Əsas Səhifə > Güney Press, Araşdırma > "QAFQAZ ƏMİRLİYİ"NDƏN AZƏRBAYCANA GƏLƏN TƏHLÜKƏ

"QAFQAZ ƏMİRLİYİ"NDƏN AZƏRBAYCANA GƏLƏN TƏHLÜKƏ


16-05-2013, 10:58
"QAFQAZ ƏMİRLİYİ"NDƏN AZƏRBAYCANA GƏLƏN TƏHLÜKƏ
İki ildən artıqdır ki, Suriyada davam edən vətəndaş müharibəsinin təsirləri bu ölkə sərhədlərindən kənarda da getdikcə daha aydın hiss olunmaqdadır. Məsələnin narahatlıq yaradan tərəflərindən biri isə müxtəlif ölkələrdən, hətta Avropadan döyüşmək üçün Suriyaya üz tutanların sayının artmasıdır.
Hazırda Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən silahlı ekstremist qruplaşmaların tərəfində Böyük Britaniya, Belçika, Fransa, Hollandiya və 10 digər Avropa ölkəsindən olan gənc ekstremistlər də döyüşürlər.Qəzet qeyd edir ki, bu gün Suriyada hökumət ordusuna qarşı döyüşən bu cavan avropalılar ölkələrinin rəhbərliklərini çox narahat edir.
Belə ki, adları sadalanan Avropa ölkələrində narahatdırlar ki, bu radikal "döyüşçülər” ölkələrinə qayıtdıqdan sonra ektremist fəaliyyətlərini davam etdirəcəklər. Xatırladaq ki, sözügedən problem Azərbaycan üçün də getdikcə aktuallaşır.
Qeyd edək ki, bu günlərdə Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştirak edən Azərbaycan vətəndaşının videosu yayılıb. "Youtube”da yayımlanan videoda mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırıb.
Suriya mücahidlərinə qoşulan Rəşad adlı şəxsin atası Zəkəriyyə Məmmədov isə ANS-ə açıqlamasında bunları deyib: "Bu mənim oğlumdur, Məmmədov Rəşad Zəkəriyyə oğlu. Hal-hazırda Suriyadadır, Suriyada cihad eləyir. Allah üçün, müsəlmanları müdafiə üçün cihad edir”.
Nə qədər təəccüblü səslənsə də, Suriyada mücahid hərəkatına qoşulan Zaqatalanın Muxax kənd sakinlərinin valideynləri bu fikirdədir. Qeyd edək ki, Suriyada son vəziyyətlə bağlı "YouTube”da yayımlanan silahlıların döyüşdən əvvəlki andiçmə mərasimində Zaqatala sakinlərinin həmin silahlı birləşmələrin tərkibində olan görüntüləri yayılıb. Görüntülərdə övladlarının olduğunu təsdiqləyən valideynlər isə fevral ayının 14-də 4 nəfərin bu məqsədlə rayonu tərk etdiyini söyləyiblər.
Azad Suriya ordusunun tərkibində cihad edən silahlı birləşmələrdə oğullarının iştirakını təsdiqləyən valideynlər bildiriblər ki, onlar övladları ilə internet vasitəsi ilə əlaqə saxlayırlar. Silahlı birləşmələrə rəhbərlik etdiyi deyilən rayon sakini Vahid Məmmədovun videosunda onun digər döyüşçülərə nisbətən fərqli geyimdə və üzərində daha çox silah-sursat olması da görünür. Valideynləri onun hərbi xidmətdə xüsusi bölmədə hava hücumundan müdafiə sahəsində qulluq etdiyini bildirir. Ona məxsus hərbi biletdə də bu barədə rəsmi qeydiyyat aparılıb.
Bütün bunlar yeniyetmə və gənclərin müəyyən təsirlər altına düşərək zərərli yola düşməsinin real göstəricisidir. Belə təsir yaradan qrupların əsas mərkəzi isə Şimali Qafqazda, o cümlədən qonşu Dağıstanda yerləşir. Onlar sırasında «Qafqaz əmirliyi»nin adı daha çox qeyd edilir. Tanınmış amerikalı politoloq Qordon Han xatırladır ki, Şimali Qafqaz artıq qlobal cihad hərəkatının bir hissəsinə çevrilib. Onun sözlərinə görə, «Qafqaz əmirliyi»ndən gələn terror təhlükəsi artıq qlobal xarakter daşımağa başlayıb: «Qafqaz əmirliyi» dini ekstremizmi, separatizmi təbliğ edən beynəlxalq terror təşkilatıdır».
Onun sözlərinə görə, «Qafqaz əmirliyi», onun göstərişi ilə hərəkət edən cihadçılar Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün təhlükə yaradırlar. Düzdür, indiyə qədər belə təhlükələrin qarşısı Azərbaycanın müvafiq orqanları, o cümlədən Milli təhlükəsizlik Nazirliyi tərəfindən effektiv şəkildə alınıb. Lakin təhlükənin tam sovuşduğunu da demək olmaz. Digər tərəfdən Azərbaycandan artıq cihad adı altında Suriyaya döyüşmək üçün gedənlərin olması da gənclərin müəyyən hissəsinin hələ də kənar təsir altına düşdüyünü göstərir. Qeyd edək ki, bu günlərdə məsələyə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən də münasibət bildirilmişdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev qeyd etmişdi ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlik rəsmisi onu da bildirib ki, dövlət təhlükəsizliyinə nəzarət olunur. Lakin istənilən halda Azərbaycan üçün təhlükə yaradan qrupların fəaliyyətinin daha çox diqqət mərkəzində sazlanması olduqca mühümdür.
\ movqe \
Geri qayıt