli Məclisdə Heydər Əliyevin adını çəkərdin, niyə Etibar Məmmədovun adını çəkib namizədliyini irəli sürdün? Tarixdən də məlumdur ki, 1992-ci ildə İsa Qəmbər Milli Məclisin sədri seçilən vaxtda Eldar İbrahimov, Arif Rəhimzadə və digərləri parlamentdə ayağa qalxaraq Heydər Əliyevin namizədliyini irəli sürdülər. Ancaq Maksim Musayev Etibar Məmmədovun namizədliyini irəli sürdü. Bütün bunların yazılı videokadrları da var, kim istəsə, həmin kadrlara ona təqdim edə bilərik.

- Maksim Musayev müsahibəsində həmçinin bildirir ki, 2000-ci ildə deputatlığa namizədliyini irəli sürməyi siz ondan xahiş etmisiz. Bu doğrudur?
- Bəli, mən ona zəng edib demişəm ki, YAP sənin deputatlığa namizədliyini Xətai rayonundan irəli sürür. Get Xətai rayonunda məşğul ol. Bu da elə başa düşüb ki, kommunist dövründə olduğu kimi namizədliyini verən kimi seçəcəklər. Deputat seçilmək üçün gərək bütün qüvvəni səfərbər edəsən, seçicilərin qapısına gedib onlarla görüşəsən, seçici ilə əlaqə saxlayasan və sairə. Adamı elə-belə, qara qaşına, qara gözünə aşiq olub seçmirlər. Bu, SSR Ali Sovetinə seçki deyil ki, sənin adın irəli sürüldüsə, mütləq seçilməlisən. Orada rəy seçicinindir. Seçici onu seçmirsə, biz seçicini məcbur edə bilmərik.

Mən bir daha söyləyirəm ki, Maksim Musayev "91-lər"dən deyil, onların siyahısı var. O, "91-lər"in müraciətinə imza atmayıb. O vaxtı onun yaşı da, vəzifəsi də imkan verirdi ki, imza atsın, ancaq qorxduğu üçün bunu etməmişdi. Yəni çox adam YAP haqqında çox şey deyə bilər, ancaq tarixi faktlar var.

Mən ilk gündən YAP-ın sırasındayam, bu partiyanın yaranmasında yaxından iştirak etmişəm. O vaxt Naxçıvanda YAP Təsis konfransında iştirak edərək Nəzarət Təftiş Komissiyasına üzv seçilmişəm. Bütün bunların hamısı protokollarda da var. Amma o zaman Maksim Musayev YAP təsis konfransına dəvətli belə deyildi. Kimlərinsə xahişi ilə gəlmişdi. Kimin xahişi ilə gəldiyini də yaxşı bilirəm. Zalda da ən axırda gedib oturmuşdu. Ancaq birinci və ikinci sıralarda Ziya Bünyadov, Fərəməz Maqsudov və digər qonaqlar əyləşmişdilər. Maksim Musayev isə heç qonaq da deyildi. Bütün bunlara görə də tarixi saxtalaşdırmaq olmaz. Kimsə bunu saxtalaşdırsa belə, biz nəyin necə olduğunu çox yaxşı bilirik.

- Yəqin oxudunuz, Maksim Musayev başqa partiyalardan YAP-a qoşulanların vəzifəyə irəli çəkilməsindən də şikayətlənir...
- Vallah, bir-iki nəfəri çıxmaq şərtilə başqa partiyalardan bizə heç kəs qoşulmayıb. Əli Əhmədov isə YAP yaranmamışdan əvvəl "91-lər"in müraciətinə imza atıb, Heydər Əliyevi dəvət ediblər ki, gəl siyasi partiya yarat. İndi bu necə başqa partiyada ola bilər?

"91-lər"dən 56 nəfəri Milli Məclisin deputatı, 2 nəfəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub. İndiki Bakı meri Hacıba Abutalıbov da "91-lər"dəndir. Onlardan nə qədəri nazir postunda və digər dövlət vəzifələrində olublar, Milli Məclisin sədri seçiliblər.

"91-lər"in hər birinə böyük diqqət və qayğı göstərilib, o adamlar narazılıq edib deyirlərsə ki, "mən 91-lərdənəm", o adamlar "91-lər"dən deyil, yalandan özlərini elə təqdim edirlər. Bu adam "91-lər"in yanından heç avtomobillə belə keçməyib.

- Bəs Sirus Təbrizi nə üçün YAP-dan narazılıq etməyə başladı?
- Sirus Təbrizi də "91-lər"dən olub. Ona yüksək diqqət və qayğı göstərilib. Nazir, 2 dəfə Milli Məclisin komitə sədri olub, bundan artıq nə edilməlidir? Sirus Təbriziyə heykəl qoyulmalıdır?

Geri qayıt