Əsas Səhifə > Dünya > DİKTATOR HƏBSXANADA ÖLDÜ
DİKTATOR HƏBSXANADA ÖLDÜ18-05-2013, 11:45 |
O, ÖMÜRLÜK HƏBS CƏZASI ALMIŞDI Argentinanın sabiq diktatoru Xorxe Rafael Videla ötən gün paytaxt Buenos-Ayresdə 87 yaşında dünyasını dəyişib. O, bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə bir neçə ömürlük həbs cəzasını çəkdiyi həbsxanada vəfat edib. Ölümün təbii səbəblərdən baş verdiyi bildirilir. Qeyd edək ki, Xorxe Rafael Videla 1976-cı ildə Argentinada hərbi çevrilişdən sonra hakimiyyətə gəlmişdi. O hakimiyyətə gələn kimi parlament buraxılmış, komendant saatı tətbiq edilmiş, siyasi partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti dayandırılmış, ölkədə repressiyalar başlamışdı. Videla müxalifətin sərt şəkildə əzilməsi siyasəti aparmış və bu siyasət "çirkli müharibə" adını almışdı. Bəzi məlumatlara görə, on minlərlə adam bu siyasətin qurbanı olub. Xunta tərəfdarları siyasi məhbus olan qadınların əlindən körpələrini alır və zabit ailələrinə verirdilər. Xorxe Rafael Videla ötən il məhz bu cinayətə görə təqsirli bilinərək, 50 il müddətinə də həbs cəzası da almışdı. Geri qayıt |